Milyardların böyük köçü

"Alfa-Bank" İlham Əliyevin milyardlarla dollar sərvətini Rusiya banklarına yerləşdirəcək; əvəzində Qarabağ istənilir

Bu barədə göstərişi bankın prezidenti Pyotr Avenə iyunun 29-da Novo-Oqaryovoda Vladimir Putin verib

Hollandiyada rus dilində nəşr olunan "Mestnıy kuryer" qəzeti İlham Əliyevlə bağlı şok xəbər dərc edib. Bu ölkədən əldə etdiyimiz məlumata görə, qəzet Ailənin öz pul sərvətlərinin saxlanc yerini dəyişdirmək istiqamətində iş apardığını yazıb. "Milyardların böyük köçü" başlığı altında dərc edilmiş məqalədə Rusiyanın "Alfa-Bank" kommersiya bankının Hollandiya filialının əməkdaşlarından birinə istinadən xəbər verilir ki, İ.Əliyev milyardlarla dollar bank depozitlərini Rusiyaya köçürməyə başlayıb.

Qəzet xəbər verir ki, məhz bu məsələni müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putin "Alfa-Bank"-ın prezidenti Pyotr Avenlə görüşüb. Rusiya mətbuatının yazdığına görə, iyunun 29-da Novo-Oqaryovoda baş tutmuş görüş zamanı ölkənin bank sektorunun ümumi vəziyyəti müzakirə edilib. Amma Hollandiya qəzeti adıçəkilən bankın əməkdaşına istinadən yazır ki, V.Putin bank rəhbərinə İ.Əliyevin pullarını Rusiya banklarında yerbəyer etmək barədə göstəriş verib.

Əliyevlər sülaləsinin bank depozitlərinin hamısı yox, yalnız bir hissəsi Rusiyaya daşınır. "Mestnıy Kuryer"-in yazdığına görə, Rusiyaya köçürüləcək vəsaitlərin həcmi 8 milyard dollardan çoxdur. Bunun hamısını isə bir bankda yerləşdirmək çətin məsələdir. Bank əməkdaşının qəzetə dediklərindən: "Alfa-Bank"-ın aktivlərinin ümumi həcmi 7 milyard dollardır. Əliyevin Rusiyada yerləşdirmək istədiyi pulları isə 8 milyard dollardan da artıqdır. Buna görə də həmin vəsaitlərin yalnız "Alfa-Bank"-da yerləşdirilməsi Əliyevin özü üçün çox riskli qərar olardı. Buna görə də V.Putin P.Avendən xahiş edib ki, bu işə heç olmasa, 60-70 etibarlı bankı cəlb etsin. Aven bu işləri elə təşkil etməlidir ki, Əliyevin adı ortada çox dolaşmasın".

Qəzet ilkin olaraq prosesə cəlb ediləcək Rusiya banklarından bəzilərinin adlarını da açıqlayıb. Hələlik bu sırada "Bank Russkiy Standart", "ABN AMRO"-nun Rusiya bölməsi, "Sobinbank", "Ieldorbank", Moskva Beynəlxalq Bankı, "Promenerqobank" kommersiya banklarının adları bəllidir. Qəzet həmçinin öz mənbəyinə istinadən yazır ki, V.Putin İ.Əliyevə Rusiyada nəhəng biznes obyektləri əldə etmək üçün şərait yaratmağa da razılıq verib.

Milyardların böyük köçü ilə bağlı Hollandiya qəzetinin izahı da maraqlıdır. Müəllif bunu qarşıdan gələn parlament seçkiləri ilə əlaqələndirir. Məsələ burasındadır ki, MDB məkanında baş vermiş hər üç inqilabda xarici bank depozitləri diktatorlara qarşı təzyiq vasitəsi kimi istifadə edilib. Qəzet yazır ki, Azərbaycan prezidenti pullarının əhəmiyyətli hissəsini Rusiyaya daşımaqla risklərini diversifikasiya etmək istəyir: "Məxməri inqilab vəziyyəti yarandığı halda İ.Əliyev qan tökərək xaricə qaçsa, Qərb onu sakit buraxmayacaq. Ehtimal edilir ki, İ.Əliyev inqilabın qarşısını almaq üçün zor tətbiq etməyə və bu halda da inqilabın qarşısını ala bilmədikdə məhz Rusiyaya üz tutmağa hazırlaşır".

Putin-Əliyev sazişinin ən dəhşətli məqamı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Qəzetin yazdığına görə, Rusiya bu yaxşılığın əvəzində Azərbaycandan ciddi güzəştlər istəyir və bu sırada Dağlıq Qarabağla bağlı güzəştlər də var. Rusiya problemin erməniləri razı salan şəkildə həlinə çalışır: "Digər tələb isə ABŞ hərbi bazalarının bu ölkəyə yolunu bağlamaqdır"...

Azadlıq jurnalı, № 3, 18.07.2005