İctimai Televiziya, yoxsa AzTV-3
Hələlik bütün işlər ikinci istiqamətində gedir. Əslində İsmayıl Ömərovun
rəhbərlik, Cahangir Məmmədlinin sədri olduğu qurumun guya nəzarət etdiyi
telekanaldan başqa nəsə gözləmək əbləhlikdir. Sadəcə, baş qatırlar. Avqust
ayından efirə çıxacağı deyilən İctimai Televiziya hələ ki, kadrlarını prezident
aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun göstərişi ilə formalaşdırır.
Baxmayaraq ki, istər C.Məmmədli, istərsə də İ.Ömərov kadrların onların
iradəsindən kənar ictimaiyyətin televiziyasına yerləşdirilməsini istisna
edirlər. Bugünlərdə "Şərq" qəzetinə müsahibəsində İ.Ömərov bunu xüsusi
vurğulayıb. Amma "Yeni Müsavat" qəzetinə bir neçə gün əvvəl verdiyi müsahibədə
isə namizədlərin Yayım Şurası ilə razılaşdırıldığını deyib. Görünür şərait belə
tələb edir, müxalifət qəzetinə müsahibədə deyilən sözləri iqtidarın nəzarətində
olan qəzetdə demək olmaz.
Əli Həsənovun işçisi İbrahim Məmmədovu İctimai Televiziyaya gətirmək üçün
İ.Ömərov özü "seçim" edib, "Şərq"ə inansaq, heç kimlə məsləhətləşmədən, "Yeni
Müsavat"a istinad etsək, Cahangir Məmmədlinin məsləhətindən sonra. Əli
Həsənovdan isə söhbət belə gedə bilməz. Eləcə də AzTV-də iqtidarın jurnalisti
sayılan, hansısa nazirin maşın bağışladığı Esmira Çərkəzqızını da İ.Ömərov "öz
seçimi" ilə işə dəvət edib. Eyni zamanda başqa departamentlərdə artıq
məskunlaşanları da...
İyulun 10-da müxalifətin "Qələbə" meydanında əvvəlkilərdən də izdihamlı mitinqi
keçirildi. Amma nədənsə bütün telekanallar bu mitinqlə bağlı hər hansı
informasiya vermədilər. Hətta müstəqil "ANS" də dəstədən geri qalmadı. Həmin gün
bu telekanalın efirində əsas diqqət Qırğızıstana, orada keçirilən mitinqlərə
yönəldilmişdi. Ümumiyyətlə xarici xəbərlər (önəmli olub-olmamasının əhəmiyyəti
yoxdur) informasiya proqramlarında daxili xəbərləri xeyli kölgədə qoyur.
Azərbaycanda - qulaqlarının dibində müxalifətin "Azad seçki" tələbi ilə
keçirdiyi çoxminli aksiya heç yada da düşmür. Azərbaycan seyrçisinin xaricdə baş
verənlərə ciddi tələbat duyduğunu biz də başa düşürük. Onu ödəmək gərəkdir.
Daxili imkanlar hesabına olsa da...
Müstəqilliklə bağlı bir jurnalist dostumun dahiyanə fikrini xatırlatmaq yerinə
düşər. O, müstəqilliyi ilə öyünən kütləvi informasiya vasitələri haqqında deyib:
"...Həqiqətən müstəqildir, istədiyi adamdan rüşvəti müstəqil ala bilər".
*** Yeri gəlmişkən, nə qədər qəribə olsa da, deyilənə görə, "Azadlıq"
blokunun sonuncu iki mitinqinin qətnaməsindən də İctimai Televiziya ilə bağlı
bənd çıxarılıb...
Azadlıq jurnalı, № 3, 18.07.2005