Əlillərin güzəşt hüququndan kimlər yararlanır?

Rüşvətxorları kim qusduracaq?

Azərbaycan Respublikasında əlillər BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının konstitusiyasında , bu Qanunda və başaq qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial, iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər.

Əlillər barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir.

Bu, Azərbaycan Respublikasında əlillər barəsində dövlət siyasətini müəyyən edən "əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası qanununun 1-ci maddəsidir. Nə yazıq ki, nəinki ümumi xarakter daşıyan maddələr, hətta konkret güzəşt və hüquqlar da gözlənilmir. Daha doğrusu əlillərin sosial müdafiəsinə cavabdeh olan şəxslər özləri bu hüquqları mənimsəyiblər.

Tam məsuliyyətlə demək olar ki, əlillərin qanunla qorunmalı olan haqlarını qanunsuz hakimiyyət özü pozur. İş o yerə çatıb ki, bu vətəndaşların pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciətlərinə də qadağa qoyulub. Bəli, bəli, icra strukturları məhkəmələrə əlillərin konstitusion hüquqlarının müdafiəsi üçün verdiyi iddiaları icraata götürməmək sifarişi veriblər. Sifarişlərin haqqını da elə əlillərin qanuni haqlarından ödəyirlər. Təsəvvür edin, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlillərin sosial müdafiəsini yalnız tibbi reablitasiya proqramına uyğun olaraq texniki vasitələrlə və mənzil təminatında görür. Bu hüquqların gerçəkləşməsi də ƏƏSMN-in əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinə həvalə edilib. Bəri başdan deyək ki, mənzil-məişət təminatı ilə ƏƏSMN-in məşğul olması qanunsuzdur. Nədən 5 iyun 1997-ci il tarixli "Əlillərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında prezident fərmanının 2-ci bəndinin 5-ci abzasında bu səlahiyyətin yerli icra hakimiyyəti orqanlarına verilməsi təsbit olunub. Konstitusiyanın 149-cu maddəsi isə prezident fərmanlarının qanunların icrasının məcburiliyini sübut edir. ƏƏSMN isə nə qanuna, nə prezident fərmanına, nə də ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan(mı?) Konstitusiyaya məhəl qoymur. Belə konstitusion özbaşnalıq yəqin ki, Prezident Aparatı ilə razılaşdırılıb. Yoxsa, indiyədək bu özbaşnalığa son qoyulardı. Fakt budur ki, ƏƏSMN-dəki özbaşınalıq və rüşvətxorluq PA-ya müraciətlərə düz mütənasib olaraq getdikcə şiddətlənir.

Maşın və mənzil növbəsi

Əlillərin avtomobillərlə təminatının nazirliyin əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinə həvalə edilməsi də qanunsuzdur və rüşvətə hesablanıb. Sözügedən qanunun 40-cı maddəsinə görə, əlilə texniki və ya başqa vasitə fərdi reablitasiya proqramına uyğun olaraq (pulsuz) verilir. ƏƏSMN-də tibbi-sosial ekspertizanın təşkili və əlillərin reablitasiyası şöbəsi olduğu halda, avtomobilləri onun "paylaması" absurddur və rüşvət barədə dediklərimizin əsassız olmadığını göstərir. Avtomobillərin 7-10 illik uzun növbələrdən sonra verilməsi (rüşvət verməyənlər heç buna da layiq görülmürlər) reablitasiyanın o dünyada baş tutacağını şərtləndirir. Bu isə nə dövləti, nə də onun siyasətini rüşvətlə həyata keçirən ƏƏSMN-i qəti rahatsız edir. ƏƏSMN hər il, hər iki ildən bir 100-150 əlili dövlət hesabına avtomobillə təmin edir. Bir kefli İsgəndər də yoxdur; desin, kişisən bu əlillərin hamısını birdən avtomobillə təmin et. Əslində qeyd etdiyimiz "o dünya məsələsi"nə görə elə belə də olmalıdır. Amma, axı onda rüşvətə əsas olmayacaq. Onda pul vermədiyinə görə əlili 10 il dayandığı növbədən çıxarmaq mümkünsüz olacaq!

Avtomobil növbəsinə dayananların ümumi sayı iki min nəfər olsa da, bu say da xeyli müddətdir dəyişməz qalır. ƏƏSMN siyahısının divardan asıldığını "ədalət rəmzi" saysaq da, burada rüşvət əsas rol oynayır. Nazirliyin bu əsas atributuna - rüşvətə arxa çevirən əlil tamamilə növbədən çıxarılır.

Qarabağ əlillərinin mənzil problemi 300 ilə həll olunacaq

ƏƏSMN-in ikinci və ən başlıca rüşvət mənbəyi mənzil problemindən qaynaqlanır. Yuxarıda qeyd etdiyimiz kimi əlillərin mənzil təminatını qanunsuz olaraq əlinə keçirən ƏƏSMN-in bu sahədəki özbaşınalığının həddi-hüdudu yoxdur. Qanunsuzluq, özbaşınalıq o həddə çatıb ki, icra orqanı olan nazirlik özü qanun icad edib. Bəli, bəli, əlillərin qanunla qorunmalı olan mənzil hüquqlarını, növbəliliyi özünün yaratdığı qanunsuz komissiyanın rəyi (oxu: rüşvəti) əsasında gerçəkləşdirməyin başqa adı yoxdur. ƏƏSMN "mənzilləri olmayan, mənzilə ən kəskin ehtiyac duyan əlilləri müəyyən etdiyini" (??) bildirir. Axı nazirliyə belə müəyyənetmə hüququ verilməyib. Bu hüquq qanunverici orqana məxsusdur. Mənzilə olan ehtiyacı QANUN müəyyən edir və qanunu icra etmək ƏƏSMN və digər qurumlardan ötrü MƏCBURİDİR. ƏƏSMN qanunu özbaşına dəyişib, amma nə ali icra hakimiyyəti, nə prokurorluq bu səlahiyyət həddini aşmaya qiymət verir. Görünür hərənin öz rüşvət payı var. Konstitusiya Məhkəməsi də bu rüsvayçılığa göz yumur. Axı, hər hansı bir komissiyanın rəyi qanundan, konstitusiyadan üstün qüvvəyə malik ola bilməz. Bizdə isə 7 ildir ƏƏSMN-in rüşvət komissiyasının rəyi ən yüksək hüquqi qüvvədədir. Rusiyada növbəlilik pozulanda prokurorluq anındaca cinayət işi qaldırır, qanunsuzluğu bərpa edir, bizdə isə... prokurorluq belə hallardan cibini doldurmaqdan ötrü yararlanır.

ƏƏSMN-in cinayətləri bununla bitmir. İki il öncə hakimiyyətsizlikdən (oxu: sabitlikdən) peşəkarcasına (oxu: rüşvətcəsinə) yararlanan YAP-ın ƏƏSMN şöbəsi Xırdalanda əlillər üçün ikinci bina təhvil verib və bura bir nəfər də olsun əlili yerləşdirməyi lazım bilməyib. Ötən il Bakıxanov qəsəbəsində və bu ilin 15 iyununda Yasamalda tikilən binalarda isə 2-3 il öncə saxta arayışlar əsasında "müharibə əlili" etdiyi rüşvət ortaqları mənzillə təmin olunublar. Ötən il rüşvətin məbləği 5-6 min dollar olubsa, bu il bu məbləğ 7 min dollara çatıb. ƏƏSMN-in tikinti xərclərini şişirtməsi də heç kimə sirr deyil. Özünüz fikirləşin. 5-6 il öncə Sumqayıtda 4-5 otaqla mənzilin qiyməti 5 min dolları keçmədiyi halda ƏƏSMN-in orada tikdiyi binada bir mənzilin qiymətinin 22 min dollar olduğu bildirilirdi. Əlillərin baş prokurorluğa müraciətlərinə isə baş ağrıtmamaqla cavab verilmirdi.

ƏƏSMN-in yaydığı məlumata görə, 1997-ci ildən bəri, yəni 8 il ərzində 800-ə yaxın Qarabağ əlili və şəhid ailəsi mənzillə təmin olunub. Bu isə ilə cəmi 100 əlil və şəhid ailəsinin mənzillə təmin olunması deməkdir. Ölkə üzrə təxminən 30 min Qarabağ əlili və şəhid ailəsi olması hesabı ilə bu kateqoriyadan olan bütün vətəndaşların mənzil təminatını 300(?!) ilə gerçəkləşəcəyini hesablamaq (riyaziyyatçı rüşvətxorlara) çətin olmaz. Əli Nağıyev o vaxta qalsa...

Xaricdə müalicəyə pul "tapılmadığından" 70 əlil dünyasını dəyişib

ƏƏSMN əlillərin digər konstitusion hüquqlarından da öz mənafeyi naminə yararlanır. 6 ildən çoxdur Dərnəgül yolunda əlillərin (oxu: ƏLİlərin) "Həyat" ticarət mərkəzi bütün vergilərdən azad şəkildə fəaliyyətdədir. Bu mərkəz dövlətə (oxu: əlillərin həyatına) 15 milyard manata (indiki kursla 3 milyon dollara) başa gəlib. Bu vəsaitlə avtomobil növbəsində duran bütün əlilləri həsrətində olduqları texniki vasitə ilə təmin, xaricdə müalicəsinə pul tapılmadığından dünyasını dəyişən savaş əlillərinin ən azı 60-70-nin həyatını xilas etmək olardı. ƏƏSMN-in özünün elan etdiyi mənzilin qiymətinə görə (12 min dollar) 10 ədəd 36 mənzilli əlil evini istifadəyə vermək olardı. Biz hələ əlillərin adına alınan digər obyektlərdən, Nabrandakı istirahət-sanatoriya kompleksindən danışmırıq. Onsuz da "dəyirman bildiyini edir, baş ağrısı çax-çaxa qalır". "Həyat" ticarət mərkəzində aylıq icarə haqqı 30-50 min dollar həddindədir. Nəyə görə burada əlillərin özünün kommersiya fəaliyyətinə imkan verilmir? Axı onda YAP məmurları icarə haqqından məhrum olacaqlar! İndi 5-10 nəfər əlilə ayda 50-100 min manat verib "qayğı" göstərmələrini rüşvət tribunalarından gözə soxurlar. Əlil heç səsini də çıxara bilmir. Etiraz edəcək, nə çoxdur əlil, maşallah ƏƏSMN-in "rüşvət qayğısı" sayəsində girdirmə Qarabağ əlillərinin sayı günü-gündən artır.

Əlillərin əvəzinə Krıma Əli Nağıyevin adamları gedir

Əlillərin müalicəsi də rüşvətsiz ötüşmür. ƏƏSMN hər il Krıma 20 nəfər Qarabağ əlilini tibbi reablitasiya keçməyə yollayır. Deyilənə görə, son illərdə bu "şərəfə" layiq görülənlər elə nazirin öz adamlarıdır. Xaricdə müalicəyə ehtiyacı olanlara isə ƏƏSMN cüzi yol xərcini də qıymır. Başa düşmək olmur, bəs əlillərin sosial müdafiəsi baş idarəsinə ayrılan vəsait hara xərclənir?. Bu sualı dəfələrlə ali, icra, qanunverici və məhkəmə hakimiyyəti orqanlarına, hüquq-mühafizə orqanlarına ünvanlasaq da, cavabdehlər peşəkarcasına (oxu: rüşvətə uyğun) susurlar. Elə bil yedikləri rüşvətin üstündən ağızlarına su alıblar. Onların ağızlarını açıb rüşvətlərini qusduran olacaqmı?

Məğrub Bədəlsoy

Azadlıq jurnalı, № 3, 18.07.2005