Heydər Əliyevin arxasında üç dost

Var idi. İkisi səfir göndərilib, üçüncüsünü, deyəsən, türməyə göndərəcəklər

İyulun 26-da Daxili İşlər Nazirliyində kollegiya iclası keçirildi. 6 ayın yekunları ilə bağlı. O 6 ayın ki, onun 4 ayı bütünlüklə bu qurumda baş verən cinayətlərin araşdırılması ilə zəngin olub. Nəyi, necə, kimlər müzakirə edir? Maraqlısı bu suallardır.

Məsələnin kökü dərindədir. Yəni ötən əsrin axırlarına gedib çıxır.

Etiraf edək ki, Heydər Əliyev hakimiyyətinin möhkəmləndirilməsində, illərlə tab gətirməsində müəyyən şəxslərin rolu olub. Düzdür, həmin şəxslər istifadə müddəti bitdikdən sonra kənara atılıb. Amma fakt faktlığındadır. Baxmayaraq ki, bu hakimiyyətin devrilməsi üçün elə də ciddi cəhdlər olmayıb. Müxalifət, dilə gətirməsə də, həmişə "patriarxın payızını", bir vaxtlar mətbuatın dilindən düşməyən "X" gününü gözləyib. Amma maraqlıdır ki, hamının illərlə gözlədiyi "X" günü gəlib çatsa da, müxalifətin arzularını gerçəkləşdirməyə, yumşaq desək, cəsarəti çatmadı, yaxud bu arzuları gerçəkləşdirə bilmədi. Böyük həsrətlə gözlədiyi gün gəlib çatanda məlum oldu ki, müxalifət heç bu günə də hazır deyilmiş. Elə hakimiyyət də. Hər iki tərəfin hazırlıqsızlığının çox çeşidli səbəbləri var. Hakimiyyət, yəni Əliyev özündən sonra yerində oturacaq kimsəni görmürdü, və ya görmək istəmirdi. O, hətta ona sədaqətlə xidmət edən qoca professoru - Murtuz Ələsgərovu, bir neçə günlüyə olsa da, öz yerinə layiq bilmədi. Konstitusiyaya dəyişiklik edib "X" günündə onu əvəzləmək səlahiyyətini "öl desələr ölən, qal desələr qalan" baş nazirə verdi. Onu qeyd edək ki, müxalifət bu gündən yararlana bilməsə də, bir-birini didməyə hazır olan, canavarlar kimi ağız-ağıza yatan iqtidar nümayəndələri özlərində güc tapıb hakimiyyəti qoruyub saxlaya bildilər. Hətta 2003-ün payızına - prezident seçkisinə qədər ölülərini torpağa da tapşırmadılar. Bunu seçkini saxtalaşdırıb tam və qəti qələbəyə nail olandan sonra həyata keçirdilər. Dünya saxtakarlıq faktlarını etiraf etsə belə...

Hakimiyyəti ərzində keçirdiyi bütün seçkiləri saxtalaşdıran Əliyev beynəlxalq təzyiqlərin qarşısında həmişə duruş gətirə və seçkilərin legitimliyini onlara qəbul etdirə bilib. Vaxtaşırı Seçki Məcəlləsinə edilən dəyişiklikləri Qərb "irəliyə doğru daha bir addım" kimi qiymətləndirib. Çox təəssüf ki, irəliyə doğru atılan o addımlar hələ də bizi demokratik Seçki Məcəlləsi formalaşdırmağa çatdıra bilməyib. Artıq 21-ci əsrdir və bu əsrdə keçirəcəyimiz ilk parlament seçkisinə ötən seçkilərdə də demokratiyanı təmin etməyən həmin qanunla gedirik. Mətləbdən uzaqlaşmayaq.

Əliyev hakimiyyətinin qorunub möhkəmlənməsində xidmətləri olan üç dostdan biri - Ramil Usubov artıq uçurumun kənarındadır. İkisini isə çoxdan uçurumdan aşağı yuvarlayıblar. Söhbət Eldar Həsənov və Namiq Abbasovdan gedir. Onlar - Ramil Usubov, Eldar Həsənov və Namiq Abbasov həqiqətən dost idilər. Onları birləşdirən bağlar haqqında mətbuatda zaman-zaman çox müxtəlif yazılar gedib. Obyektiv, eyni zamanda heç bir fakta söykənməyən məqalələrdə bu bağların güclü və zəif həlqələri araşdırılıb. Əvvəla onu deyək ki, üç dostdan ikisi, Eldar Həsənov və Namiq Abbasov mətbuatla işləməyə xüsusi səy göstərirdilər və insafən onu da vurğulayaq ki, bu işi yüksək səviyyədə qurmuşdular. Maraqlıdır ki, ölkənin əsas aparıcı qəzetlərində bu şəxslər haqqında hətta tənqidi yazılara belə indi də rast gəlmək çox çətindir. Onların əleyhinə yönəlmiş yazılara isə, adətən aztirajlı, elə kimisə vurmaq məqsədilə yaradılmış qəzetlərdə rast gəlmək olar. Çox vaxt da bu aztirajlı qəzetlərdə gedən "şok açıqlamalar"ın cavabını çoxtirajlı qəzetlər verir. Bu ənənə indi də davam edir.

Yenə həmin "üçlüyün" düşmənləri nəzarətlərində olan qəzetlərdə kampaniyanı davam etdirirlər. Bu kampaniya Daxili İşlər Nazirliyindəki cinayətkar dəstənin tutulmasından sonra xüsusilə davamlı xarakter alıb. Maraqlıdır ki, "döyüş" bir komandanın - Heydər Əliyev komandasının üzvləri arasında gedir. Vuruşan tərəflərin hər ikisi Əliyevin sadiq qullarıdır. Sadəcə dava nüfuz, səlahiyyət, daha çox var-dövlət toplamaq, rəqibi sıradan çıxarmaq uğrunda gedir. Səlahiyyətləri əlindən alınmış, "sürgünə" göndərilmiş tərəfin - "üçlüyün" mövqeləri indiki məqamda zəifdir. Ramil Usubov meydanda tək qalıb. Dostların ona dayaq durmaq imkanları heçə endirilib. İndi meydan Kəmaləddin Heydərovun meydanıdır. Hacı Məmmədovun və nazirlikdə yuva salmış cinayətkar dəstənin ifşası baş gömrükçünün əl-qolunu bir qədər də açıb. Əsl hücum məqamıdır. O, nəzarətində olan, yaxud maliyyə yardımı etdiyi qəzetlər vasitəsilə bu cinayəti "üçlüyün" ayağına yazmaq cəhdləri göstərir. Əslində məntiqli də görünür. Bütün baş verənlər Əliyev hakimiyyətinin güclü vaxtlarına təsadüf edir. O vaxtlara ki, həmin bu "üçlük" səlahiyyət sahibi, söz yiyəsi idi. Ölkədə baş verən proseslər onların tam nəzarəti altındaydı. İndi açılan bu cinayətin o zaman açılmamasının səbəblərini bu dostluğa bağlayanlar da var. Dostlar susurlar. Bunun da izahı müxtəlifdir. Ya həqiqətən bu cinayətin iştirakçıları olduqlarından məsuliyyətdən susmaqla yaxa qurtarmaq istəyirlər, ya da cavab vermək məqamının hələ yetişmədiyi gümanındadırlar. Ramil Usubov "ANS"-ə müsahibəsində dolayısıyla bütün baş verənlərin arxasında Heydər Əliyevin dayandığını açıqladı. Düzdür, bir neçə gündən sonra "525-ci qəzet"ə müsahibəsində "ANS"-ə dediklərini təkzib elədi. Cinayətkarların tutulub-buraxılması barədə "ümummilli lider", "möhtərəm cənab", "mərhum prezident"dən heç bir göstəriş almadığını dedi. Görünür dostlar da pis vəziyyətdə qalmamaq üçün hələlik susmağa üstünlük verirlər. Əslində indiki məqamda bu ən doğru yoldur. Çünki ya gərək hamısını açıb deyəsən, sonradan təkzib etməmək şərtilə, ya da susasan...

Namiq Abbasov açıqlamalarında Hacı Məmmədovu tanımadığını deyir, bu işlə o vaxt müavininin məşğul olduğunu vurğulayır. Maraqlıdır, adam oğurluğu kimi cinayətin istintaqı bu nazirlikdə aparılır, nazir bu işə diqqət belə ayırmır. Hətta cinayətkarın kimliyi ilə də maraqlanmır. Müavini bu işlə məşğul olduğu üçün...

Yeri gəlmişkən, müavin məsələsi bu üç dostun həmişə ağrılı yeri olub. Heydər Əliyev onlara nə qədər inansa da, "dövlətçiliyin qorunması üçün" onların gücündən nə qədər yararlansa da, etibar məsələsində həmişə işini ehtiyatlı tutub. Eldar Həsənovun İsa Nəcəfov, Namiq Abbasovun Elman Qəmbərov, Ramil Usubovun Məhərrəm Əliyev problemi olub (İkisi bu problemdən xilas olsa da, özləri necə qiymətləndirir, bilmirəm, Ramil Usubov hələ də əziyyət çəkir). Görünür Heydər Əliyev bundan ləzzət alırmış. Çünki uzun illər dövlətin əsas dayaqlarından sayılan bu qurumlarda sözün həqiqi mənasında əsl ölüm-dirim savaşı gedib. Nazir-müavin çarpışması çox qəzetlərin gəlir mənbəyinə çevrilib. Sonda ata və oğul Əliyevlər birinciləri qurban verməklə bu məsələni "çözdülər". Amma işi ehtiyatlı tutmaqla. Ölkədə böyük dayaqları (bütün mənalarda) olan iki əsas fiqur səfir göndərildi. İndi onlar Azərbaycanda baş verən proseslərdən kənarda qalıblar. Hər ikisi strateji baxımdan bizim üçün heç bir əhəmiyyəti olmayan ölkələrdə məsələn, Nigeriyanın Azərbaycandakı səfiri kimi vaxt keçirirlər. Təsir imkanları sıfıra endirilib. Ölkəyə yalnız birinci şəxsin icazəsi ilə gələ bilərlər. Vaxtilə ətraflarına yığdıqları adamlar pərən-pərən salınıb. Prokurorluq adına ləkə sayılan Zakir Qaralov bu qurumda özükimiləri yerləşdirib. Milli Təhlükəsizlik Naziriliyisə polisdən fərqlənmir. Keçmiş polis işçisi Eldar Mahmudov dostlarını başına yığır. Yəni polis işçilərini. Təcrübəli çekistlər "uf" deyilmədən bu orqandan xaric edilir. Artıq keçmiş çekistlərdən ibarət böyük bir narazılar ordusu yaranıb. Müxtəlif yerlərdə, müxtəlif məclislərdə narazılıqlar səsləndirilsə də, onlar hələ ki, açıq hücuma keçməkdən çəkinirlər. Bunun da başlıca səbəblərindən biri nazirlərinin "sürgündə" olmasıdır. Baxmayaraq ki, bəziləri onu cəsarətsiz nazir sayırlar. Əvvəla, Namiq Abbasovun Özbəkistana səfir göndərilməsini onun keçmiş işçiləri təhqir kimi qəbul edirlər. Eyni zamanda onun ünvanına səslənən ittihamlara cavab verməməsini də N.Abbasovun artıq xeyli itirilmiş nüfuzuna zərbə sayırlar. Hətta məlum regiondan olması da onu xilas edə bilməyib.

"Qarabağlıların lideri" sayılan Eldar Həsənovun onunla müqayisədə mövqeləri daha ağırdır. Ömrü boyu bu klana (həm də özünə) xidmət etməsinə baxmayaraq, tayfa onu öz sıralarına qəbul etmək istəmir. Hətta İlham Əliyevlə uzun illərdən bəri davam edən dostluq münasibətləri də onun dadına çatmadı. "Patriarxın payızı"ndan sonra onun ölkəyə qayıdacağı, yenidən məsul post tutacağı barədə ortaya atılmış, yaxud mətbuata qəsdən sızdırılmış məlumatlar dərhal kəskin əks-reaksiya ilə qarşılandı. Yenidən Nizami Qocayev məsələsi gündəmə gəldi. Hətta keçmiş baş prokurora, Azərbaycanın Rumıniyadakı səfirinə qarşı sui-qəsd cəhdi, bu cəhdin qarşısının alınması barədə xəbərlər dolaşmağa başladı. Bəzi qəzetlərin yazdıqlarına görə, bu qayıdışın qarşısını bütün məsələlər üzrə səlahiyyətli Ramiz Mehdiyev alıb. İlham Əliyevin hətta istəyi olubsa belə, onun qarşısı çox asanlıqla alındı. Məsələ ciddi müzakirə mövzusu olmadı. Yenə bu xəbərlərə mətbuatda ehtiyatlı münasibət hiss olundu. Yenə aparıcı qəzetlər "qayıdış"ın üstündən sükutla keçdilər. Beləcə, keçmiş baş prokurorun ölkəyə vəzifəyə qayıdışıyla bağlı asta-asta yayılmış xəbərlər elə yayıldığı kimi də sakitcə gündəmdən düşdü. Hələlik düşmənlərin bu cəbhəsində nisbi sakitlikdir. Görünür hər iki tərəf məqam gözləyir. Çünki münasibətlər o qədər gərgindir ki, atəşkəs çox davam edə bilməz...

Baxmayaraq ki, keçmiş baş prokuror çevik təfəkkür yiyəsidir. Təfəkkürü lap çevik olanlarsa indi də Ramiz Mehdiyevlə dostluq edirlər və hələ ki bu dostluqdan ziyan görməyiblər...

Bütün baş verənlərə rəğmən, hər iki dostun çıxışlarında "ümummilli liderimiz", "möhtərəm cənab prezident" kimi artıq köhnəlmiş, tamamilə əhəmiyyətsiz ifadələrin yer alması göstərir ki, onlar ya nəyəsə ümid edirlər, ya da barələrində deyilənlərin, yazılanların həqiqət olmadığına, nə qədər ağır olsa da, başqalarını inandırmaq iqtidarında deyillər...

"Azadlıq"

Azadlıq jurnalı, № 5, 01.08.2005