"Hacı Məmmədov" biznesi
ən gəlirli sahəyə çevrilib
Son günlər Hacı Məmmədov məsələsi yenidən mətbuatın gündəmindədir. Zakir
Nəsirovun həbsinin təsdiqlənməsiylə mətbuatda bu mövzu yenidən ön sıraya çıxdı.
Özü də yeni versiyalarla. Baxmayaraq ki, işi aparanlar "istintaq sirri" adıyla
hər hansı açıqlama verməkdən imtina edirlər. Amma bütün bunlara baxmayaraq,
istintaqdan kütləvi informasiya vasitələrinə məlumatlar vaxtaşırı ötürülür.
Hətta, deyilənə görə, bu "sızmaların" qarşısını almaq üçün çox ciddi işlər
aparılır. Belə ki, istintaq qrupunun bütün hərəkətləri, telefon danışıqları
izlənilir. Onlar təcrid olunmuş vəziyyətdə fəaliyyət göstərirlər. Onların
kimlərləsə hər hansı kontaktda olmasına imkan verməməyə çalışılır.
Tutulanların vəkilləri də hələlik mətbuata açıqlama verməkdən çəkinirlər.
Deyilənə görə, onlara da danışmamaqla bağlı ciddi xəbərdarlıq edilib. Qalmaqallı
məhkəmə proseslərindən tanınan, eyni zamanda bu proseslərlə bağlı mətbuatla
təmasdan çəkinməyən vəkil Adil İsmayılov da hələ ki, susur.
Hacı Məmmədovun həbsindən 5 aydan artıq vaxt keçməsinə baxmayaraq qəzetlərdə
tutarlı faktlara söykənən informasiyalar getmir. Bunun başlıca səbəbini çoxları
Ramil Usubovda görürlər. Yəni bütün problemlərin, cinayətkarlığın kökü məhz
gedib nazirə dirənir. Onun hələ də vəzifədə qalması işin tam açılmasını
ləngidir.
İndi o, bütün imkanlarını səfərbər edib müavinlərini bu cinayət faktından
kənarda saxlamağa cəhd göstərsə də, istədiyinə nail ola bilməyib. Zakir
Nəsirovun həbsi nazirin bütün planlarını alt-üst edib. Deyilənə görə, həbsin
qarşısını almaq üçün ən müxtəlif, "real faktlara söykənən" təklifləri qəbul
edilməyib. Üstəlik, indi də başqa bir müavini, Hacı Məmmədov məsələsindən sonra
istefaya göndərilən Zahid Dünyamalıyevin həbsi barədə söhbətlər dolaşır. Düzdür,
hələ bu rəsmən təsdiqlənməyib. Amma qeyri-rəsmi mənbələr onun istintaqa
çağırılaraq 5 saat müddətində dindirildiyini deyirlər. Dindirildikdən sonra
buraxılan keçmiş nazir müavininin əslində ev dustağı olduğu xəbər verilir. Ondan
heç yerə getməmək iltizam da alınıb.
Daha bir informasiyaya görə, R.Usubovun müavinlərinin həbs edilməsi onun özünün
günahıdır. Belə ki, yaxınlarda dar bir dairədə söhbət zamanı R.Usubov İ.Əliyevin
onu istefaya göndərmək iqtidarında olmadığını deyib. Bütün polis sisteminə
nəzarət etdiyini, yeri gələrsə, güclü şəkildə müdafiə olunacağını vurğulayıb.
Təbii ki, dairə nə qədər dar olsa da, görüş gizli keçirilsə də, lentə alınan
söhbət lazımi yerə çatdırılıb və məlub həbslər baş verib.
İndi bütün ölkənin diqqəti Milli Təhlükəsizlik Nazirliyindədir. Heç bir işdə
polisə etibar olunmur. Sadəcə, seçki ərəfəsi olduğundan hakimiyyət bu qurumu
narazı salmaq istəmir. Bütünlüklə çirkaba batırılan DİN-də köklü islahatların
aparılması indiki məqamda məqsədəuyğun sayılmayıb, seçkidən sonraya saxlanılıb.
Bəzi mənbəələr isə Ramil Usubovun yaxın vaxtlarda istefaya göndəriləcəyini də
istisna etmirlər. Polisdəki mənbənin məlumatına görə, müavinlərindən birinin
həbsi, birinin isə ev dustağı olması onun istefaya göndərilməsinə hazırlığın
ilkin göstəricisi sayıla bilər. İnandırıcı görünməsə də, hətta bəziləri bu
qurumun Milli Təhlükəsizlik Nazirliyinə tebe etdiriləcəyini də deyirlər.
Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Anders Herkel də son səfərində
DİN-də baş verənlərdən təəccübləndiyini bildirmişdi. O, eyni zamanda bütün baş
verənlərdən sonra daxili işlər naziri Ramil Usubovun hələ də istefa verməməsinin
səbəbini anlamadığını demişdi. Doğrudan da Avropa mentaliteti başqadır. Neçə
illərdir Azərbaycanla işləyən şəxs hələ də, deyəsən, bu iqtidarın əsl simasını
dərk edə bilməyib, yaxud neyləsin ki, bütün bunlar ona çatmır. Şübhəsiz, belə
cinayət faktı Azərbaycanda başqa hakimiyyətin zamanında aşkarlansaydı, istefalar
baş alıb gedərdi. Amma mahiyyət başqa şeydir. Bu, indiki iqtidarın mahiyyətinin
göstəricisidir...
Aldığımız məlumata görə, Hacı Məmmədovun son illərdə keçirdiyi bütün görüş
yerləri - restoranlar, saunalar, istirahət mərkəzləri nəzarətə götürülüb və bu
yerlərdə çalışanlar, onların sahibləri vaxtaşırı istintaqa cəlb olunurlar. Hacı
Məmmədovun həbsindən sonra paytaxtın görkəmli yerlərində olan bir çox villalar
"Tibb mərkəzi"nə, "Mebel evi"nə çevrilib. Bir çoxları satışa çıxarılıb. Adam
oğurluğundan gələn pullarla tikilən bu tipli evlər indi həmin işin istintaqı ilə
bağlı satılır, deyilənə görə, bir çoxları adlarının bu məsələdə hallanmasının
qarşısını almaq üçün milyon dollarla pul təklif edirlər. Hətta bəzilərindən bu
pulların alındığı barədə məlumatlar da var. Bu məsələdə keçmiş baş prokurorun,
keçmiş milli təhlükəsizlik nazirinin, hətta Milli Bankın sədrinin adları
hallandırılır. Çox böyük məbləğlər müqabilində danışıqlar aparıldığı deyilir.
Konkret məbləğlər də söylənilir. 5 milyon dollar, 10 milyon dollar. Bəli, bu
pullar adı çəkilən cinayətin istintaqından yayınmaq, yaxud istintaqa cəlb
olunmuşları az itki ilə xilas etmək üçün verilən, təklif olunan, alınan
pullardır.
Göründüyü kimi, "Hacı Məmmədov" biznesi çiçəklənmə dövrünü yaşayır. Seçki ilində
bu biznesdən gələn pullara hakimiyyətin çox böyük ehtiyacı var.ÿXarici
təzyiqlərin, seçkini demokratik keçirmək tələbinin müqabilində müxalifətə qarşı
aparılan "qara piar" üçün, heç şübhəsiz, külli miqdarda vəsait tələb olunur.
Halal yolla qazanılan pullar buna bəs etməz...
Azadlıq jurnalı, № 3, 18.07.2005