Samvel Babayan: "İlham Əliyev mənimlə
görüşmək istəyir"
İlham Parisdə erməni silahlı birləşmələrinin komandiri ilə nəyi müzakirə edib
O, azərbaycanlı qadınları və uşaqları qanına qəltan edən erməniyə öz köməyini
təklif edib
Əliyevlər ailəsinin ermənilərlə sıx əməkdaşlığı barədə çox faktlar var. Artıq bu
mövzuda hər hansı fakt adamları təəccübləndirmir. Bu ailənin ermənilərlə
qohumluq əlaqələri barədə də söhbətlər dolaşır. Ümumiyyətlə, Azərbaycan
hakimiyyətində arvadı erməni olanların daha böyük nüfuz sahibi olduqlarını
nəzərə alsaq, Əliyevlərin ermənilərlə satqın və xəyanətkar danışıqlara getməsini
normal saymaq lazımdır. Bununla belə, ortaya çıxan faktları da diqqətdən kənarda
buraxmaq olmaz. Bu faktlar gələcəkdə tarix kimi öyrəniləcək.
Müəllifi Tom de Vaal olan "Qara bağ" adlı kitabdan bəzi məqamarı gözdən
keçirməklə İlham Əliyevin hələ atasının yerinə gəlməmişdən əvvəl ermənilərə
qulluq etdiyinə əmin ola bilərsiniz. Bu adam satqıncasına Dağlıq Qarabağ
müharibəsində azərbaycanlılara qarşı dağıdıcılığa başçılıq etmiş Samvel
Babayanla Parisdə görüşüb Dağlıq Qarabağın Azərbaycanla gizli ticarət əlaqələri
və bu erməninin Qarabağda hakimiyyəti gətirilməsi məsələlərini müzakirə edib.
Əgər Babayan Arkadi Qukasyana qarşı sui-qəsddə ittiham edilərək həbs
edilməsəydi, yəqin ki, İlhamın satqınlığı sayəsində bu saziş həyata
keçiriləcəkdi.
Kitabdan bəzi çıxarışları gözdən keçirək:
"Samvel Babayan nazik bığları olan və mürəkkəb sifət ifadələrinə malik orta
boylu adamdır. Dağlıq Qarabağ ermənilərinin silahlı birləşmələrinin sabiq
komandiri olmuş bu şəxsi sui-qəsdə cəhddə və dövlətə xəyanətdə ittiham ediblər.
1994-cü ildə Azərbaycanla atəşkəs haqqında saziş imzalanandan 5 il sonra Samvel
Babayanı Milli Qəhrəman elan edəndə onun heç 30 yaşı yox idi. Eyni zamanda, həm
müdafiə naziri, həm də tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın ali baş
komandanı vəzifələrini tutan Babayan faktiki olaraq bu ərazinin yiyəsi olub.
1999-cu ildə isə hakimiyyətin başqa nümayəndələri ilə onun arasında hakimiyyət
uğrunda sərt mübarizə başlanıb və bunun ardınca onu bütün vəzifələrdən məhrum
ediblər. 3 aydan sonra - 2000-ci ilin martında Dağlıq Qarabağın rəhbəri seçilmiş
Arkadi Qukasyan gecə evə qayıdarkən şəhərin mərkəzində iki naməlum adam
tərəfindən onun "Mersedes" markalı avtomobili atəşə məruz qalıb və o, ayağından
yara alıb. Dərhal Babayanı və onun adamlarını həbs edərək onu Qukasyanı
öldürərək hakimiyyəti ələ keçirmək cəhdində ittiham ediblər. Amma Babayanın
vəkili Iudnks Şakaryan bildirib ki, onun müştərisindən etirafları zorla
alıblar...
həbs zamanı onun əmlakını müsadirə ediblər və bu əmlakın sırasında 8 ədəd xarici
markalı avtomobil, o cümlədən "Mersedes", "BMW", "Lend Rover" və başqa maşınlar,
5 mənzil, təxminən 40 min dollar dəyərində daş-qaş və 60 min dollar nağd pul
olub...
Babayan və onun ailəsi müharibə vaxtı və müharibədən sonra yaxşı pullar
qazanıblar. Müharibə vaxtı var-dövlət Azərbaycanın işğal edilmiş ərazilərindən
axıb gəlib. Bu ərazilərdən gətirilən əmlak əsasən, İrana daşınaraq orada
satılıb. Soyğunçular heç nəyi gözdən qoymayıblar - metal qırıntıları, zavod
avadanlıqları, tavan örtükləri və daha nələr...
Mənim erməni tanışlarımdan biri danışırdı ki, bir dəfə o, viran edilmiş Ağdam
şəhəri ilə gəzərkən Fellininin filmləri üçün layiqli bir səhnənin şahidi olub:
Ermənilər İrandan gəlmiş yük maşınlarını qızılgül ləçəkləri ilə yükləyirlərmiş.
O deyirdi ki, bu güllər Ağdamda minlərlə gül kollarından yığılıb və İrana
aparılaraq satılır. Orada iranlılar bu güllərdən mürəbbə bişirirlər.
Müharibədən sonra isə Babayan "Yupiter" adlı firma açaraq Dağlıq Qarabağın bütün
imkanlarından öz məqsədləri üçün istifadə edib. "Babayanın icazəsi olmadan bir
köşk açmaq və ya məktəbdə müəllim işinə düzəlmək mümkün deyildi", - deyə yerli
sakinlərdən biri mənimlə söhbətində gileyələnirdi".
Kitabdan götürülmüş bu çıxarışlar Babayanın Azərbaycanla müharibədən necə qazanc
əldə etdiyini göstərir. Amma onun gözü bununla doymayıb və Azərbaycanla əlaqələr
quraraq əlavə pullar qazanmaq niyyətinə düşüb: "O həmçinin Azərbaycanla da
razılığa gəlmək istəyirdi. O başa düşürdü ki, şərq qonşusu ilə ticarət əlaqələri
olmadan iqtisadi inkişafa nail olmaq çətin məsələdir. "Biz Azərbaycan bazarında
maraqlıyıq", - deyə o əvvəllər mənimlə söhbətində bildirib".
Babayanın bu cəhdləri İlham Əliyevin də diqqətini çəkib. S.Babayan özü etiraf
edib ki, Azərbaycan prezidentinin oğlu və varisi İlham Əliyev Parisdə onunla
görüşmək istəyir. Amma Babayan bu fikri dilə gətirərkən onu da əlavə edib ki, o
hələlik İlhamla görüşə razılıq verməyib. Ehtimal olunur ki, Babayan Parisdə
həqiqətən də İlhamla görüşüb və hansısa razılaşma da əldə edilib. hətta İlham
Əliyevin Babayana Dağlıq Qarabağda hakimiyyəti ələ almaq üçün lazım olan bütün
köməklikləri vəd etdiyi ehtimal edilir. Amma bundan cəmi 3 həftə sonra artıq
Babayan həbs edildiyinə görə planlar baş tutmayıb.
Beləcə, İlham Əliyev Azərbaycanın qadınlarını, uşaqlarını qanına qəltan edib
özünə sərvət toplayan birisi ilə Parisdə görüşərək ona öz köməyini təklif edib.
Babayana edilən hər hansı kömək isə təbii ki, azərbaycanlıların qanı bahasına
başa gələ bilərdi.
Bundan əlavə, İlhamın Babayanla əlaqələri onun yalnız üzə çıxmış cinayətlərindən
biridir. Allah bilir onun ermənilərlə neçə belə görüşləri və satqın sazişləri
olub. Məsələnin ən dəhşətli məqamı isə odur ki, Babayanla görüş təşəbbüsü məhz
İlham Əliyevdən gəlib. Kim nə deyər onda olan qeyrətə!..
Azadlıq jurnalı, № 7, 15.08.2005