Cinayət başında...
Ramil Usubova arxalanan "Şəms" restoranı tikinti sərhədlərini aşaraq 20 illik
bağda soyqırım təşkil edib
Hacı Məmmədovlar yetişdirən nazirin qorxusundan Ekologiya Nazirliyi əraziyə
yaxın düşə bilmir
Bakının axtikturasına yamaq olan tikintilərin arxasında yüksək çinli məmurların
dayandığı təzə xəbər deyil. Şəhər yiyələri bu yamaqlarla bağlı nə qədər
əsaslandırıcı arqumentlər sadalasalar da, bu şıdırğı tikinti meydanında halal
pulların xərcləndiyi barədə fikirlər yalnız absurd adlandırıla bilər. Bu pul
seli və məmurların öz vəzifəsindən sui-istifadəsi heç bir sərhəd tanımır. Qeyd
etdiklərimizə sübut olaraq Xətai rayonu ərazisində aparılan bir tikinti ilə
bağlı redaksiyamıza daxil olmuş məlumatları diqqətinizə çatdırmaq istərdik.
Rayondakı Gəncə prospekti, 26 ünvanında yerləşən "Şəms" şadlıq evinin arxasında
yeni yaşayış binasının tikintisinə bir neçə ay əvvəl başlanıb. Ətrafda
yaşayanlar tikintinin şadlıq evinin sahibi Sabir Fərəcov tərəfindən aparıldığını
bildirirlər. O da bildirilir ki, sözügedən tikintinin həqiqi və qeyri-rəsmi
sahibi daxili işlər naziri, "restoranlar kralı" Ramil Usubovdur. Hələlik bu
məsələnin araşdırılması ilə bağlı əlaqədar instansiyalara ünvanladığımız
suallara cavab ala bilmədiyimizdən biz tikinti sahibi və tikinti havadarının
kimliyi barədə fikirləri öz mötəbər mənbələrimizə istinadən səsləndiririk.
Bakının mərkəzindən uzaq bir rayonda aparılan tikintinin bu qədər diqqət cəlb
etməsinin səbəbi təkcə onun havadarının yüksək çinli hökumət məmuru olması
deyil. Belə faktlar artıq təzə xəbər sayılmır. Bu məsələdə Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və rayon icra orqanlarının da
məsuliyyəti var. Tikintinin qeyri-adiliyi ondadır ki, Bakıdakı digər belə
obyektlərdən fərqli olaraq buradakı binanın qazılmaqda olan bünovrəsindən
çıxarılan daş, qaya parçalarpı ərazidəki bağın, 20 ildən bəri yetişdirilən
ağacların dibinə yeridilməklə bağ darmadağın edilir. Bununla tikinti sahibi
yaxınlıqda ayrı-ayrı vətəndaşların saldığı meyvə ağacları olan bağlara gedən
yolları da qeyri-qanuni olaraq bağlayıb.
Bu günlərdə Rusiya telekanallarından birində Moskvada yeni tikinti
həvəskarlarının yaşıllıqlarla bağlı problemləri necə həll etdikləri barədə süjet
göstərilmişdi. Parkda gələcəkdə tikinti apararkən kəsəcəyi ağacların cəriməsini
ödəməyin asan yolunu tapan işbaz ağacların üzərinə kimyəvi məhlul atmaqla onları
qurutmuşdu. Ancaq rus "tikintibazlar" bunu ərazidə tikinti işlərinə başlamazdan
əvvəl etmişdilər ki, bunu kimin etdiyi bəlli olmasın. Xətaidə isə məqsəd və
məram gözgörəsi bəllidir. Aldığı yerdə tikinti aparan işbaz, gələcəkdə zəbt
edəcəyi ərazinin də ağaclarını elə bəri başdan qurudur ki, sonra işləri çox
çətin olmasın. Bir də ki, bünövrədən çıxan daş havayıdır. Eyni zamanda,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakının digər yiyələri də tikinti
sahibinə binanın əsasından çıxan qaya parçalarının bunun üçün nəzərdə tutulmuş
əraziyə daşınmasını tələb etmir. Bəlkə də tələb etməyə cürət etmir. Buna əmin
olmaq üçün ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun cəsarətsiz
sifətinə baxmaq yetər. Axı tikinti-dağıntı işlərinin arxasında Ramil Usubov kimi
çəkili bir şəxs dayanır. Onun "obyekt"indən Hacı Məmmədov kimi "sıravi"lər
çııbsa, görün Ramil Usubovun özü nədir! Adamı 10 dəqiqənin içində yoxa
çıxarar...
Hələlik biz tikinti aparılan ünvanda çəkilmiş şəkilləri yuxarıda adları
sadalanan rəsmilərin diqqətinə çatdırırıq. Mətbuatın neçə vaxtdan bəri "şadlıq
evləri maqnatı" kimi təqdim etdiyi DİN sahibinin "Şəms"ə nə kimi aidiyyatı
olduğu təbii ki, rəsmi sənədlərdə əksini tapmayıb. Ancaq bu o demək deyil ki,
Xətaidə Ramil Usubovdur, Bağdadda kor xəlifə. Mövzu ilə bağlı rəsmi sorğularımız
davam edəcək. Güman edirik ki, səlahiyyətlərindən istifadə edən məsullar
apardıqları tikintini sənəd üzərində hüquqları çatan sərhədlərə sığmağa
çalışacaqlar. Cənab nazir isə, ən azı, Xocalıda soyqırıma məruz qalmış
həmvətənlərimizi gözü önünə gətirəcək. Soyqırıma məruz qalan ağaclar və bu iki
insidentin törədiciləri arasında elə prinsipial fərq yoxdur...
Azadlıq jurnalı, № 3, 18.07.2005