Yazıq sənə Azərbaycan - başında kimlər
durur
Bu gün hara gedirsən ölkədə hamı "Lider" televiziyasından, bu televiziyanın
ölkəyə yaydığı əxlaqsızlıq atmosferindən danışır. "Lider" televiziyası ölkəyə
əxlaqsızlıq yayır. "Lider" televiziyası bizim milli mentalitetimizlə bir araya
sığmayan, milli mentalitetimizdən bütünlüklə uzaq verilişlər yayınlayır. Bu bir
televiziyanın dəyərlər sistemindən gələn görsəniş olsaydı, dərd yarıydı. Bu,
ötən yüzilin 69-cu ilindən Azərbaycanın başında duran Əliyevlər ailəsinin
dəyərlər sistemindən qaynaqlanan televiziya görsənişidir. "Lider" televiziyası
Əliyevlər ailəsinin özü deməkdir. Genetik baxımdan Azərbaycana yad olan bu ailə
milli mentalitet baxımından da yad olmalıdı. Başqa cür ola bilməz.
Azərbaycan tarixində özünə yer eləmək, burada qalmaq üçün Heydər Əliyev başda
olmaqla "ailə" çox çalışmalı oldu. Onlar öz istəklərinə çatmaq üçün milli
mentaliteti dəyişməli idilər. Bəlli olduğu kimi, bu olduqca çətin, üstəlik, uzun
sürən bir prosesdir. Bu işin öhdəsindən heç adam gələ bilməzdi. Ortaya belə bir
bəla "KQB" sistemindən çıxdı. "KQB"-nin ən qorxunc strukturlarından birində -
SMERŞ-də işləmiş Heydər Əliyev, demək olar, 40 il Azərbaycanın başında durdu. Bu
adam çağımız bir yana, ölkənin 80 il öncəki tarixinə belə təcavüz elədi. Böyük
M.Ə.Rəsulzadəni tarixdən silməklə də o özünün, özününkülərin dəyərlər sistemini
bu xalqın dəyərlər sisteminə çevirməyə başladı.
Qayıdışdan sonra 10 il hakimiyyət sürən H.Əliyev düz on il bir illik AXC
hakimiyyətini yamanlamaqdan yorulmadı. Nəyə görə? Bir illik AXC hakimiyyətinin
bu xalqa verdiklərini bütünlüklə unutdurmaq, bu yolla xalqın düşüncəsində tarixi
boşluq yaratmaq, sonra da o boşluğu tutmaq, orada özünə yer eləmək. Yaratdığı bu
sayaq "boşluqlarda" H.Əliyev yalnız özünə yox, bütün ailəsinə, ailə
hakimiyyətinə, ən başlıcası, dünya mass-mediasının qumarbaz, pleyboy kimi
tanıyıb tanıtdığı oğlu İlhama yer eləyirdi.
Bir gün gəldi İlham "yerini" tutdu. Bu adam indi iknci ildir prezidentdir. Ölkə
prezidentindən çox onu ata Əliyevdən qalma korrupsiyaçı komandanın prezidenti
saymaq olar. Açıq-aydın o özünün başlıca missiyasını bu komandanı qoruyub
saxlamaqda görür. Niyə? Oğul Əliyevin prezidentliyinin bir qarantı var, o da bu
oğru, quldur yığını, korrupsiya komandasıdır. Bu komandanın da, İ.Əliyevin
prezidenliyinin də qorunub saxlanması üçün H.Əliyev kultu olduqca gərəklidir.
Elə buna görə də İ.Əliyev komandası ilə birgə bütün ölkədə bir N.Əliyev kultu
yaratmağa çalışır. Bundan ötrü o, atasının özü kimi hər cür yalana əl atır, hər
bir girəvədən yararlanmağa çalışır. Bunu onun 22 iyul Azərbaycan milli mətbuat
günü ilə bağlı Gülüstan sarayında jurnalistlər qarşısında etdiyi çıxış bütün
çılpaqlığı ilə göstərir. İ.Əliyevin bir çox çıxışları kimi, bu çıxış da yalanla
doludur. Burada da başlıca istək H.Əliyev kultu formalaşdırmaqdır. H.Əliyev
kultunusa yalansız formalaşdırmaq olmaz.
Azərbaycanın özgür, demokratik jurnalistikasının düşməni olan H.Əliyevi İ.Əliyev
bu jurnalistikanın patriarxı, böyük arxa-dayağı kimi tanıtmağa çalışır. İ.Əliyev
jurnalistika günü bu günü yaradanlardan çox atasından danışır: "Azərbaycanın
tanınmasında xalqımızın lideri Heydər Əliyevin çox mühüm rolu olmuşdur". Bunun
ardınca o, atasının 1970-ci illərdə, 1980-ci illərin başlanğıcında Azərbaycanda
apardığı geniş quruculuq işlərindən, onun yaratdığı böyük iqtisadi inkişafdan
danışır. Mağazalarda ət, yağ biryolluq yoxa çıxmışdı, ancaq əxlaqsız yalanlara
bürünmüş H.Əliyev AzTV-si xalqa elə hey hansısa bolluqdan danışırdı. Görünür,
İ.Əliyev atasındangəlmə o bolluq yalanlarına çox qulaq asıb.
İ.Əliyev daha bir yalana əl ataraq 1970-ci illərdə H.Əliyevin Azərbaycan
mətbuatını demokratikləşdirdiyindən danışır:"çox cəsarətli yazılar, məqalələr
dərc edilirdi". İ.Əliyev orasını demir: Azərbaycanın ortada olan tanınmış
adamlarını bir-bir vurmaqla ortadan qaldıran o yazıların köməyi ilə H.Əliyev
ölkədə regional hakimiyyət, onun ardıncasa özünün bu gün gördüyümüz tayfa
hakimiyyətini formalaşdırdı. Regional hakimiyyətin özü H.Əliyev üçün tayfa
hakimiyyəti formalaşdırmaqdan ötrü şirma - maskirovka idi. H.Əliyev özünün
mənəvi keyfiyyətlərinə uyğun olaraq milli hakimiyyət formalaşdırmaq ideyasından
uzaq olduğu kimi, regional hakimiyyət qurmaq ideyasından da uzaq idi: regional
hakimiyyət ona özünün gizli tayfa hakimiyyətini qurmaq, qoruyub saxlamaq üçün
gərək idi. Bütün bunlardan sonra İ.Əliyev özü başda olmaqla korrupsiyaçı komanda
H.Əliyevi xalqa ümummilli lider kimi sırımağa çalışır. Bu bir kult
yaradıcılığıdır.
İ.Əliyev atasının birinci hakimiyyəti çağlarında "başqa müttəfiq respublikalarla
müqayisədə Azərbaycanda heç vaxt dissident hərəkatı olmadığından" danışır. "Ona
görə olmamışdı ki, burada ayrı fikirdə olan insanlara, milli ruhun tərbiyə
olunmasında mühüm işlər görmüş insanlara rəhbərlik tərəfindən (atasını deyir)
həmişə böyük qayğı və diqqət göstərilmişdir". Bütünlüklə yalandır. H.Əliyev
belələrini görkəmli ardıcılı Südabə Həsənova kimi "beşikdəcə" öldürür,
öldürtdürürdü. Bu onun professiyası idi; SMERŞ professiyası. H.Əliyevin
əlaltılarından olan Nemət Pənahov H.Əliyevçi prezident aparatından qovulandan
sonra demişdi: "Milli hərəkat nümayəndələrinə prezident aparatında güclü nifrət
var". Çoxsaylı çıxışlarından, yürütdüyü siyasətdən bəlli olduğu kimi, milli
hərəkat nümayəndələrinə güclü nifrətin başında H.Əliyev özü dururdu. Bütövlükdə,
o, bu ölkədə milli nə vardısa, hamısına nifrət eləyir, hamısını yox eləməyə
çalışırdı.
İ.Əliyevin daha bir yalanı. "Azərbaycanda senzura 1998-ci ildə aradan
götürülmüşdür. 1992-ci ildə tətbiq olunan senzura 1998-ci ildə Heydər Əliyev
tərəfindən ləğv edildi. Bütün başqa çıxışlarında olduğu kimi, bu çıxışında da
bala Əliyev atasının yolunu gedərək AXC hakimiyyətini qaralamağa çalışır.
Professional baxımdan özgürlüyün, demokratiyanın düşməni olan H.Əliyev
hakimiyyətə qayıdışından az sonra - 1993-cü il dekabrın 6-sında senzura qərarı
vermişdi.Biz burada dediyi yalana görə İ.Əliyevi qınamaya da bilərik. Sonradan
bəlli olduğu kimi, atasının senzura göstərişi verdiyi çağlarda o, Moskva ilə
İstanbul arasında kommersiya-alver işlərinə qurşanıbmış.
Özünü böyük demokrat, demokratik mətbuatın dostu kimi göstərməyə çalışan
İ.Əliyev bu yöndə də çoxlu sayda yalanlar danışır. Arada müxalifət mətbuatından
incikliyini də dilə gətirir: düşmən dəyirmanına su tökənlər kimi. Sən demə,
İ.Əliyev erməniləri bizə düşmən sayırmış. Onun müxalifət mətbuatından incikliyi
yalnız düşmən ermənilərə görəymiş: müxalifət mətbuatı Əlimyevçi hakimiyyəti
antidemokratik hakimiyyət kimi tanıdı, ermənilər də bu faktdan yararlanaraq
dünyada bizi gözdən salırlar - "Biz gərək buna qarşı mübarizə aparaq".
Beləliklə, bir daha xoruzun quyruğu görünür; bu adam özünün necə demokrat
olduğunu ortaya qoyur. Burada o, başında durduğu antidemokratik rejimi qoyub, bu
rejimə güzgü tutan qəzetlərə qarşı çıxır.
Bütün dünya Əliyevlər hakimiyyətini Yer üzünün ən çox korrupsiyalaşmış
hakimiyyətlərindən sayır. Buna görə ABŞ "minilliyin çağırışı" adı altında bir
çox ölkələrə, o sıradan "Ermənistan"a 500 milyon dollarlıq yardım ayırdı,
Azərbaycana yox!
Belə faktlar bir deyil, beş deyil.
Əliyevlər hakimiyyəti "düşmən" ermənilərə 100 min tonlarla yanacaq ötürür.
Əliyevlər hələ indiyədək ölkədə bir dənə də düzgün seçki keçirməyiblər. Bütün
demokratik dünyanın tanıdığı bu fakt Əliyevlər hakimiyyətinin antidemokratik
hakimiyyət olduğunun ən yaxşı, danılmaz göstəricisidir. Bu adamlar ölkədə
monarxiya rejimi qurandan sonra belə həyasızcasına demokratiyadan danışırlar.
İ.Əliyev özünün çox ilginc bilgisini ortaya qoyur: "Onu da bilirik ki,
Azərbaycanda dərc olunan məqalələr Ermənistanda böyük diqqətlə izlənilir və biz
düşmənə imkan verməməliyik ki, orda Azərbaycan haqqında yanlış təsəvvür
yaransın". Bu adamın səviyyəsinə baxın. Görün prezident adlanan bu adam hansı
dünyagörüşdən çıxış eləyir - qapalı, totalitar, başqa cür desək, antidemokratik
dünyagörüşdən. Yazıq sənə, Azərbaycan!
Düşmən söhbətinə gəlincə, Azərbaycanın Azərbaycan xalqının başlıca düşməni bizə
qənim kəsilmiş Əliyevlər ailəsi - Əliyevlər hakimiyyətidir. Qarşıdan gələn seçki
başlıca düşməndən qurtulmaq yolunda bizim, bəlkə də, son şansımızdır.
Xaliq Bahadır
Azadlıq jurnalı, № 5, 01.08.2005