Heydər Əliyevin ürəyində problem nədən yaranıb

Yaxud 21 aprel yıxılışından 2 gün əvvəl mərhum prezident nəyə görə normadan artıq həcmdə konyak içib

Onun "ölüm maşını" SMERŞ-də işlədiyini təkcə "Azadlıq" yox, xarici mətbuat orqanları da yazıb

Ötən sayımızda Heydər Əliyevin "NKVD"-də göstərdiyi "ölüm" fəaliyyəti ilə bağlı məqalə dərc etmişdik. Məqalədə tarixi mənbələrə istinadən Əliyevin NKVD-də "SMERŞ" ("Smert şpionam" sözlərindən düzəlib - "Casuslara ölüm") adlı təşkilatın əməkdaşı olduğunu yazmışdıq. Qısaca olaraq xatırladaq ki, bu mövzunu araşdıran tarixçilərin sözlərinə görə, SMERŞ-də işləmiş elə bir adam yoxdur ki, o, öz əli ilə adam öldürməmiş olsun. Burada işləyənlər mütləq hansısa situasiyalarda adam öldürüblər. Hətta təşkilatın rəhbəri Viktor Abakumov İsveç diplomatını öz kabinetində güllələyərək qətlə yetirib.

Məsələ burasındadır ki, onlara "casus" hesab etdikləri adamları yerindəcə güllələmək səlahiyyəti verilibmiş və bu səlahiyyətdən "Əliyevsayağı istifadə"nin nə demək olduğunu yəqin ki, təsəvvür edə bilərsiniz.

Bu məqalədən sonra kifayət qədər məlumatlı mənbədən maraqlı bir xəbər almışıq. Mənbənin sözlərinə görə, əslində 2003-cü il aprelin 21-də Əliyevin ürəkkeçməsindən yıxılmasının səbəbi də elə SMERŞ-lə bağlıdır. Necə deyərlər, Əliyevi bir vaxtlar onun özünün insanlara qarşı istifadə etdiyi SMERŞ-in özü yıxıb. Təbii ki, dolayısı ilə.

Mənbə əminliklə təsdiqləyir ki, həmin gün Əliyevin ürəyində ciddi problemin ortaya çıxması onun iki gün əvvəl, yəni 2003-cü il aprelin 19-da normadan artıq həcmdə konyak içməsi olub. Mərhum öz oğlu İlhamdan fərqli olaraq, spirtli içkilərə və ümumiyyətlə, pis vərdişlərə o qədər də meylli olmayıb. Amma mənbə təsdiqləyir ki, o arabir konyak içirmiş. Həmin gün isə həkimlərin qadağasına baxmayaraq, Əliyev normadan xeyli artıq həcmdə konyak içib. Yəqin maraqlanırsınız ki, bütün bunların SMERŞ-ə nə dəxli var. Dəxli odur ki, həmin gün, yəni 2003-cü il aprelin 19-da Əliyev məhz SMERŞ-in yaranmasının 60 illik yubileyini qeyd edirmiş. Mənbə bildirir ki, Əliyev 1943-cü il aprelin 19-da yaradılmış təşkilatın yubileyini qeyd etmək üçün bir neçə köhnə rus "KQB"-çilərini də öz məclisinə dəvət edibmiş. Məhz həmin "sevincli" anlarda normanı aşan Əliyevin ürəyində problem yaranıb və iki gün sonra yıxılıb.

Bündan əlavə, elektron poçt ünvanınımıza daxil olan bəzi məktublarda Əliyevin belə dəhşətli təşkilatda işlədiyinə şübhə edənlər də var. Hətta bizi mərhumun haqqında "yalan" məlumatlar yaymaqda ittiham edərək təhqir edənlər də var. Həmin şəxslərin təhqirlərinin 50-60 mislini onların özlərinə qaytarmaq şərtilə Əliyevin SMERŞ-də "qətl" icraçısı olduğunu təsdiqləyən başqa materialları da diqqətinizə çatdırırıq.

"The Daily Mail" qəzeti, 20 iyul 1998-ci il

"Əliyev Britaniyada" başlıqlı məqalədən: "Heç kimin ağlına gəlməzdi ki, belə olacaq. Sabah kraliça Azərbaycan prezidenti Heydər Əliyevin əlini sıxanda yeni etika siyasəti simvolik olaraq qan və neftdən ibarət zəhərli kokteyl şəklini alacaq... Kraliça öz vəzifə borcuna uyğun olaraq bir çox zülmkarlarla görüşüb onların könlünü xoş edib. Amma o, heç vaxt əvvəllər SMERŞ agenti olmuş birisi ilə əl görüşməmişdi.

Əliyev Stalinin məxfi polisinin ən dəhşətli bölməsində agent kimi fəaliyyət göstərib. SMERŞ-in agentləri Stalinin həqiqi və ya uydurma düşmənlərinin qatili olmaq üçün seçmə üsulla yığılırdı. Əliyevin "KQB" ierarxiyasında sürətli yüksəlişi belə deməyə əsas verir ki, o, "ölüm biznesi"ndə nümayiş etdirdiyi işlərinə görə mükafatlandırılıb. Həm gənc yaşlarında SMERŞ agenti kimi, həm də "KQB" məmuru kimi Əliyev minlərlə insanı hissiyatsızcasına gedər-gəlməzə göndərib.

Bu gün də Əliyevin "məxfi" polisi onu tənqid edənləri həbs edir, minlərlə insan onun köhnə məskənində - "KQB" həbsxanalarında can verir. Bəziləri sadəcə olaraq, yoxa çıxırlar"...

"Antiwar" internet qəzeti, 14 iyul 2000-ci il

Əliyev NKVD-nin hərbi əks-kəşfiyyat qurum olan SMERŞ-də ("Casuslara ölüm") işləyib. İnsanlara ölüm gətirən bu quruma Viktor Abakumov rəhbərlik edib. Mötəbər tarixi məlumatlara görə, Abakumov qurumun Lyubyankadakı inzibati binasında İsveç diplomatını şəxsən özü güllələyib".

"The Daily Mirrow" qəzeti, 30 oktyabr 1998-ci il

Tarixçi Mark Almondun məqaləsindən: "Əgər Pinoçet Londona müalicə üçün yox, hansısa önəmli iqtisadi layihələrin imzalanması üçün gəlsəydi, bu halda ona Skotland-Yard polisinin müşayiəti yox, Bukinhem sarayında qəbul qismət olacaqdı. Buna misal olaraq, Azərbaycan prezidenti Heydər Əliyevin Londona səfərini yada salın. Əliyev Stalinin SMERŞ təşkilatının sıralarından fəaliyyətə başlayaraq "KQB" generalı, sonra isə Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə qədər gedib çıxıb və sonda bu "partaparatçik" Azərbaycanda diktatura qurub. Əliyev kraliça tərəfindən ona görə qəbul edildi ki, o, özü ilə bir neçə neft müqaviləsi gətirmişdi.

Azadlıq jurnalı, № 3, 18.07.2005