Ötən həftəyə ötəri baxış

Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan Ordusunun zabiti Ramil Səfərov barədə Ermənistan hakimiyyəti, ictimai təşkilatları və mətbuat orqanları tərəfindən başlanmış kampaniyaya etiraz olaraq bəyanat yayıb. Bəyanatda bildirilir ki, Ermənistan Budapeşt şəhər Məhkəməsinə təzyiq göstərməyə çalışır: "Əslində, Ramil Səfərov NATO kurslarında olarkən erməni zabitləri tərəfindən təhqirlərə məruz qalıb. O, nümunəvi zabit olmuş və heç kimə qarşı aqressivlik etməmişdir".

NATO-nun baş katibi Yaap de hoop Sxeffer bildirib ki, NATO dünyanın hər yerində, o cümlədən Qafqazda da əməkdaşlığın və xoş münasibətlərin tərəfdarıdır: "Bununla belə, biz başa düşürük ki, qonşu ölkələr arasında münaqişəli vəziyyət regional əməkdaşlığı mürəkkəbləşdirir".

Ukrayna prezidenti Viktor Yuşşenkonun Bakıya səfəri sentyabra kimi baş tutmayacaq. Bu barədə APA-ya diplomatik mənbələrdən məlum olub. Səfərin dəqiq vaxtı açıqlanmasa da, Ukraynanın ölkəmizdəki səfirliyində artıq buna hazırlıq görülür.

Nərimanov prospektində yol sürüşməsi hadisəsi baş verib. Mikayıl Müşfiqin heykəlinin yaxınlığında olan ərazinin sürüşməsinə səbəb yolun kənarında çoxmərtəbəli bina üçün nəzərdə tutulan bünövrənin qazılması olub. hadisə nəticəsində yolun bir tərəfi təxminən 20 metr uzunluğunda sürüşüb.

Seçkiqabağı müxalifət fəalları arasında "casus" və "terrorçular"ın ifşa olunması, "hiddətlənmiş ictimaiyyət"in aksiyaları hakimiyyətin asan proqnozlaşdırılan çirkin texnologiyasının tərkib hissəsidir. Bu barədə Azərbaycan hüquq-Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov "Yeni Fikir" gənclər birliyinin sədri Ruslan Bəşirlinin həbsini şərh edərkən bildirib.

Qobustan həbsxanasında cəza çəkən Elçin Şahmalıyev idman şalvarının bağı ilə özünü asıb. Bu barədə Ədliyyə Hazirliyi Məhkəmə Qərarlarının İcrası Baş idarəsinin rəis əvəzi Hazim Ələkbərov "Turan"ın müxbirilə söhbətində bildirib. Onun sözlərinə görə, E.Şahmalıyev Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə 13 il həbs cəzasına məhkum edilibmiş.

Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres herkelin ölkəmizə növbəti səfərləri sentyabrın ortalarında baş tutacaq. Andres herkel təmsil etdiyi qurumun Azərbaycanda seçki komissiyalarının yenidən formalaşdırılması tövsiyəsinin qüvvədə qaldığını bildirib.

Avqustun 25-də Kazanda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq. Rusiyadakı diplomatik mənbələrdən "Turan"a məlum olub ki, öncə görüş Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli formatda keçiriləcək. Sonra İlham Əliyevlə Robert Köçəryan təkbətək görüşəcək.

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rino harnişlə görüşüb. Bu barədə APA-ya ABŞ-ın ölkəmizdəki səfirliyindən məlumat verilib. Məlumata görə, görüş işgüzar xarakter daşıyıb.

Abşeron rayonu Saray qəsəbəsinin bir qrup sakini Milli Təhlükəsizlik Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Sakinlər onlara məxsus pay torpaqlarının MTN tərəfindən qanunsuz olaraq zəbt edildiyini bildiriblər və ərazilərin boşaldılmasını tələb ediblər.

36 saylı Xətai Seçki Dairəsi Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyevin sənədlərini qəbul edib. ADP-nin daxil olduğu "Azadlıq" Bloku rəhbərlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) və beynəlxalq qurumların Bakıda yerləşən nümayəndəliklərinə çoxsaylı müraciətindən sonra dairə seçki komissiyası inadından əl çəkib.

Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı (ASMDİ) Azərbaycan hakimiyyətindən müxtəlif bəhanələr altında AXCP-yə qarşı çirkin mübarizəyə son qoymağı tələb edib. Bu barədə ASMDİ-nin yaydığı bəyanatda bildirilib. Müəlliflər Azərbaycanın problemlərinin azad və ədalətli seçkilərdən keçdiyini qeyd etməklə son vaxtlar ölkədə baş verən prsoeslərin - hakimiyyətin siyasi rəqiblərinə qarşı qanuna və əxlaqa sığmayan mübarizəsinin ciddi narahatlıq yaratdığını bildirirlir.

Yaxın altı il ərzində Pentaqon "Xəzər keşikçisi" adlı proqram həyata keçirəcək. Proqramın dəyəri 130 mln. dollardır. Proqram Xəzər dənizi regionunda təhlükəsizliyin gücləndirilməsi üçün tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Güney Azərbaycanın Qaradağ mahalının Vərziğan qəsəbəsində polislə qəsəbə sakinləri arasında toqquşma baş verib. Etiraza səbəb rəsmi Tehranın qəsəbəyə yaxın Süngün mis mədənində fəaliyyət göstərən kiçik mis emalı sexlərini İsfahana köçürməsi və mədənlərdə Güney Azərbaycan türklərinin işlə təmin olunmamasıdır.

Polisin zorakılığından hiddətlənən əhali dövlət idarələrinə hücum edib, onlarla polis maşını yandırılıb. Axşam polis havaya güllə atıb və gözyaşardıcı qazlardan istifadə edib. Toqquşma nəticəsində ağır xəsarət alanlar var. hətta bir nəfərin həlak olduğu bildirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) toplantısında 122 saylı Xankəndi Seçki Dairəsinin fəaliyyətə başlaması barədə qərar qəbul edilib (APA). MSK katibi Natiq Məmmədov bildirib ki, bu vaxta qədər sözügedən seçki dairəsində seçkilər keçirmək mümkün olmasa da, artıq bu dairənin fəaliyyətə başlanması üçün imkan yaranıb.

"Əgər polis AXCP qərargahı qarşısındakı aksiyalara müdaxilə etməsəydi, orada başqa hadisələr ola bilərdi". Bunu dünən jurnalistlərə açıqlamasında son iki həftə ərzində AXCP-nin qərargahı qarşısında davamlı aksiyalar keçirilməsinə münasibət bildirən daxili işlər naziri Ramil Usubov deyib. Əslində isə polis bütün vasitələrlə təxribatçıların AXCP qərargahına basqın etməsinə çalışıb, amma cəbhəçilərin qətiyyəti və cəsarəti sayəsində qərargaha erməni basqını təşkil edənlər öz məqsədlərinə nail ola bilməyiblər.

Ukrayna prezidenti Viktor Yuşşenko ailəsi ilə birlikdə Gürcüstana üç günlük qeyri-rəsmi səfərə gedib. Rəsmi qarşılanma mərasimindən sonra Gürcüstan və Ukrayna prezidentləri birlikdə Borjomiyə gediblər. V.Yuşşenkonun səfəri ilə bağlı bölgələrdə müxtəlif proqramlar hazırlanıb.

ABŞ Milli Demokratiya İnstitutu Bakı ofisinin əməkdaşları Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının əməkdaşları ilə görüşüb. Tərəflər parlament seçkilərinə hazırlıq, səsvermə prosesinin monitorinqi, "exit-poll"-un keçirilməsi ilə bağlı fikirlərini bölüşüb. MDİ əmkdaşları 6 noyabr seçkilərinə ciddi hazırlaşdıqlarını bildiriblər.

Azadlıq jurnalı, № 7, 15.08.2005