Senatorların karvanı İlham Əliyevə nə vəd edir

Cəsur hərbçi, əbədi və ədalətli həyat aşiqi və dahi qanunverici Azərbaycana gəlir

Yaxın vatlarda ABŞ Senatının 3 üzvünün bir-birinin ardınca Azərbaycana səfəri gözlənilir. Senatorlar Con Makkeyn, Barak Obama və Riçard Luqarın gözlənilən səfəri şübhəsiz ki, qarşıdan gələn parlament seçkiləri ilə bağlıdır. Onların Azərbaycan hakimiyyəti və müxalifəti ilə hansı tonda danışacağını bəri başdan təsəvvür edə bilmək üçün bu adamların keçdikləri həyat yolu və onların baxışları barədə təssəvvürə malik olmaq lazımdır. Bəri başdan deyək ki, maraqlı və çətin həyat yolu keçmədən ABŞ Senatına yol tapmaq mümkün deyil. Bu uğur cəsarət, intellekt, siyasi yetkinlik və başqa gərəkli cəhətlər tələb edir. Belə səlahiyyətlilərin Azərbaycanda parlament seçkilərini diqqətdə saxlaması şübhəsiz ki, ümidverici faktordur. Beləliklə, bu adamlar "hansı yuvanın quşudur" və onlardan nə gözləyə bilərik?..

Senator Con Makkeyn - 5 il 6 aylıq Vyetnam əsirliyində dəhşətli işgəncələrdən sağ çıxmış hərbçi

Con Makkeyn 1936-cı il avqustun 29-da anadan olub. Senator Makkeyn 198-ci ildə Arizona ştatından ABŞ Senatına çeçilib və 1992, 1998 və 2004-cü illərdə seçkiləri yenidən udub. 2000-ci ildə C.Makkeyn ABŞ prezidentliyinə namizədliyini irəli sürüb. Amma o, respublikaçılar arasında keçirilmiş praymerizdə o vaxtlar Texas ştatının qubernatoru olan indiki prezident Corc Buşa məğlub olub.

Federal siyasətə qoşulmazdan öncə Makkeyn ABŞ Donanmasında fəaliyyət göstərib. O həmçinin Vyetnamda müharibə əsiri olub. C.Makkeyn 1981-ci ildə donanmadan fəxri veteran olaraq azad edilib.

İndi isə bir qədər təfərrüatlar barədə: C.Makkeynin atası və babası da ABŞ Donanmasının tanınmış admiralları olublar. Senator Makkeyn 1954-cü ildə Ali Yepiskop Məktəbini bitirib. Sonra o, atasının yolunu davam etdirərək 1958-ci ildə ABŞ Donanma Akademiyasını bitirib. C.Makkeyn Vyetnamda əsirlikdən azad ediləndən sonra onu preident Riçard Nikson şəxsən özü qarşılayıb.

C.Makkeyn həmçinin qeyri-adi igidliklərinə görə də məşhurdur. 1967-ci il iyulun 29-da onun da yerləşdiyi təyyarəyə raket zərbəsi endirilib. Makkeyn isə təyyarənin burnu tərəfə keçərək oradan tullanıb. Sonra isə partlayış nəticəsində təyyarədə dəhşətli yanğın baş verib və 134 dənizçinin həyatına son qoyub. Amma elə həmin ildə o güllə yarası alıb və Vyetnamda Hanoy şəhərində 5 il 6 ay ərzində əsirlikdə saxlanıb. Güllə yarasından, qəzəbli kütlənin təpiklərindən, onu əsir göftürən hərbçilərin birn il sürən dəhşətli işgəncələrindən sağ çıxan C.Makkeyn 1973-cü ildə azadlığa buraxılıb.

Hazırda respublikaçılar arasında keçirilmiş çoxsaylı sorğular 2008-ci ildə C.Makkeynin praymerizi uda biləcəyini göstərir. Respublikaçıların əksəriyyəti onu 2008-ci ildə prezidentliyə namizəd görmək istəyir. Amma senatorun özü hələlik bu barədə konkret mövqeyini ortaya qoymayıb. Son günlərə təsadüf edən müsahibələrinin birində C.Makkeyn bildirib ki, o, "qəti olaraq ABŞ-ın prezidenti olmaq istəyir, amma 2008-ci ildə namizədliyini verib-verməyəcəyini hələlik dəqiqləşdirməyib".

Siyasi baxışlarına gəlincə, Makkeyn kifayət qədər ziddiyətli şəxsiyyətdir. Öz baxışlarında özünü sərbəst hiss etməsi üzündən çoxları iddia edirlər ki, onun yalnız adı respublikaçıdır, reallıqda isə fərqli birisidir.

C.Makkeyn vaxtaşırı C.Buşun ünvanına sərt ittihamlarla çıxış edib. Küveytdə keçirilmiş ziddiyyətli görüşdən sonra C.Makkeyn müdafiə naziri Donald Ramsfeldin istefasını tələb etmişdi. Buna baxmayaraq, senator Makkeyn Buş administrasiyasının Səddam Hüseyni hakimiyyətdən salmaq barədə qərarını qəti şəkildə dəstəkləyib. Ümumiyyətlə. Makkeyn Buşun xarici siyasətini ümumən dəstəkləyən senatorlardandır.

Onun birinci və ikinci arvadlarının hər birindən 3 övladı var. 7-ci övladlarını isə o, öz arvadı Sindi Hensli Makkeynlə birlikdə Banqladeşdə uşaq evindən övladlığa götürüblər. Onun 4 nəvəsi var.

Senator Barak Obama - nə zamansa öləcəyinə inanmayan ədalət carçısı

Senator Barak Obama 1961-ci il avqustun 4-də Havay adalarında anadan olub. Onun qaradərili atasının da adı Barak Obama, ağdərili anasının adı isə Anna Danham olub. Obamanın Kenyadan olan atası ilə Kanzasdan olan fyfcs Havay Universiftetində tanış olublar.

B.Obama 1983-cü ildə Kolumbiya Universitetini bitirib. 1985-ci ildə Obama Çikaqoya köçərək orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlayıb. 1991-ci ildə Obama Harvard Hüquq Məktəbini bitirib və orada Harvard Hüquq İcmalının redaktoru olmuş ilk zənci amerikalı olub.

1992-ci ildə Barak Obama İllinoys VOTE (tərcüməsi - "səs" və ya "səsvermə" - red.) layihəsinin direktoru olub. Sonrakı ildə isə o, "Davis, Miner, Barnhill $ Galland" firmasında vəkil olaraq səsvermə hüquqları və məşğulluq işləri üzrə ixtisaslaşıb. Hazırda da o bu firmanın məsləhətçisi olaraq qalmaqdadır. 1993-cü ildə Obama həmçinin Çikaqo Hüquq Universitetinin mühazirəçisi oflub və indiyə qədər də bu vəzifəni paralel olaraq icra etməkdədir. 1995-ci ildə onun "Atamdan xatirələr" adlı xatirə kitabı nəşr olunub.

1996-cı ildə Obamanın Senat karyerası start götürüb. Həmin ildə B.Obama 13-cü dairədən İllinoys Ştat Senatına üzv seçilib. Bu dairədə əsasən yoxsul Cənubi Afrika zənciləri məskunlaşıb, amma bir neçə zəngin məhəllə də var.

ABŞ Senatına isə B.Obama 2004-cü ildə seçilib və Senat üzvü kimi fəaliyyətinə 2005-ci il yanvarın 4-dən başlayıb. O, özü də daxil olmaqla üç namizədin qoşulduğu seçkiləri 53 faiz səslə udub.

Onun fəaliyyəti İllinoys ştatında iqtisadi inkişafa və yüksək ödənişli məşğulluğa nail olmaq istiqamətində köklənib. Obama Senatın xüsusi əhəmiyyətə malik Ətraf Mühit və İctimai Məsələlər Komitəsində çalışır. O paralel olaraq Veteranların İşləri üzrə Komitədə də fəaliyyət göstərir. ABŞ infrmasiya mənbələrinin məlumatlarına ögrə B.Obamanın Xarici Əlaqələr Komitəsində də fəaliyyət göstərməsi barədə qərar qəbul edilib. Senatorun Azərbaycana səfəri də yəqin ki, elə bu komitədə başladığı fəaliyyət çərçivəsində baş tutacaq.

"Barak Obama qanunvericilik fəaliyyətim ərzində birgə işlədiyim ən parlaq adamlardan biridir",- deyə ştat senatoru Stiv Ruşenberger bildirib. Amma nədənsə o, Obamanın siyasi spektrumda yerini "Mao Tse-Tunqdan solda" gördüyünü deyib. Mao Tse-Tunq isə kommunist Çin Xalq Respublikasının banisi olmuş diktatordur. B.Obamanın özü müsahibələrindən birində bu müqayisəni "bir qədər şişirdilmiş" adlandırıb.

Əslində B.Obamaya populyarlıq gətirmiş başlıca cəhət onun ədalət carçısı olmasıdır. O bütün ömrü boyu yoxsulluğa və işsizliyə qarşı, həmçinin insanların bərabərliüi uğrunda mübarizə aparıb. Obama ölum hökmünün əleyhdarlarındandır. Onun təşkil etdiyi kampaniya tələb edib ki, ölüm maddəsi üzrə cinayət işləri çərçivəsində bütün sorğu-suallar videolentə çəkilsin ki, müstəntiqlər tərəfindən aldatma və zorakılığa məruz qoyma hallarının qarşısı alınsın. O həmçinin polis tərəfindən sorğu-sual edilən, saxlanılan və həbs edilən bütün şəxslərin qeydiyyatının aparılmasını tələb edən qanunvericilik sənədinin müəllifidir.

B.Obama silahlara nəzarətin gücləndirilməsi istiqamətində də sərt kampaniya aparır. O bütün mülki yarımavtomatik silahların qadağan olunmasını təklif edib.

Tənqidçilərin fikrincə, Obamanın siyasətdə uğur qazanması onun ətrafdakılara qarşı anlaşma ilə yanaşa bilməsindədir. Başqaları isə onu öz əsl təbiətini gizlətməyi bacaran xameleon da adlandırırlar. Ümumiyyətlə, onun hansısa dinə qulluq edib-etmədiyini bilmək istəyənlərə cavab olaraq Obama "mən xristianam" deyə cavab verib. Onun atası isə müsəlman olub. Elə Obama özü də atası ilə birlikdə İndoneziyada yaşayarkən iki ilə müsəlman mədrəsəsində dərs alıb.

B.Obama evlidir, iki qızı var.

"Obama kiminsə cəhənnəmə gedəcəyinə inanmır. O həmçinin özünün ümumiyyətlə o dünyaya gedəcəyinə inanmır",- deyə "Sun-Times" qəzeti yazır. Beləliklə, əbədi və ədalətli həyat aşiqi yaxın vaxtlarda Azərbaycanda - ədalətə çağırışları ilə birlikdə...

Senator Riçard Luqar - Putin, Yanukoviç və Əliyevin birlikdə cavab vermək istədiyi xüsusi nümayəndə

Senator Luqar ABŞ-ın dünya üzərində liderliyinin, güclü milli təhlükəsizliyin, azad ticarət və iqtisadi artımın qızğın tərəfdarı kimi tanınır. O, İndiana ştatının tarixində ən uzunmüddətli senatordur. Hazırda R.Luqar Xarici Əlaqələr Komitəsinin sədridir. O əvvəllər Kənd Təsərrüfatı, Qidalanma və Meşə Sənayesi Komitəsinin sədri olub, hazırda isə həm də paralel olaraq bu komitənin üzvü kimi fəaliyyət göstərməkdə davam edir.

Senator Luqar 1932-ci il aprelin 4-də anadan olub. R.Luqar ilk dəfə ABŞ Senatına 1976-cı ildə seçilib və 2000-ci ildə 5 dəfə Senata üzv olmaqla üç dəfə dalbadal seçkiləri udmuş olub.

Luqar İndianapolisdə Şortric Ali Məktəbini və Ohayoda Qranvil Denison Universitetini bitirib. O həmçinin Oksford Universitetinin Pembrouk Kollecində siyasət, fələsəfə və iqtisadiyyatı öyrənib.

Senator Luqar öz ailəsinin 604 akrlıq torpaq sahəsində yerləşən qarğıdalı, lobya və başqa bitkilərdən ibarət fermer təsərrüfatını idarə edir. İctimai həyata qoşulmazdan əvvəl o həm də öz ailələrinin İndianapolisdə yerləşən ərzaq maşınları istehsalı üzrə biznesinin idarə edilməsində qardaşı Toma kömək edib.

R.Luqar 1968-ci ildən 1975-ci ilədək İndianapolis şəhərinin meri vəzifəsində çalışıb. Mer olduğu müddətdə o, ABŞ-ın Hökumətlərarası Əlaqələrə dair Məşvərət Komissiyasında işləyib. Bu arada o iki dəfə komissiyanın sədr müavini seçilib. R.Luqar həmçinin həmin dövrdə Şəhərlərin Milli Liqasının prezidenti olub.

Senator Luqar nüvə, kimyəvi və bioloji silahların ixtisar edilməsi kampaniyasına liderlik edib. 1991-ci ildə o, həmin vaxt Senatın Silahlı Xidmət Sahələri üzrə sədri Sem Nunla əməkdaşlıq şəraitində Sovet İttifaqında belə kütləvi qırğın silahlarının məhv edilməsi istiqamətində fəaliyyət göstərib. Luqar-Nun proqramı bir vaxtlar ABŞ-ı tuşlanmış 6300 nüvə başlığının zərərsizləşdirilməsinə nail olub.

Senator Luqar bioloji yanacaq araşdırmaları proqramının təşəbbüskarı kimi çıxış edib və bununla o, ABŞ-ın neft idxalından asılılığının azaldılması istiqamətində fəaliyyət göstərib. R.Luqar vergilərin azaldılması, yeni iş yerlərinin açılması, gərəksiz hökumət xərclərinin ləğvi və Amerika iş adamları üçün bürokratik əngəllərin aradan qaldırılması istiqamətinədə fəal çalışmaları ilə tanınır.

Senator Luqar Amerika Siyasi Elmlər Assosiasiyası tərəfindən "Dahi Qanunverici" adına layiq görülmüş dördüncü adamdır.

1956-cı ildə ailə qurmuş R.Luqar və onun xanımı Çarlen dörd oğul və 9 nəvə sahibidirlər.

Azərbaycan üçün R.Luqar həm də onunla maraq doğurur ki, Ukraynada baş tutmuş narıncı inqilab zamanı o, prezident Corc Buşun xüsusi nümayəndəsi bu ölkədə olub. Bu baxımdan bəzən onu "inqilab törədicisi" kimi də gözdən keçirirlər. Luqar Ukraynada seçkidən əvvəl verdiyi bəyanatlarla diqqəti cəlb etmişdi. Məsələn, o zaman Rusiya mətbuatı hirslə yazırdı ki, Riçard Luqar artıq Ukraynanın prezidentini seçib. Luqar tərəddüd etmədən bəyan etmişdi ki, Ukraynanın prezidenti Yuşşenko olacaq və Avropa da onu dəstəkləyəcək. Bu baxımdan Senator Luqarın Azərbaycanda da bəzi diplomatik açıqlamaları diplomatiyasız-filansız - açıq mətnlə dilə gətirməsi gözləniləndir. Rusiya mətbuatı təklif edirdi ki, Luqarın belə həyasız bəyanatlarına Putinin Rusiyası və Yanukoviçin Ukraynası "müstəqillik günü" ilə cavab verməlidir. Yadınızdadırsa, belə bəyanatlara cavab verilməsi mərasimlərində Viktor Yanukoviçlə bir sırada dayanan İlham Əliyev də iştirak etmişdi. Yəqin ki, senator varisin bu nəzakətini də unutmayıb.

Qısası, "dahi qanunverici" qanunsuzluqlarla dolu Azərbaycana gəlir. İlham Əliyevdə qanunlara hörmət aşılamaq üçün... 

Azadlıq jurnalı, № 5, 01.08.2005