Soyğunçuluq dövlət siyasətinə çevriləndə

Azərbaycan hər gün bir addım inqilaba yaxınlaşır. İnqilab hər gün bir addım Azərbaycana doğru gəlir. Reforma, seçki yoluyla dəyişikliyə ümid bütünlüklə itdiyindən hamı Azərbaycanda inqilab gözləyir. İçdə də, dışda da, müxalifətdə də, hakimiyyətdə də hamı inqilab gözləntisi ilə yaşayır.

Polisdə, prokurorluqda, məhkəmədə, Ramiz Mehdiyevin birbaşa kurasiyasında olan icra hakimiyyətlərində, bütün bunların oxşarı olan dükan-bazarda, bir sözlə, hər yerdə, hər yerdə, hər yerdə qaçılmaz inqilab gözləntisi var.

Polis, prokurorluq, məhkəmə, icra hakimiyyəti - Ailə hakimiyyətinin bu başlıca dayaqları yalnız bütövlükdə, qıraqdan baxanda klan rejiminin dayaqları kimi görünür. "İçəri" girəndə, yaxından tanış olanda bütünlüklə başqa görüntü, başqa faktorla qarşılaşırsan. Ən qatı rüşvətxor da indi bu rejimdən cana doyub, boğaza yığılıb. Tanış büdcə işçilərindən biri yana-yana bildirirdi: "Heydər Əliyev subay idi, ölkəni təkbaşına soyurdu. Başqaları da ondan qorxub-çəkindiklərinə görə soyğunçuluğu bir az abırlı eləyirdilər. İndi bunlar kişili-arvadlı, itli-pişikli canımıza daraşıblar. Bütün ölkəni soyub-talayırlar, gözləri doymaq bilmir".

Baxın büdcə adamı, çinovnik nə deyir: "Canımıza daraşıblar". Bu adam başqa cür deməliydi: "Xalqın canına daraşıblar". Bu adam "canımıza daraşıblar" deyir. Bax, maraqlısı budur. Başlıca inqilab faktoru da bu görsənişə bağlıdır. İlham Əliyevin korrupsiyaçı hakimiyyəti bu gün yalnız xalqı soymaqla qalmır, özünün, ola bilsin, başlıca dayaqları sayılacaq çinovnikləri də soyur. Xalqı, ölkəni soymaqla Azərbaycanın milyardlarına yiyələnmiş Ailə indi bütünlüklə özünün çinovniklər ordusunu soymağa girişib. Özü də, yuxarıda deyildiyi kimi, kişili-arvadlı, itli-pişikli. Ortada olan görsənişlər, istər-istəməz adamı bir sonuca gətirir: Ailə qaçmağa hazırlaşır!

Əliyevlərin hansı ölkəyə qaçacaqlarını bəri başdan proqnozlaşdırmaq da olar. Bu, Böyük Britaniyadır. İlham Əliyev başda olmaqla Əliyevlər evlər, saraylar alıblar. Dünyadakı demokratikləşmə prosesləri gücləndikcə, Azərbaycandakı problemlər getdikcə daha da qabarıqlaşdıqca, buna uyğun olaraq antirejim çıxışları gücləndikcə Londondakı, eləcə də dünyanın başqa yerlərində alıb yığdıqları evlər Ailəyə daha çox "gəl-gəl" deməkdədir.

Bu gün ölkənin hər yerində antimilli, korrupsioner rejimin başçısına - Heydər Əliyevə anıtlar düzəldilir, muzeylər yaradılır. Burada ilginc olanı, H.Əliyevçi dövlətçilik prinsiplərinə uyğun gələni nədir? Yuxarıdan verilən tapşırığa uyğun olaraq H.Əliyevin adına olan bütün işlər "daxili imkanlar hesabına" görülür. H.Əliyevin qurduğu dövlətin hesabına yox, "daxili imkanlar hesabına". Nəyə görə? H.Əliyev gerçək bir dövlət formalaşdırmadığına görə H.Əliyevin formalaşdırdığı dövlət deyil. Quldur mexanizmidir - rüşvətə, korrupsiyaya, total soyğunçuluğa söykənən quldur mexanizmi. Elə buna görə də burada dövlət büdcəsi yerinə "daxili imkan" faktoru önə çəkilir. Dövlət büdcəsi İlham Əliyevlərin, Ramiz Mehdiyevlərin istənilən çağda yararlana biləcəkləri əlaltı saxlanclarıdır. Ayrı-ayrı yerlərə yerlərə bağlı "daxili imkanlar" isə hələ gerçəkləşdirilməmiş potensial qazanc qaynaqlarıdır. Bu necə olur? Büdcə işçilərindən, dükan-bazar adamlarından, deyək, H.Əliyevə anıt düzəltdirmək, ev muzeyi yaratmaq adı ilə pul yığılır. Yığılır, necə yığılır? Bir yerinə min almaqla. Bu işin necə, hansı axarla baş verdiyini İ.Əliyev də, R.Mehdiyev də gözəl bilir. Bildiklərindən onlara pay düşməyə bilərmi? Bəlli olduğu kimi, burada söhbət üç mindən, beş mindən yox, böyük-böyük pullardan gedir.

Beləcə, ölkədə H.Əliyev adına aparılan çeşidli işlər yeni bir korrupsiya-soyğunçuluq faktoruna çevrilmiş olur. Bütün bu işlərin də başında, bəlli olduğu kimi, antikorrupsiya komissiyasının sədri R.Mehdiyev durur. R.Mehdiyev bir də yaxınlarda keçiriləcəyi gözlənilən antidemokratik seçkinin başında durur. İnqilabı qaçılmaz eləyən biri də budur.

Xarakter-düşüncə baxımından bütünlüklə keçmişə, üstəlik, siyasi, ideoloji, fizioloji, lap elə agentura baxımından biryolluq Rusiyaya bağlı olan R.Mehdiyev necə olur-olsun bu ölkədə demokratik seçki keçirilməsinə yol verən deyil. İnqilab, inqilab, inqilab, bir daha inqilab yolu ilə bir iş görmək, ölkəni R.Mehdiyevlərin caynağından qurtarmaq olar.

İndiki inqilablar, bəlli olduğu kimi, qorxulu deyil - özünün demokratik xarakterinə, üstəlik, dünyada gedən demokratikləşmə prosesləri ilə uzlaşdığına görə. Burada başlıcası yetkin siyasi güc olaraq durumdan, situasiyadan gərəyincə yararlanmağı bacarmaqdır. Üç partiyanın yaratdığı "Azadlıq" bloku addım-addım inqilaba yaxınlaşdıran bir blokdur. İnqilabı xalqın, ölkənin, dövlətin qazancına çevirmək bu blokun başlıca missiyası olmalıdır. Bundan ötrü eyforiyadan, mənəmlikdən, yekəxanalıqdan qaçılmalı, gerçəklikdən yararlanma, rasionalizm günün devizinə çevrilməlidir.

Tanrı demokratiyanı qorusun!
Tanrı özgürlüyə yardımçı olsun!

Xaliq Bahadır

"Azadlıq" jurnalı, №2, 11 iyul 2005-ci il