Başında "kefkom" oğlanların durduğu Azərbaycan

Qızmar yayla birlikdə qabaqdan seçki gəlir - hakimiyyət üçün olduqca çətin bir seçki. Buna görə indi İ.Əliyev tez-tez dincliyini pozub xalqla görüşlərə getməli olur. Bugünlərdə o, Ağdaş, Göyçay rayonlarında olmuşdu. Bu yorucu-usandırıcı görüşlərdən özünə gələr-gəlməz onu biz Maştağa xalqı ilə görüşən gördük. Üz-gözündən göründüyü, xarakterindən bəlli olduğu kimi, bu görüşlər İ.Əliyev üçün cəhənnəm əzabı kimi bir işdi.

Özünüz düşünün: bu adam atasındanqalma quldur komandasının, korrupsiyaçı - soyğunçu rejimin başında durur. Korrupsiya rejiminin kontrol mexanizmləri - polis, prokurorluq, məhkəmə, MTN öz işini görməkdədir. Rüşvəti, soyğunçuluğu başlıca yönətim metoduna çevirmiş icra hakimiyyətləri də eləcə. İ.Əliyev özünü başında durduğu bu orqanlardan, onların istəklərindən ayrı tutmaq, xalqın gözündə özünün "ədalətli" padşah obrazını yaratmaq üçün hər yerdə olduğu kimi, Maştağada da deyirdi: "Nə problemləriniz var, deyin, aradan qaldırım".

Hər yerdə olduğu kimi, Maştağada da adamlar daha çox polis özbaşınalığından, soyğunçuluqdan gileylənirdilər. Bu isə, bəlli olduğu kimi, İ.Əliyevin özündən, onun ata rejimindən gileylənmək deməkdir. Görünür, elə buna görə o, gileyləri başqa yerə, daha çox "neytral zolağa" keçirməyə çalışırdı: "Yol, su, işıq, qaz problemləriniz varsa, deyin, kömək eləyim". İki ildən bəri "prezident" adlandırılan bu adamın baxışına, düşüncəsinə, dünyagörüşünə bax, prezident adıyla xalqla görüşə gedir, özünü montyor, santexnik yerinə qoyur. Özü də gerçəkdən yox, yalandan - özünü yaxşı göstərmək üçün. O hər yerdə "çox böyük diqqətlə" xalqın gileylərini dinləyir, sonra da çıxıb gedir... kefinin, əyləncəsinin dalınca. Buna görə ölkənin hər yerində H.Əliyevdənqalma rejim, H.Əliyevdənqalma oğru kadrlardı. İ.Əliyev bütünlüklə korrupsiyaya bulaşmış hökumətdən, prezident aparatından iki ildə hələ bir adamı işdən çıxarmayıb. Belə bir durumda o, Ağdaşın, Göyçayın, Maştağanın, ya getdiyi hansısa yerin problemlərini aradan qaldıracağına söz verir.

Onun prezident olaraq başlıca xarakter özəlliyi elə budur: o söz verir, iş görmür. Onun atası bu ölkəni düz otuz beş il belə fırlatdı - söz verməklə. İ.Əliyev "Türk Si-en-en" kanalına verdiyi intervüdə rəhbər işçilərin qarşısında belə bir şərt qoyduğunu bildirir: kim xalqa qulluq etməsə, işdən gedəcək. Bu da bir sözdür. Özü başda olmaqla İ.Əliyev komandasında xalqa qulluq eləyən bircə adam yoxdur. Telekanala intervüsündə o, ölkədə geniş yayılmış korrupsiya probleminə də toxunur: "Bizdə kim rüşvət alsa, tez işdən çıxarılır". Bunu başqaları bir yana, bütün nazirləri rüşvətə daraşmış bir prezident deyir. Qınamağına dəyməz, bu da sözdür. El arasında deyildiyi kimi, sözə nə verirlər?!

İ.Əliyev görüşlərində, intervülərində Əliyevçi rejimin ölkəyə ağgün gətirdiyindən, "uğurlu iqtisadi islahatların" neft pullarının ölkəyə firavanlıq, yüksəliş gətirdiyindən dəm vurur. Konkret faktlara söykənmədən. Fakt onun nəyinə gərəkdir? Fakta qalsaydı bu xalq onu çoxdan başında durduğu oğru komandası ilə birlikdə süpürüb atmalıydı.

Dünyanın gəlişmiş ölkələrində dövlət ən çox hüquqçulara, jurnalistlərə, həkimlərə, müəllimlərə, analitiklərə qayğı göstərir, onlara yüksək donluq verir. Bizdəsə tərsinədir, ən böyük qayğı görən də, ən yüksək donluq alan da hakimiyyətin ayrı-ayrı qollarında özünə yer eləmiş oğrular oğrusudur. Bizdə orta məktəb müəllimi 12 "şirvan"la 24 "şirvan" arası donluq alır. Ali məktəb müəllimlərinin donluğu 16-35 "şirvan", həkimlərin donluğu 12-18 "şirvan" arasıdır. Tibb bacısının donluğu 6 "şirvan"dı. Yaxınlaradək dövlət televiziyası sayılan AzTV-də də jurnalistlərin donluğu tibb bacısının donluğundan bir neçə "şirvan" artıq idi. Ölkənin görkəmli rüşvətxorlarından biri sayılan, çoxlu sayda restoran, şadlıq sarayları kimi yüksək gəlir gətirən obyektlərin yiyəsi, milyonlarla dollar pulu olan Nizami Xudiyev, üstəlik, AzTV sədri olaraq hər ay üç milyon manata yaxın donluq alır.

Rejimə əlaltılıq eləməklə böyük kapital toplamış, restoran, şadlıq evləri şəbəkələrinə yiyələnmiş, şəhərin on iki yerində göydələn tikdirən (yaxınlarının dediyinə görə) İsmayıl Ömərov, üstəlik, "İctimai Televiziyanın" baş direktoru olaraq dövlətdən 1000 dollar donluq alır. Milli Elmlər Akademiyasında çalışan alimlərsə 40-80 dollar arası donluq alırlar.

Bəs, demək olar, hamısı biznesə qurşanmış, ola bilsin, elə buna görə özlərinin parlamentdəki iş günlərini minimuma endirmiş deputatlar necə? Onlar 1200 dollardan bir az əskik donluq alırlar.

İ.Əliyev elə bir ucdan məhkəmə-hüquq sistemində çalışanların donluğunu artırır. İndi bizdə hakimlər 1000 dollar, prokurorlar 1000 dollar, polis zabitləri 300 dollardan artıq donluq alırlar. Bütün bunlara baxmayaraq ölkənin hüquq-məhkəmə sistemi bütünlüklə rüşvət - bulaşıq içindədir. Hələ mən H.Əliyevin özünün ayrıca kateqoriyaya çevirdiyi böyük bir parazitlər ordusunu demirəm. Bunlar kimlərdir? Hakimiyyətə yarınmağı, quyruq bulamağı ilə tanınmış bir sıra jurnalistlər, "elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri" - hərəsi ayda 500 dollar prezident təqaüdü alır. Bu, dünyada görünməmiş bir özbaşınalıqdır - prezident özbaşınalığı!

Xalqa deyil, özünə - rüşvətə qulluq eləyən çinovnik bir ayda 250 dollar, nazirlər 1200 dollar donluq alırlar.

İ.Əliyev - ölkənin bu autsayder siyasətçisi ayda 5 min dollar donluq alır. Sizə çox görünə bilər, bu ancaq onun bir günlük kefinə yetməyəcək puldur. "Kefkom" oğlanlara pul çatdırmaq olduqca çətin işdir - başlıcası da onlar nazir, prezident olanda. Azərbaycanın başında bu gün İlham Əliyev, Kəmaləddin Heydərov, Ziya Məmmədov kimi "kefkom" oğlanlar durur.

"Biz bu gün burdayıq. Sabah da burda olacağıq. Çünki biz sizin, xalqınızın, ölkənizin, gələcəyinizin qayğısını çəkirik", - bunu ABŞ-ın Azərbaycandakı böyük elçisi Rino Harniş deyir. Bilirsiz niyə deyir? ABŞ hökuməti Azərbaycanın başında duranları, onların istəklərini, bu ölkəyə, bu xalqa necə toy tutduqlarını bizdən yaxşı bilir.

Əliyevçi rejim qaldıqca xalqımız, ölkəmiz, gələcəyimiz qorxu altında qalacaq. Nə yaxşı, dünyada bu işğalçı, bu quldur rejimin qorxduğu ABŞ var!"..

Xaliq Bahadır

Azadlıq jurnalı, № 3, 18.07.2005