Pulun çoxalması varlanmaq deyil
Artım bu sürətlə davam edərsə, bizi hətta neftdən gələn gəlirlər də xilas edə
bilməyəcək
Hər bir ölkənin iqtisadi inkişafında düzgün və məqsədyönlü pul-kredit siyasəti
mühüm rol oynayır. Bu siyasətin qayəsi inkişafın müxtəlif dövrlərində qarşıya
qoyulan və prioritet sayılan iqtisadi vəzifələrin həyata keçirilməsinə yardımçı
olmaqdır. Bu siyasətin işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsi
mərkəzi bankın üzərinə düşür.
Azərbaycanda mərkəzi bank funksiyasını yerinə yetirən Milli Bank bu gün ölkə
iqtisadiyyatının inkişaf etməsində əsas sima roluna iddia etməklə özünü pis
vəziyyətə salır. Əslində mərkəzi bank pul-kredit siyasəti ilə iqtisadiyyatın
inkişafı sahəsində həyata keçirilən tədbirləri tamamlamalıdır. Belə olduqda
həmin tədbirlərin səmərəsi artır. Əlbəttə, deyə bilərlər ki, Milli Bankın əsas
vəzifəsi manatın sabitliyini təmin etməkdir və onu da yerinə yetirir. Lakin
Azərbaycan bir iqtisadi sistemdən digərinə keçən və inkişaf etməkdə olan bir
ölkə olduğu üçün Milli Bank daha çevik pul-kredit siyasəti yürütməlidir. Uzun
illər ərzində Milli Bankın yeritdiyi sərt pul-kredit siyasəti isə iqtisadiyyatda
istehsalın boğulmasına xidmət edib.
Milli Bankın məlumatına görə dövriyyədə olan pul kütləsinin həcmi 2005-ci il
iyul ayının 1-nə 3851,3 mlrd. manat təşkil etməklə bu ilin iyun ayının 1-nə
nisbətən 6,04%, 2004-cü il iyulun 1-nə nisbətən isə 34,1% artıb. 2005-ci il
iyulun 1-nə olan pul kütləsinin 2673,6 mlrd. manatı nağd pul vəsaitlərinin,
1177,7 mlrd. manatı isə nağdsız vəsaitlərin payına düşüb. Ötən ilin eyni dövrü
ilə müqayisədə nağd pul kütləsi 32,8%, nağdsız aul kütləsi isə 37,3% artıb.
Burada 3 məsələ diqqəti cəlb edir:
- pul kütləsinin keçən ilin müvafiq dövrünə nisbətən artımı - 34,1 faiz;
- qeyri-nağd pul kütləsinin artımı - 37,3 faiz.
- pul kütləsinin iyun ayı ərzində artımı - 6,04 faiz.
Keçən ilə nisbətən pul kütləsinin artımı haqqında statistik məlumatlara əsasən,
ümumi daxili məhsul (ÜDM) cari ilin 6 ayında 24505,1 mlrd. manat təşkil edib ki,
bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz çoxdur. Adətən, normal
inkişaf edən ölkələrdə ÜDM artım tempi ilə dövriyyədə olan pul kütləsinin
həcminin artım tempi bir-biri ilə uyğun gəlir. Çünki ÜDM-lə müqayisədə pul
həcminin daha sürətlə artmasına yol verilməsi inflyasiyaya yol açır. Lakin bizdə
pul kütləsinin artımı 34,1 faiz olmaqla ÜDM-in artım tempini 2 dəfədən çox
üstələyib. Elə ölkədə manatın dollara nəzərən bahalaşmasına baxmayaraq, istehlak
qiymətləri indeksinin keçən ilin müvafiq dövrünə nisbətən 13,5 faiz təşkil
etməsinin səbəblərindən biri də elə bu sayılmalıdır.
Cari ilin birinci yarısında əhalinin pul gəlirlərinin nominal həcmi 17,2 trln.
manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 25,9 faiz artıb. Eyni
zamanda ölkə əhalisinin hər nəfərinə düşən gəlir 24,6 faiz artaraq 2,1 mln.
manata çatıb. Göründüyü kimi, bu iki mühüm göstəricinin artım templəri də ÜDM-in
artım tempini üstələyir.
Azərbaycan kimi ölkələrdə dövriyyədə olan pul kütləsinin həcmini müəyyən etmək
elə də asan məsələ deyil. Çünki dövriyyədə ölkənin öz valyutası ilə yanaşı
sərbəst dönərli valyutalar da (dollar, avro, funt-sterlinq və s.) iştirak edir.
Hətta belə vəziyyət həmin valyutaların emissiyasını həyata keçirən ölkələrdə
pulun dövretmə sürətinin aşağı olmasına səbəb olur. Lakin bizim üçün yaranan
əsas problem pul kütləsinin həqiqi həcminin müəyyən edilməsinin çətinliyidir.
Azərbaycanda dövriyyədə olan pul nişanlarının əlverişsiz ölçüləri bahalı və
uzunmüddətli istifadə üçün istehlak mallarının (avtomobil, ev, zinət əşyaları və
s.) alqı-satqısında iştirak baxımından manatın dollara uduzmasına şərait
yaradır. Azərbaycanda istər topdansatış, istərsə də parakəndə ticarət
əməliyyatlarının böyük hissəsinin nağd qaydada aparılması pulların sayılması,
saxlanması və daşınması proseslərinidə iri pul nişanlarından istifadəni zəruri
edir. Lakin Azərbaycanda dövriyyədə olan ən yuxarı qiymətli pul əskinası 1996-cı
ilin mayında dövriyyəyə buraxılan 50 000 manatlıq əskinaslardır ki, bu da
təxminən 11 ABŞ dollarna bərabərdir. 50 və 100 ABŞ dollarına ekvivalent ola
biləcək milli pul nişanlarının yoxluğu dövriyyənin böyük hissəsinin ABŞ dolları
ilə aparılmasına səbəb olur. 1996-cı ildən (həmin dövrdə 1 ABŞ dolları 4350
manata bərabər olub) bu günədək bu məsələyə diqqət yetirilməməsi ən azı təəccüb
doğurur. Digər tərəfdən əvvəllər dolların üstünlüyü manata inamın zəifliyi və
inflyasiya riski ilə izah edilirdisə, indi bu fikir üçün əsas yoxdur.
2006-cı il yanvarın 1-dən Azərbaycanda pul nişanlarının nominal dəyərinin və
qiymətlər miqyasının dəyişdirilməsi - denominasiyanın həyata keçirilməsi ilə bu
məsələnin həll ediləcəyinə gəlincə isə yalnız psixoloji amillərin (qiymətlərin
kiçik görünməsi fonunda qiymət artımlarının ilk vaxtlar diqqətdən kənarda
qalması) hesabına yaranacaq inflyasiya təkrəqəmli olmaya da bilər.
Pul kütləsinin artmasına maaşların, pensiya və təqaüdlərin artırılması da təsir
edir. Bu artım özlüyündə müsbət hal olsa da, bu tədbirin əmtəə qarşılığı olmadan
pul kütləsinin artırılması hesabına həyata keçirilməsi inflyasiya riskini
artırır. Amma iqtisadiyyatın inkişaf etdirilməsi hesabına artım mənfi nəticələrə
səbəb olmadan əhalinin rifahının yüksəlməsinə xidmət edərdi.
Qeyri-nağd pul kütləsinin artımına gəlincə, dövriyyədə nağdsız pul vəsaitlərinin
artması Vergi Məcəlləsinə (VM) əlavə və dəyişikliklər edilməsi barədə 16 noyabr
2002-ci il və 28 noyabr 2003-cü il tarixli Qanunları ilə VM-in 175.2-ci
maddəsinə müvafiq dəyişikliklər edilərək əvəzləşdirmə üçün yalnız nağdsız
qaydada ödənilmiş ƏDV məbləğlərinin qəbul edilməsi qaydasının müəyyən edilməsi
nəticəsində baş verir. Vergi ödəyiciləri ödəmələri bank vasitəsilə aparmağa
məcbur edilərək bank dövriyyəsi süni surətdə artırılır. Buna görə də pul
kütləsinin tərkibində qeyri-nağd hissənin artması bank sahəsində yeridilən
hansısa uğurlu siyasətin və ya islahatın deyil, yalnız VM-ə edilən müvafiq
dəyişikliklərin nəticəsi hesab olunmalıdır.
Əlbəttə, ölkədə pulun hərəkəti üzərində şəffaflığın təmin edilməsi üçün pul
kütləsinin tərkibində nağdsız vəsaitlərin artması təqdirəlayiq haldır. Lakin bu
təkcə inzibati üsullarla deyil, həm də düzgün iqtisadi siyasət nəticəsində baş
verməlidir.
Aylıq artıma gəlincə, pul kütləsinin artımını əks etdirən rəqəmlərdə xüsusi
narahatlıq doğuran məsələ bu artımın 2005-ci ilin 2-ci rübündə davamlı xarakter
almasıdır. Belə ki, pul kütləsinin artımı əvvəlki ayla müqayisədə cari ilin
aprel ayında 6,5, may ayında 7,4, iyun ayında 6,0 faiz artıb. Bu rəqəmlərə şərh
verməyə çətinlik çəkirəm. Yalnız onu demək olar ki, artım bu sürətlə davam
edərsə, bizi hətta neftdən gələn gəlirlər də xilas edə bilməyəcək.
Təhmasib Hüseynli, tahmasibh@yahoo.com
Azadlıq jurnalı, № 5, 01.08.2005