Heydər Əliyev - ölüm missioneri

SMERŞ təşkilatının işçisi olan Əliyev öz əli ilə neçə nəfəri qətlə yetirib?

Əliyevin öz etirafına görə, 1955-ci ildə əxlaqsızlığa görə onu vəzifəcə aşağılayıblar

Mərhum Heydər Əliyevin şübhəli və qaranlıq həyat yolları keçdiyi çoxdan bəllidir. Onun keyfiyyətlərindən danışarkən "qəddarlıq" həmişə önə çəkilib. YAP-çılar tərəfindən Azərbaycan xalqının qayğısına qaldığı iddia edilən Heydər Əliyevin həyatında elə məqamlar var ki, onun ümumiyyətlə, zərrə qədər mərhəmət hissinə malik olduğuna ininmaq olmur. Buna çox misallar çəkmək olar. Amma onun "ölüm" təşkilatında fəaliyyət göstərməsi faktı yəqin ki, bütün faktların ən dəhşətlisidir.

Beləliklə, 1923-cü ildə anadan olduğu iddia edilən Heydər Əliyev müharibə illərində "NKVD"-nin "SMERŞ" (rusca "Smert şpionam" - "Casuslara ölüm") təşkilatında işləyib. Özü də nə az, nə çox, bölmə rəhbəri. Bəzi mənbələr isə onun "SMERŞ"-də rabitəçi işlədiyini xəbər verirlər. Adından göründüyü kimi, bu təşkilat "casus" hesab etdiyi adamları öldürməklə məşğul olub. Qurum kommunist ideologiyasından fərqli düşünən adamlara da "casus" damğası vuraraq aradan götürürmüş. Bu təşkilatın missiyası və törətdiyi cinayətlər barədə bir qədər sonra. İndi isə

Əliyev "ölüm" təşkilatına necə gəlib

Azərbaycanın sabiq baş prokuroru Qambay Məmmədovun "Moskovskiye novosti" qəzetinə müsahibəsindən: "Əliyev müharibə vaxtı fərari olub. Müharibə başlayanda o bir neçə ay ərzində Sənaye İnstitutundan yoxa çıxaraq çağırışdan yayınıb. Sonra isə Naxçıvanda peyda olub və əlində arayış gətirib ki, guya o, vərəmin açıq formasına tutulub. Hərbi çağırışdan bu yolla yayınandan sonra Əliyev arxivdə kuryer işinə düzəlib. Beləcə bir neçə il gəzib-dolaşıb və sonra qəfildən "tamamilə sağalaraq" "NKVD"-də işə düzəlib..." Pleyboy təkcə İlham deyilmiş

Q.Məmmədovun sözlərinə görə, 1950-ci illərdə bu faktın üstü açılıb. Xüsusi komissiya Əliyevin partiyadan xaric edilməsini və məhkəməyə verilməsini tələb edib. Həm də təkcə fərariliyə görə yox, eyni zamanda "əxlaqsız hərəkətlər"ə görə. Belə ki, komissiya aşkara çıxarıb ki, Əliyev gizli iş mənzilindən kəşfiyyat orqanlarının agenti olan bir qadınla intim görüşlər üçün istifadə edirmiş. Bu barədə elə həmin orqanlara qadının özü məlumat verib. Heydər Əliyev bu cəzalardan ona görə yaxasını qurtara bilib ki, onu Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İmam Mustafayev himayə edib.

Maraqlıdır ki, Əliyev şəxsən özü jurnalist Andrey Karaulovla söhbətində etiraf edib ki, ailə qurmazdan öncə həqiqətən də "KQB" agenti olan bir qadınla "işdən kənar əlaqə"də olurmuş və buna görə də onu "əxlaqsızlıq" ittihamı ilə daha aşağı vəzifəyə keçiriblər və 1955-ci ildə partiya qaydasında cəzalandırıblar. Bu da insanları mənəviyyata çağıran Heydər Əliyevin fərari dosyesi. İndi isə qəddarlıq dosyesi ilə tanış olun.

Əliyevin "ölüm maşını" hansı işlərə yarayıb

Heydər Əliyevin can-başla qulluq etdiyi SMERŞ-in nə olduğunu aydınlaşdıraq. Artıq qeyd etdiyimiz kimi, adı "Smert şpionam" sözlərindən formalaşmış bu qurum əks-kəşfiyyat strukturu adı altında işləyib. Qurumun vəzifəsi ordu hissələrini izləmək və fərarilik edən və ya etmək istəyən əsgərləri öldürməkdən ibarət olub. SMERŞ həmçinin əsirlikdən azad edilmiş əsgərləri də "süzgəc"dən keçirməklə məşğul olub. Bundan əlavə, təşkilat faşist işğalından azad edilmiş ərazilərdə əhalini də "tərbiyələndirirmiş". Hətta SMERŞ "NKVD" daxilində işçilərin də cəzalandırılması üçün istifadə edilirmiş. Bu dəhşətli təşkilat kiminsə kommunist ideologiyasından fərqli düşündüyünü və ya hansısa planda iştirak etdiyini güman edibsə, elə həmin həftə ərzində o şəxs həbs edilib. Sonra isə onu Heydər Əliyev kimilərin əli ilə vahiməli işgəncələr, bəzi hallarda başdansovdu məhkəmələr və güllələnmə haqlayıb. SMERŞ əməkdaşları həmçinin tez-tez xarici ölkələrdə "ikibaşlı" agentlərin aşkara çıxarılıb gizli yollarla, məsələn, zəhərlənmə və başqa "dinc" üsullarla öldürülməsi üçün də istifadə edilib. Rusiya mənbələrinin yazdıqlarına görə, SMERŞ-də işə qəbul edilən adamların psixoloji möhkəmliyini yoxlamaq üçün əvvəlcə onların özləri qarşısında insanlara ağlasığmaz işgəncələr verirmişlər, imtahandan uğurla çıxanlar gələcəkdə işgəncələrdə bilavasitə iştirak edirlərmiş. Bəzi mənbələrin təsdiqlədiyinə görə, Heydər Əliyev də belələrindən olub.

SMERŞ-dən ən iyrənc formada həm də cəbhə xəttində istifadə ediblər. Onlar "zaqradotryad" kimi istifadəyə yarayıblar. Bu zaman SMERŞ qüvvələri geri çəkilən sovet qoşunlarını güllələyib qırmaqla vəhşilik törədiblər. Bu təşkilat həmçinin SSRİ-dən kənarda da "xalq düşmənləri"nin tapılıb aradan götürülməsi ilə məşğul olub.

SMERŞ-də işləmiş şəxs öz əli ilə adam öldürmüş olmalıdır

SMERŞ-in fəaliyyəti ilə bağlı arxivləri araşdıran tarixçi Vasili Telitsın "SMERŞ" adlı kitabın müəllifidir. Əvvəllər ona elə gəlirmiş ki, SMERŞ sovet xalqını qoruyan dahi insanlardan ibarət olub. Amma tarixçi olandan və arxivləri araşdırandan sonra başa düşüb ki, bu təkcə casuslara deyil, həm də müstəqil düşünən insanlara qarşı vəhşi üsullarla mübarizə aparan bir təşkilat olub: "Bu təşkilatın başlıca vəzifəsi ordu və cəmiyyətdə fərqli düşüncənin kökünü kəsməkdən ibarət olub. Qəti demək olar ki, bu, əks-kəşfiyyat idarəsi deyil, repressiv qurum olub". Tarixçinin sözlərinə görə, SMERŞ-də heç olmasa, bir il işləmiş istənilən şəxs öz əli ilə neçə nəfərisə öldürmüş olmalıdır.

"Bəsdir, Əliyev" - bu qədər yaltaqlıq olmaz!

Beləliklə, illər uzunu xalqa məhəbbətdən, qayğıkeşlikdən danışan H.Əliyevin əslində hansı dəhşətli əməllərdən çıxdığı göz önündədir. Bu faktları araşdıran tarixçilərin sözlərinə görə, Əliyev bu vəzifə karyerasında özünə ilk növbədə yaltaqlıq vasitəsilə yol açıb. Məsələn, "Blaqovest" qəzetinin yazdığına görə, Bakıda Əliyev Brejnevin ünvanına o qədər tərif yağdırıb ki, sonda baş katibin əsəbləri tab gətirməyib. O vaxtlar Sov.İKP MK beynəlxalq informasiya şöbəsinin müdiri işləyən Valentin Falin sonralar xatırlayırmış ki, ağlasığmaz təriflərə əsəbləri dözməyən Brejnev bir neçə dəfə Əliyevin sözünü kəsərək "bəsdir, Əliyev",- deyə onun qarşısını almağa çalışıb. V.Falin xatırlayır ki, ertəsi gün Çernenko ona zəng edərək Brejnevin tapşırığını çatdırıb ki, Əliyevin çıxışlarının üçdə ikisini ixtisara salsın.

Əliyevin qoyub getdiyi mənəviyyatsız rejim

Beləcə, sonuncu dəfə hakimiyyətdə olanda da Əliyev Azərbaycanda "SMERŞ" qurmuşdu. Arxiv məlumatlarına görə, müharibə illərində SMERŞ 700 mindən artıq insanı müxtəlif formalarda cəzalandırıb, on minlərlə insanı öldürüb. Heydər Əliyev də öz hakimiyyəti illərində təxminən o qədər insanı zəlil günə qoydu - bəzilərini öldürtdürdü, digərlərini cürbəcür xəstəliklərədək "təqib etdi". Azərbaycan xalqı bu SMERŞ yetirməsinin işgəncələrinin acısını uzun illər unuda bilməyəcək.

O həmçinin insanlara qarşı əxlaqsız kampaniyalar quran iyrənc bir rejim qoyub gedib. İş yerində öz əxlaqsız davranışının üstü isə yuxarıda göstərildiyi kimi, 1955-ci ildə açılıb. Allah bilir, nə qədər üstü açılmayan əxlaqsızlıq əməlləri törədib. Belə bir adamın başladığı və onun pleyboy, qumarbaz və psixopat oğlu tərəfindən davam etdirilən etdirilən kampaniya elə bu adamların öz əxlaqının göstəricisidir.

"Azadlıq" jurnalı, №2, 11 iyul 2005-ci il