Sahibkara iki yük - biri qanuni, biri
qanunsuz
Dövlət öz öhdəliyinin yerinə yetirilməsini sahibkarların üzərinə atır
22 faizlik sosial vergini ödəyən sahibkar əmək qabiliyyətinin müvəqqəti
itirilməsinə görə müavinət ödəməməlidir
Azərbaycanda yaşanan problemlər təkcə məmur özfəaliyyətindən deyil, həm də
qanunlardakı ziddiyyətli məqamlardan qaynaqlanır. Qanunların hazırlanması və
qəbulu prosedurunun iştirakçılarının bu qanunlara münasibəti son nəticədə
qanunların özündə büruzə verir. Bu da qanunların aliliyi haqqında fikirlərə
xələl gətirir.
Qanunun icrasını təmin etməyə məsul olan orqanların qanunların hazırlanmasında
fəal iştirakı və qanunvericilik sənədlərinin onlara sərf edən şəkildə qəbuluna
təsir göstərmək imkanlarının böyüklüyü son nəticədə belə halların yaranmasına
səbəb olur. Bu yazıda deyilənləri təsdiq edən nümunələrdən birinə baxılacaq.
2005-ci il yanvarın 1-dən qüvvəyə minən "Azərbaycan Respublikasının Dövlət
Sosial Müdafiə Fondunun 2005-ci il büdcəsi haqqında" 3 dekabr 2004-cü il tarixli
qanunun 8-ci maddəsində sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti
itirilməsinə görə hesablanmış müavinətin ilk 14 günlük məbləğinin sığortaedənin
vəsaiti hesabına ödənilməsi qaydası müəyyən edilib. İlk baxışdan adi görünə
biləcək bu hal əslində qanunların qəbulu prosesində baş alıb gedən
məsuliyyətsizliyin və özəl maraqların göstəricisidir.
"Sosial sığorta haqqında" 18 fevral 1997-ci il tarixli qanuna əsasən sosial
sığorta vətəndaşların əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin
kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş
təminat formasıdır. Qanunun 3-cü maddəsinə əsasən sosial sığortanın
prinsiplərinə ümumilik, müntəzəmliyə dövlət təminatı, subyektlərin hüquq
bərabərliyi, dövlət sosial sığortasının məcburiliyi və işçilərə əmək
qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi aiddir. Qeyd edək ki,
qanuna uyğun olaraq sosial sığorta hadisələrindən biri də əmək qabiliyyətinin
müvəqqəti itirilməsidir (maddə 4).
Sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ilk
14 günlük məbləğinin sığortaedənin öhdəsinə qoyulması qanunvericiliyin bir sıra
müddəalarına zidd olmaqla yanaşı, həm də sosial sığortanın subyektlərin hüquq
bərabərliyi prinsipinin pozulmasıdır. Belə ki, "Sosial sığorta haqqında" qanuna
əsasən sığortaedən (müəssisə, sahibkar və s.) hesablanan əməyin ödənişi fondunun
22 faizi həcmində məcburi dövlət sosial sığorta haqqı hesablamalıdır. Əlavə
olaraq əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməli müavinətin
əsas hissəsinin də müəssisənin və ya sahibkarın üzərinə yüklənməsi subyektlərdən
birinin digərinin hüquqlarını kobud surətdə pozmasıdır. Burada subyektlərdən
biri olan dövlət öz hegemon mövqeyindən istifadə edərək öz öhdəliyini başqasının
- sığortaedənin üzərinə atır.
Deyilənlərdən məqsəd müəssisənin və ya sahibkarın öz hesabına ödəyəcəyi müavinət
müqabilində hansı maliyyə itkilərinə məruz qala biləcəyini şərh etmək deyil.
Onsuz da onların qeyri-rəsmi olaraq hansı ödənişlər hesabına sahibkarlıqda duruş
gətirdiyi hamıya məlumdur. Heç dövlətin həmin yenilik hesabına varlanacağı da
gözlənilən deyil. Söhbət ondan gedir ki, sosial sığortanın prinsiplərindən biri
kobud surətdə pozulur və bu pozuntu qanun səviyyəsinə yüksəldilir. Müəssisə və
ya sahibkar hesablanmış əməyin ödənişi fondunun 22 faizi həcmində məcburi dövlət
sosial sığorta haqqını ödəməklə öz öhdəliyini yerinə yetirmiş olur. Bunun
üstündən onlardan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə işçiyə
müavinət ödənilməsini tələb etmək heç bir məntiqə sığmır.
Yazının əvvəlində qeyd etmişdim ki, adıçəkilən müavinətin ödənilməsinin müəssisə
və ya sahibkarın üzərinə qoyulması qanunvericiliyin bir sıra müddəalarına da
ziddir. Həmin ziddiyyətlərdən yalnız birinə diqqət yetirmək kifayətdir.
Azərbaycan Konstitusiyasının "Vergilər və başqa dövlət ödənişləri" adlanan 73-cü
maddəsinin 2-ci bəndində göstərilir: "Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar
olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri
ödəməyə məcbur edilə bilməz." Lakin artıq qeyd etdiyim kimi, müəssisə və ya
sahibkar sosial sığorta haqqında qanuna uyğun olaraq öz öhdəliyini yerinə
yetirdikdən sonra əlavə olaraq dövlətin öhdəliyini də yerinə yetirməyə məcbur
edilir.
Deyilənlər qanunların hazırlanması və qəbuluna məsuliyyətsiz yanaşma
nümunələrindən biridir. Tutaq ki, müavinət ödənilməsi öhdəliyinin sığortaedənin
üzərinə qoyulması maddəsinin qanuna salınması təşəbbüsü ilə çıxış edən Dövlət
Sosial Müdafiə Fondu olub və orada bu müddəanın anormallığını başa düşməyə
savadı çatan birisi tapılmayıb. Amma axı qanun qüvvəyə minənə qədər bir neçə
instansiyadan keçib. Məhz həmin instansiyalarda qanunvericilik aktlarına
başdansovdu münasibət sonda belə zidiyyətli məqamların meydana çıxması ilə
nəticələnib.
Təhmasib Hüseynli tahmasibh@yahoo.com
"Azadlıq" jurnalı, №2, 11 iyul 2005-ci il