Əla mitinq keçirmək istəyirsiniz?

Resept bizdə

Öndə seçki var. Azərbaycan müxalifəti - daha konkret "Azadlıq" Bloku bu seçki fürsətindən istifadə edib, ölkədə demokratik hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Dünya təcbürəsindən, eyni zamanda tez-tez istinad edilən Gürcüstan və Ukrayna inqilablarından da məlumdur ki, dinc, demokraktik dəyişikliyin yolu yalnız kütləvi və mütəşəkkil qaydada təşkil olunan aksiyalardan keçir. Qısası, hakimiyyətin çeşidli (qanuni və ya qanunsuz) güc strukturlarına qarşı demokratik qüvvələrin bir silahı var - güclü kütləvi aksiyalar. Demək aksiyalar elə keçirilməlidir ki, qarşıya qoyulan strateji hədəfə çatmaq mümkün olsun. Bu baxımdan aksiyaların keçirilməsi zamanı üzə çıxan boşluqlar, çatışmayan cəhətlər aradan qaldırılmalıdır ki, MƏQAM çatanda yürüş-mitinqlər həlledici faktora çevrilə bilsin. Amma etiraf etmək lazımdır ki, iyun ayının 4-dən başlayaraq keçirilən yürüş-mitinqlərdə xeyli dərəcədə boşluqlar vardı.

***

İyunun 4-də, iyunun 18-də və iyulun 10-da "Azadlıq" Blokunun keçirdiyi yürüş-mitinqlər bir-birindən həm kəmiyyət, həm də əhval-ruhiyyə baxımından fərqlənirdi.

Birinci - 4 iyun yürüş-mitinqi 2003-cü ilin 12 oktyabrından sonra keçirilən ilk "icazəli" aksiya olduğundan, həmin gün orada iştirak edənlərin qəlbinə bir şüar hakim idi: "Axır ki, bacardıq, hakimiyyəti geri çəkilməyə məcbur etdik". 4 iyun yürüş-mitinqinin hazırlığı cəmi 1 gün çəkdiyindən, təşkilatçı partiyalar bu aksiyaya "prinsip" məsələsi kimi baxırdılar. Doğrudan da həmin aksiyada qarşıya qoyulan məqsədə nail olundu. Hakimiyyətin və elə təşkilatçıların da gözləmədiyi sayda insanlar aksiyaya gəldilər.

İkinci - 18 iyun mitinqi də "prinsip" məsələsi idi. Bu dəfəki prinsipin arxasında aşağıdakı şüar gizlənmişdi: "4 iyuna hazırlıqsız getdik, indi gücümüzü görərsiniz!". Həqiqətən güc göstərildi. Həmişə müxalifətin mitinqlərinə az adamın gəldiyini təbliğ edən hakimiyyət mediası, 18 iyunda bu "piar"dan istifadə edə bilmədilər və insanların aksiyaya nə üçün kütləvi şəkildə qoşulmasını ora-bura yozmağa başladılar: "Mitinqə azyaşlı uşaqları gətirirlər, adamlara pul verib meydana toplayırlar və s".

Üçüncü - 10 iyul yürüş-mitinqinin simvolik "prinsip"i bu idi ki, "apardığımız mübarizədə qızmar iyul günəşi də qorxuda bilməz. Belə havada da kütləvi şəkildə toplaşmağı bacarırıq". Amma başlıca məqsəd ölkəyə və dünyaya artıq demokratiya uğrunda davamlı, planlı mübarizənin başlandığını duyurmaq idi. Buna da nail olundu.

Lakin, hər 3 aksiyada müəyyən texniki çatışmazlıqlar, boşluqlar vardı ki, vaxtında müəyyənləşdirilib aradan qaldırılmaması, onların növbəti dəfə təkrarlanmasına gətirib çıxarırdı. Bu boşluqların, çatışmazlıqların qarşıdakı aksiyalarda yenidən təkrar edilməməsi üçün onlardan bəzilərini qeyd etməyi lazım bildik. Ola bilsin, müxalifətçi dostlarımız bunu anti-reklam kimi qəbul etsinlər. Amma bu məsələdə səmimi olmasaydıq, gördüyümüz "eyibləri" gizlədərdik. Biz əsl dost olduğumuzu göstərmək istəyirik. Ona görə də, göstərdiyimiz səhvlərlə yanaşı, onların aradan qaldırılması yolları, ümumiyyətlə kütləvi aksiyaların daha da səviyyəli təşkil olunması ilə bağlı tövsiyyələrimizi də çatdırmaq istəyirik.

***

Ondan başlayaq ki, mitinqlərə xalqın çağırılması ilə bağlı təbliğat işi bir qayda olaraq 3-5 müxalifət qəzetinin üzərinə qoyulur. Bir də partiyalarda rayon təşkilatlarının fəalları ilə müşavirələr keçirilir. Müəyyən hallarda isə mitinqə bir gün qalmış çağırış xarakterli mətnlərdən ibarət "intibahnəmələr" fəallara verilir ki, əhali arasında yaysınlar. Qəzetlərdə mitinqin "reklamı" əsasən eyni ziyalılardan, QHT təmsilçilərindan, siyasətçilərdən, bir sözlə məlum bir çevrədən götürülmüş çağrış xarakterli yazılardan ibarət olur. Hər dəfə eyni şəxslərin çağırış etməsinin nə dərəcədə təsirli olduğunu söyləmək mümkündürmü? Bundansa, qəzetlərdə mitinqə çağırışla reklam lövhələrinin verilməsi daha effektli olardı. (Məsələn, "Bakı-Xəbər" qəzeti bu vasitədən istifadə edir). Digər tərəfdən müxalifət qəzetlərini oxuyanların onsuz da siyasiləşmiş təbəqə (əsasən mitinq elektoratı) olduğunu və bu qəzetlərin ümumi tirajlarının maksimum 30 minə yaxınlaşdığını nəzərə alsaq, təbliğat işində yalnız mətbuata ümidli olmağın mənfi nəticələrə gətirib çıxara biləcəyini demək olar.

Bizcə televiziya və radio imkanları olmayan müxalifət üçün indiki şəraitdə daha effektiv vasitə yuxarıda qeyd etdiyimiz "intibahnamələr" - vərəqələrdir. Amma bu vərəqələrdə geniş mətnlər yerləşdirilməməli, 1 cümləlik emosional çağrışla mitinqin vaxtı və yeri göstərilməlidir. Vərəqələrin yayılma yerləri, düzgün seçilməlidir. Bu işdə avtobus və metronun "xidmətindən" yararlanmaq mümkündür. Əvvəllər istifadə olunmuş bir metod indi nədənsə unudulub - mitinqə çağrışların divarlara yapışdırılması. Mitinqqabağı təbliğat işinin qurulması üçün çoxsaylı vasitələr var ki, onları öyrənmək və gələcəkdə istifadə etmək lazımdır.

***

Mitinqin bir adı da nümayişdir. Bu aksiyanın bir məqsədi daha çox insanı bir yerə toplamaqdırsa, digər məqsədi toplanmış kütləni ətrafa nümayiş etdirməkdir. Hazırda müxalifətin əlində televiziya olmadığından aksiyaları bu vasitə ilə nümayiş etdirmək imkanı çox məhduddur. Ümid yenə də qəzetlərə və yürüş-mitinqin keçirildiyi marşrutun ətrafına qalır. Məlumdur ki, hazırda yürüş-mitinqlərin keçirildiyi "20 Yanvar" metro stansiyasından "Qələbə" meydanına aparan marşrut, insanların daha çox yaşadığı və toplaşdığı ərazi deyil. Bu ərazidə aksiyanı nümayiş etdirmək üçün nisbətən effektiv yer "20 Yanvar" metrosunun ətrafı - yürüş kolonlarının arxa sıraları düzülən yerdir. Amma nədənsə, yürüş kolonlarının son sırası "20 Yanvar"dan deyil, ordan 100-150 metr irəlidə düzülür. Yəqin ki, təşkilatılar gələcəkdə bunu nəzərə alacaqlar.

***

Keçirilən yürüşlərdə hər zaman təkrarlanan boşluqlardan biri partiyaların kolonları arasında koordinasiyanın olmamasıdır. Bu da bir çox hallarda kolonlar arasında həddən artıq uzun məsafələrin yaranmasına gətirib çıxarır. Sözsüz ki, biz partiyaların yürüşə ayrı-ayrı kolonlarda çıxmasına qarşı deyilik. Bu, partiyaların məsuliyyətini, sağlam rəqabət imkanlarını artırır və "qonşudan geri qalmamaq" prinsipindən çıxış edərək hər bir partiya yürüşə müttəfiqindən daha çox insan çıxarmağa çalışır. Bu da nəticədə gözəl, kütləvi aksiyanın alınması ilə nəticələnir.

Amma partiyaların ayrı-ayrı kolonlar şəklində yürüş etməsi daha çox texniki məsələdir. Aksiyanın bir tam olaraq alınması, geniş intervallara yol verilməməsi, Mitinq Komitəsinin aksiyanı başdan-ayağacan nəzarətdə saxlaması üçün koordinasiya işi vacibdir. Bunu reallaşdırmaq üçün mobil telefonlardan gözəl nə ola bilər.

***

Partiya kolonları meydana daxil olur. Bununla da aksiyaya nəzarət edənlər öz işlərini bitmiş sayırlar və qalxıb partiya liderlərinin yanında qərar tuturlar. Bu da meydanda insanların qeyri-bərabər formada yerləşməsinə gətirib çıxarır. Meydanın ön hissəsi həddindən artıq sıxlaşdığı halda, arxa cərgələr seyrək olur. Nəticədə bu aksiyanın ümumi ponaramına və miqyasına xələl gətirir. Aksiyaçıların meydana bərabər sayda "paylanması" isə mitinqin effektini bir neçə qat artıra bilər. Partiya funksionerlərinin, təşkilatçıların və fəalların, daha çox tribunanın ətrafına yığışması mitinqə başqa bir mənfi təsirini də göstərir. Bu da mitinqin "ucqarlarında" emossionallığın ön cərgələrlə müqayisədə kəskin az olmasına gətirib çıxarır. Ətrafında fəal insanları, partiya funksionerlərini görməyən aksiyaçını mitinqin nə vaxt qurtaracağı düşündürür. Çünki, bir çox hallarda çıxış edənlərin səsi də mitinqin kənarlarına gedib çıxmır. Yeri gəlmişkən, təşkilatçılar mitinqdə mikrofon, səsləndirmə kimi problemləri bir dəfəlik yoluna qoymalıdır. Təkcə, mikrofonla bağlı ortaya çıxan qüsur aksiyanın ümumi əhval-ruhiyyəsinə ani təsir göstərir.

***

Texniki problemlərdən söz düşmüşkən, tribunanın hündürlüyü də əhəmiyyətli məsələdədir. Lakin, indi meydanda quraşdırılan tribunaları məqbul saymaq olmaz. O baxımdan ki, bu tribunalar alçaq olduğundan orada çıxış edənləri meydanın yalnız ön cərgələri görə bilir. Bizcə, bu da aksiyanın emosionallığına təsir edən amillərdəndir. Axı xalq öz liderlərini canlı şəkildə görmək istəyir. Tribunanın qısa olması bir yana, mitinqin ön cərgələrində sıra ilə düşülmüş iri həcmli - müxtəlif gənclər təşkilatlarının qaldırdığı şüarlar da tribuna ilə meydan arasında əcaib sədd yaradır. Mitinqdə təşkilatçılığa cavabdeh şəxslər bu məsələyə də diqqət yetirməlidirlər. Meydanla tribuna arasında, ümumiyyətlə mitinqin kənardan görünüşündə problem yaradan məsələrdən biri də bayraqlardır. Partiyaların, gənclər təşkilatlarının qaldırdıqları bayraqlar və iri şüarlar hesabına aksiyada iştirak edən onminlərə insan görünməz olur. Yaxşı olardı, Ukrayna təcrübəsindən çıxış edərək gələcək aksiyalarda bir qədər kiçik, qısa bayraqlardan istifadə olunsun.

***

Qeyd etdik ki, partiya funksionerləri, təşkilatçılar, fəallar daha çox tribunanın ətrafına və arxasına toplaşırlar. Üstəlik mətbuat nümayəndələri, aksiyada qonaq qismində iştirak edən ziyalıları da nəzərə alsaq, tribuna yerləşən hissədə hansı mənzərənin yarandığını təsəvvür etmək olar. Onu da vurğulayaq ki, tribuna ətrafında olan bu "qələbəlik"dən yararlanan xüsusi xidmət orqanlarının əməkdaşları çox asanlıqla, özü də kütləvi şəkildə həmin hissədə özlərinə mövqe seçirlər. Nəzərə almaq lazımdır ki, belə vəziyyətdə, liderlərin dayandığı bu hissədə təxribatçıların fəaliyyəti üçün də münbit şərait yaranır. Növbəti aksiyalarda tribunanın ətrafını - liderləri və onların əsas mühafizəçilərini çıxmaq şərtilə, boşaltmaq vacibdir. Ziyalıları və qonaqları ön sıraya dəvət etmək olar. Mətbuatın işləməsi üçün də şərait yaradılmalıdır. Lakin, təşkilatçılar, partiya funksionerləri xalqın içərisində olmalıdırlar. Bu tədbirlərin həyata keçirilməsi, adətən tribuna ətrafında qərar tutan insanların hesabına meydanın bir qədər də genişlənməsinə səbəb ola bilər, həm də liderlərin mühafizəsi üçün daha şəffaf və təhlükəsiz şərait yaranar.

***

Başqa bir məsələ mitinqin ssenarisi və çıxışılarla bağlıdır. İndiyədək keçirilmiş 3 mitinqin gedişi və çıxışçıları təxminən eyni olub. Eyni ssenarinin və çıxışçıların olması yuxarıda qeyd etdiyimiz kimi iştirakçıları "mitinq nə vaxt qurtaracaq" əhval-ruhiyyəsinə kökləyə bilər. Və artıq bu yöndə iradlar səslənməkdədir. Bu günlərdə hərbi xidmətdən qayıtmış və 10 iyul mitinqində iştirak edən dostumuz deyir ki, "2003-ün mitinqləri lə müqayisədə yalnız köynəklər dəyişib". Aksiyanı bütövlükdə yüksək emosionallıqda və inamlı əhval-ruhiyyədə saxlamaq məqsədilə mitinqlərdə rəngarənglik təmin olunmalıdır. Aksiyada liderlərlə yanaşı, çıxışı insanlar üçün maraqlı olacaq şəxslərə, lap elə sıravi mitinqçiyə də söz verilməlidir. Başqa, maraqlı texnologiyalardan da yararlanmağa ehtiyac var.

***

Başlanğıcda qeyd etdiyimiz kimi Azərbaycan müxalifəti apardığı mübarizənin kluminasiyasında həlledici faktor olaraq kütləvi aksiyalara güvənir. Bu aksiyaların effektli alınması üçün təkcə yerli təcrübəyə arxayın olmaq yetərli deyil. Daha məqsədəuyğun olardı ki, kütləvi aksiyaların gücünə qalibiyyətlərə çatmış demokratlarla iş aparılsın. Bu sahədə ən yaxşı "mənbə" bizcə Ukrayna demokratları ola bilər. Ukrayna demokratlarının təcrübəsindən yararlanmaq üçün oradan texnoloqların Bakıya dəvət edilməsi və ya "xüsusi kurs" keçmək üçün buradan Ukraynaya nümayəndələrin göndərilməsi zəruridir.

Analtik departament

Azadlıq jurnalı, № 3, 18.07.2005