Sosial durum(un ağırlığı) hakimiyyət dəyişikliyini diqtə edir

Prezident təqaüdlərinin verilməsi qanunsuzdur

Ölkədə sosial durumun ağırlığını hər bir vətəndaş öz üzərində hiss edir. Elə əhalinin 42 faizinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması bunun sübutudur. Düzdür, hakimiyyət "bülbülləri" ötən illərlə müqayisədə bu faizi böyük uğur sayırlar, amma yoxsulluq faizinin 49-dan 7 punkt aşağı düşməsi, inflyasiyanın 3 faizdən 13 faizə qalxması ilə müqayisədə bütün "uğurları" heçə çıxarır.

Maraqlısı və gülüşlə müşaiyət olunası odur ki, iqtidar vəziyyətdən çıxış yolunu ucuz bəyanatlar, fərmanlar və sərəncamlarda görür. Əhali ilə görüşlərdə kommunal xidmətlər haqqını ödəməməyi tapşıran dövlətin birinci şəxsi, inflyasiyanın qarşısını almaqdan ötrü istiqrazların buraxılmasını sərəncamlaşdırır, bazar kommersantlarına qiymətləri şişirtməməyi xahiş edir. Olmazmı İlham bəy rüşvətdəki "inflyasiyanın" qarşısını almaq barədə müşavirədə konkret nazirlərə üz tutub göstəriş versin, barmağını silkələsin? Olmazmı hüquq-mühafizə orqanlarının rəhbərlərinin korrupsiya ilə mübarizəni korrupsiya uğrunda mübarizə ilə dəyişik saldıqlarından qəzəblənib yumuruğunu masaya çırpsın. Yəqin ki, olmaz, yaxud Ramiz Mehdiyev icazə vermir. Prezidentin Rüşvət Aparatının rəhbəri inflyasiyanı bazarda manatın kütləsinin artması ilə izah ediərək istiqrazların buraxılmasına qərar verməsi isə absurddur. Əvvəla, iqtisadiyyat rəqabət, bazarın əsas qanunu olan tələb-təklif qanunu ilə deyil, inzibati metodlarla tənzim olunur. İntəhası, dollarla satılan neftin qiymətinin qalxması neft ölkələrinin milli valyutasının möhkəmləndirilməsinə gətirib. Yəni bazarda dollar kütləsi artıb. Hətta qəbul mövsümündə ənənəvi "kəlləçarxa çıxan" məzənnə bu il müşahidə olunmadı. İkincisi, əhalini zorla istiqrazlara cəlb etmək harada yazılıb? Biz görmüşük və bilirik ki, əksinə, pul qıtlığı yarananda istiqrazlar dövriyyəyə buraxılır. İndi "başbilənlər" "artıq" pul kütləsini istiqraza yönəltməyi fikirləşirlər. Bərəkallah!

Vətəndaşlar ən çox qanunların icra olunmamasından rahatsızdırlar. Amma icra olunan qanunlar da, məsələn, "Vətəndaşların pensiya təminatı" haqqında qanun, dövlət aparatının xeyrinə, əhalinin ziyanına uyğunlaşdırılıb. Sözügedən qanunun 78-ci maddəsi (29.09.1995 və 13.07.1997-ci ildə edilən düzəlişlərə uyğun olaraq) pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı (NK) tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta aylıq əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqının nəzərə alındığını təsbit edir. Bu isə əsl soyğunçuluq, əhaliyə qarşı sosial repressiya deməkdir. Təsəvvür edin ki, 2003-cü ilin avqustuna kimi NK tərəfindən pensiya hesablanması üçün müəyyən edilən orta aylıq əmək haqqının məbləği... 60 min manat olub!(?) Prezident saxtakarlığı (oxu: seçkisi) öncə əhaliyə "qayğı" göstərən hazıra (baş) nazir bu məbləği 85 min manata qaldırıb. Başqa sözlə, pensiyaların maksimal məbləği də buna uyğun olaraq 180 mindən 255 min manata qaldırılıb. Yəni, ayda 500 min manat da, 5 milyon manat da alsan, pensiyanın məbləği 255 min manatı keçə bilməz. Təbii ki, bu qayda əhaliyə aiddir. Dövlət (oxu: rüşvət) qulluqçuları, deputatlar bu qadağadan müdafiə olunublar. Onlar aldıqları reket haqqının (oxuma: əmək haqqının) 80 faizi həddində pensiya almaq hüquqlarını qanunlaşdırıblar. Başqa sözlə, bu kateqoriya "elit təbəqə" ayda orta hesabla 1,5 milyondan 4,5 milyon manata kimi pensiya ala biləcəklər. Prezident digər (???) vəkillərini də unutmayıb. Hər iki-üç ildən bir çətinə (oxu: seçkiyə) düşəndə dövlətin pullarını prezident təqaüdü şəklində sağa-sola paylayır. İnsafən "Şöhrət" ordenindən imtina edən olsa da, hələ ki fəxri addan və təqaüddən imtina edən olmayıb. Əksinə, təqaüddən ilhamlanıb dastanlar qoşanların hesabına makulaturaların çəkisi getdikcə artır. Prezident pensiyalarının qarşılığında dövlət pensiyalarının on dəfələrlə azlığı birincilərin qanunsuz təyin edilməsi ilə yanaşı, ikincilərə olan hüquqi-sosial ilgini də üzə çıxarır.

Yaşa görə pensiyaların minimum məbləğinin NK tərəfindən müəyyən olunan orta aylıq əmək haqqının 30 faizi həddində (maddə 18) təyin edilməsi də pensiyaların qəpik-quruşa göz dikmələrini şərtləndirir. Yəni 2003-ün avqustuna kimi 60 min manatlıq hökumət haqqının 18 minini, həmin tarixdənsə 85 min manatlıq haqqın 255 min manatını "dövlət qayğısı" kimi həzm edən pensiyaçının durumunu qənaətbəxş saymağın rəsmi təbliğatdan başqa bir şey olmadığı gün kimi aydındır. Minimum əmək haqqını 150 min manata qaldırmaqla öyünən hökumət minimal pensiyanın bundan təxminən 6 dəfə, pensiya hesablanması üçün müəyyən edilən orta aylıq əmək haqqının isə təxminən 2 dəfə az olmasından rahatsız olmurmu? Olsaydı, sözügedən orta aylıq haqqı heç olmasa minimum əmək haqqı səviyyəsinə çatdırardı.

Pensiyaçılar heç hakimiyyətin yadına da düşmürlər. Hətta seçkidə də. Axı onların səsini kimdir vecinə alan. Əsas saymaqdır. Bizim peşəkar rüşvətxorlar (rüşvət, səs) saymaqda mahirdirlər. İqtidarın "şərəfinə"! "Şərəf" faizləri barədə aparatiçi danışıqlar bitmədiyindən konkret rəqəm söyləməkdə acizik. Yoxsulluq, sosial ehtiyac faizləri isə hakimiyyət dəyişikliklərini şərtləndirir.

Məğrub Bədəlsoy

Azadlıq jurnalı, № 5, 01.08.2005