"Boz kardinal", yoxsa birinci ledi...

Ay alan, mandat satıram!

Azərbaycanda seçki həmişə çeşidli sürpizlər edib. Saxtakarlığın ən müxtəlif formalarıyla nəinki xariciləri, hətta azərbaycanlıları da xeyli təəccübləndirib. Bələdiyyə seçkisi adına ümumiyyətlə Azərbaycanda normal seçki keçirilməyib. Prezident seçkisi də maraq baxımından, 2003-cü ili nəzərə almasaq, diqqəti o qədər də cəlb etməyib. Çünki hamı öz varlığına inandığı kimi inanıb ki, kimə səs verməsindən asılı olmayaraq qutudan heydər Əliyev çıxacaq. Azərbaycan xalqının bu müdrik, qəlbinin dərinliklərindən gələn proqnozu isə "ümummilli lider"in iştirak etdiyi seçkilərdə həmişə özünü doğruldub. Parlament seçkiləri isə bu kütləvi tədbirə ümumxalq marağı ilə həmişə fərqlənib. Bu seçkilərdə namizədlər dünyada analoqu olmayan üsullardan istifadə ediblər. Bütün bunlar hamının gözü qarşısında, yaxud iştirakıyla baş verib ki, onları təkrar xatırladıb vaxt aparmaq istəmirəm.

Qarşıdan növbəti parlament seçkiləri gəlir. Xalqın bir nümayəndəsi kimi proqnoz verim ki, bu seçkidə çox sürprizlərin şahidi olacağıq. hələ imzatoplama kampaniyası yenicə başlasa da artıq maraqlı siqnallar gəlir. Məsələn, Hərimanov rayonunun keçmiş icra başçısı deputat olmaq fikrinə düşüb. Hiyə də düşməsin? hər şeyi var, mandatı yoxdur. Bir də ki, dəmiryolçu deputat Musa Musayevdən nəyi əskikdir. Beş il ağzını qoydu Allah yoluna. Qanunlardan başqa nədən desən danışdı. Mətləbdən uzaqlaşmayaq. Hamizədliyini vermək istəyən icra başçısı keçmiş olsa da, seçkiyə yeni ideyalarla gedir. hamıya bəllidir ki, ölkədə xeyli seçici hələ də şəxsiyyət vəsiqəsi almayıb ki, bu da onları səs vermək hüququndan məhrum edir. Zülfüqarov yoldaş namizədliyini irəli sürdüyü dairədə şəxsiyyət vəsiqəsi olmayan seçicilərlə görüşüb ona səs verəcəkləri təqdirdə bu problemi həll edəcəyinə söz verib. O, adamları vasitəsilə köhnə sovet pasportlarının yığılmasını təşkil edir, bütün xərcləri çəkir, adamlardan yalnız sənədə qol çəkmək tələb olunur. Bir şərtlə, kişi kimi söz verirlər ki, seçki günü Zülfüqarovun alıb verdiyi şəxsiyyət vəsiqələrini götürüb səsvermə məntəqələrinə gəlib ona səs verirlər. Başqa tələb yoxdur. Seçki təbliğatı kampaniyası vaxtı isə müəyyən yardımlar edilməsi nəzərdə tutulub ki, bu yardımların hansı şəkildə olacağı hələ ki, açıqlanmır. İndi qarşıda duran başlıca vəzifə şəxsiyyət vəsiqəsi problemini həll etməkdir.

Bu, namizədlərlə bağlı faktlardan biridir.

Seçkinin taleyini həll edən əsas yer olan Mərkəzi Seçki Komissiyasında başqa planlarn cızılır. MSK üzvlərindən bəzilər lap yaxın saydıqları imkanlı dost-tanışlarına mandat təklif edirlər. həmin adamlar razılıq verəndən sonra MSK üzvləri onlar üçün dairəni müəyyənləşdirir, sənədləri qaydaya salır, razılaşma yolu ilə pullarını alırlar. Görüntü yaratmaq üçün yüngülvari kampaniya da aparırlar. Amma bu önəmli deyil. Deyilənə görə, bu təşəbbüsə MSK üzvlərindən bir neçəsi qoşulub. Artıq şıdırğı alver gedir. YAP siyahısına düşə bilməyəcəyindən ehtiyatlanan bəzi yapçılar da bu yolu seçiblər. İmzatoplama kampaniyasının yekunlaşmasına az vaxt qalmasına baxmayaraq YAP hələ də siyahısını müəyyənləşdirə bilməyib. Bunun başlıca səbəbi əllərdə müxtəlif siyahıların olmasıdır. Daha doğrusu, iki siyahının. həmişə olduğu kimi, yenə də Ramiz Mehdiyev öz namizədləri ilə bağlı möhkəm dayanıb. Amma qarşısındakı siyahı sahibinin iddiaları önündə sonadək davam gətirmək iqtidarında deyil. Söhbət Mehriban xanım Əliyevanın siyahısından gedir. Əvvəlki seçkilərdə siyahı bir olurdu və o siyahı heydər Əliyevlə razılaşdırıldıqdan sonra ortaya çıxırdı. Deyilənə görə, İlham Əliyev siyahı tərtib etmək kimi "mənasız" işə girişməyib. Bu səbəbdən də indi çıxılmaz vəziyyətdə qalıb. "Hə yardan doyur, nə əldən qoyur": indiki situasiyanı yalnız belə dəyərləndirmək olar. Mehriban xanımdan keçmək mümkünsüz bir işdir. Amma hakimiyyətin qorunub saxlanmasında, etiraf etmək gərəkdir, Ramiz Mehdiyevin müstəsna xidmətləri var və onun siyhısını da kənara qoymaq olmaz. Yəni bu kişinin - "boz kardinal"ın siyahısını bir kənara tullamaq arzuolunmaz olduğu qədər də riskli işdir. İlham müəllim son dərəcə çətin durumdadır. Bu baryeri aşmaq, problemi ağrısız yoluna qoymaq, 2003-cü ildə prezident seçilməkdən də çətin bir vəziyyətdir. Görünür ki, partiyadaşları da ona bu situasiyada kömək eləmək gücündə deyillər. Bunun bir səbəbi onun özünün partiya ilə əlaqələrinin zəif olmasındadırsa, bir səbəbi də bu seçkiyə beynəlxaq diqqətin əvvəlki seçkilərlə müqayisəyəgəlməz dərəcədə güclü olmasıdır. YAP-çılar indi özlərini qorumaq hayındadırlar. Üstəlik, onların düşüncəsinə görə, "deputat mandatı uğrunda razılığa gələ bilmədikləri səbəbindən dağılacaq "Azadlıq" blokunun", gözlənilənlərin əksinə olaraq, vahid mövqedən çıxış etməsi, namizədləri müəyyənləşdirməsidir. Özünü monolit sayan YAP isə hələ də namizədlərlə bağlı qəti qərara gələ bilməyib. Bunun başlıca səbəbi parlamentin Murtuz Ələsgərov başda olmaqla qocalardan, eyni zamanda Ziyafət Əsgərov kimi daha işə yaramayan cavanlardan təmizlənməsi, bir sözlə, yenilənməsidir. İlham Əliyevin ətrafına düşmək iddiasında olan, vaxtilə "gənc islahatçılar" adlandırılan adamların, nəhayət, dözmək limiti tükənib. Artıq neçə illərdir bu adamlar işlədikləri yerdən, müxalifət, yaxud iqtidar, asılı olmayaraq "gənc lider"in və onun "islahatçılar" komandasının təbliğatı ilə məşğuldurlar. Düzdür, bunun müqabilində bəziləri "tula payına" bənzər nəsə qazanıblar, müəyyən biznes strukturlarını yarada biliblər. Bu kateqoriyaya bəzi jurnalistlər, bu hakimiyyətin himayəsi altında biznesini quran bəzi iş adamları daxildir. Onların fikrincə, indiki vəziyyətlərilə barışmaq olmaz. Yəni bütün bunlar - qazanılan pullar, yaradılan şərait aparılan təbliğatın, çəkilən "intellektual xərcin" əvəzini ödəmir. Cavan, enerjili bu adamlar qüvvələrini indi də parlament işinə sərf etmək istəyirlər. Onlardan bir qrupu qəzetlərində yazmaqdan, təbliğat aparmaqdan, bir qrupusa qəzetlərə, telekanallara müsahibə verməkdən beziblər. Özlərini elit təbəqənin nümayəndələri sayan, hansısa xarici dil bilən bu adamlar daha yüksək kürsülər uğrunda mübarizəyə girişməyə haqları olduğunu deyirlər. hələlik bunun üçün deputat mandatı tramplin rolunu oynaya bilər. Bu mandatın başqa üstünlüklərini izah etməyə ehtiyac yoxdur. Şən və hazırcavab bu adamlar hesab edirlər ki, İlham Əliyev Bahar Muradova, Məlahət həsənova kimi geridə qalmış, adamlarda ikrah yaradan əyalət təfəkkürlülərin xidmətindən çoxdan imtina etməliydi. Elələrinin Moskva təhsili görmüş, Moskva mühitində böyümüş adamlarla, intellektual gənclərlə əvəzlənməsi yalnız işin xeyrinə ola bilər. Mehriban Əliyevanın siyahısının məhz bu prinsiplə tərtib olunduğu deyilir. Yəni bu siyahıda Bahar Muradova, Məlahət həsənova, Amaliya Pənahova, Musa Musayev, Əhəd Abıyev və başqa bu tipli adamların adları yoxdur. YAP-ın siyahısının hələ "müzakirə" olunmasının başlıca səbəbi də elə budur. Sovet düşüncə tərzi ilə yaşayan, Azərbaycana 37-ci illərin ab-havasını gətirmək istəyən Ramiz Mehdiyevin siyahısının əsasınısa elə özü kimi köhnəfikirlilər təşkil edir. Dartışma da bunun üstündə gedir. Köhnəfikirlilərlə "gənc islahatçılar" savaşa hazır görünürlər. Kimin qalib gələcəyisə yaxın günlərdə bəlli olacaq. "Boz kardinal", yoxsa birinci ledi...

Rövşən Hacıbəyli

Azadlıq jurnalı, № 7, 15.08.2005