Psixoza qarşı müalicə kursu
Hakimiyyətin psixoz tutmasına son qoymaq üçün demokratik dünyanın İlham
Əliyevə "sakitləşdirici iynə vurması" lazım imiş
İlham Əliyev hökumətində bir həftə ərzində bir psixoz tutması yaşandı. AXCP
əleyhinə təxribatları kütləvi psixoza çevirməyə çalışsalar da, öz aralarındakı
psixozu hakimiyyət dəhlizlərindən kənara çıxara bilmədilər. "Ruslan Bəşirli
tamaşası"nın ilk günündə əhali baş verənləri çaşqınlıqla qarşılasa da, sonradan
videoçəkilişin kəsilib-doğrandığını və hakimiyyətin siyasi məqsədlərini görüncə
insanlar bütün bunların AXCP sədri Əli Kərimliyə qarşı qeyri-peşəkar formada
hazırlanmış təxribat olduğunu anladı və istehza ilə qarşıladı.
Amma sonrakı günlərdə də hakimiyyətdə psixoz davam etdi. Yalnız demokratik dünya
- ATƏT və ABŞ səfirliyi İlham Əliyevi tutub "sakitləşdirici iynə vurandan" sonra
psixoz tutması yavaş-yavaş ötüb keçdi.
Beləliklə, psixoz sona gəldi. Amma xoşluqla yox. Bir həftə ərzində AXCP-nin
qərargahına "dəlicəsinə" basqınlar etməyə cəhd edən muzdlular hər dəfə
cəbhəçilərin qətiyyətli sifətlərini görüncə birabırçı tərzdə qaçmağa girişdilər.
AXCP sədri Əli Kərimli həmişəki kimi, öz qərarlarını vaxtında verdi. O, nə zaman
döyüşərək müdafiə olunmaq və nə zaman qərargaha çəkilmək barədə qərarları da
dəqiqliklə verdi. Bir neçə gün ərzində süni qəzəb nümayiş etdirən beş-üç nəfər
hakimiyyət əlaltısı qərargaha tərəf cummaq əzmi göstərdilər və hər dəfə
cəbhəçilər onların burnundan vurub geri qaytardı. Həhayət, Əli Kərimli
hakimiyyətin təxribatını ifşa edərək cəbhəçilərə qərargahdan bayıra çıxmamağı
tapşırdı. Amma bundan sonra muzdlu piketçilərdən heç kim qərargaha yaxın düşə
bilmədi. Çünki artıq təxribat ifşa olunmuşdu və küçə iğtişaşları törədib şərini
üstünə yıxmaq üçün bayırda bir cəbhəçi qalmamışdı. Bir sözlə, qərar vaxtında
verilərək İlham Əliyevi və Ramiz Mehdiyevi məyus etmişdi...
Sonra məsələyə ATƏT qarışdı və AXCP əleyhinə təxribatları pislədi, "Sərhədsiz
Reportyorlar" baş verənlərin mahiyyətini açaraq hakimiyyəti ittiham etdi,
səfirliklərin nümayəndələri qərargaha gələrək AXCP-yə qarşı təxribatı özləri
müşahidə etdilər və partiya sədrilə görüşərək təxribatların yolverilməz olduğunu
dilə gətirdilər, Əli Kərimli ATƏT-in Bakı nümayəndəsi Maurisio Pavesi ilə
görüşdü. Həhayət, ABŞ səfirliyi məsələyə birmənalı münasibətini bildirdi və
sonra Əli Kərimli səfir Rino harnişlə görüşdü. Görüşdə səfir bildirdi ki, baş
verənlər ABŞ dövlət katibinin diqqət mərkəzindədir. Sonra səfir harniş məsələyə
konkret olaraq münasibət bildirdi: "Mən və təmsil etdiyim hökumət belə hesab
edir ki, Bəşirli hadisəsi qanunun aliliyinə uyğun olaraq məhkəmələrdə
araşdırılmalıdır. Bu, sonu olmayan, bitib-tükənməyən və televiziya ekranlarından
düşməyən "qara piar"ın mövzusu olmamalıdır. Əgər ona qarşı ittihamlar
əsaslıdırsa, onda qoy polis onu araşdırsın. Son həftə ərzində siyasi
partiyalara, xüsusən onlardan birinə qarşı çox ciddi kampaniya aparılıb. Əgər
qanuni fəaliyyət göstərən partiya bu cür təqiblərin obyekti olubsa, fiziki
təqiblərə və media tərəfindən hücuma məruz qalıbsa, çətin ki, ATƏT bu seçkiləri
obyektiv adlandırsın".
Beləliklə, demokratik dünya birləşərək, İlham Əliyev hakimiyyəti üzərində psixoz
üzrə tam bir müalicəsi kursu keçdi və yalnız bundan sonra sakitləşdilər.
Doğrudanmı işi bu həddə gətirib çıxarmaq lazım idi? Bəlkə dünyanın psixlərə baş
qoşmayacağını düşünürdünüz? Yanılmısınız. Hə qədər artistlik etsəniz də,
demokratik dünyanı və AXCP-ni demokratik seçki tələblərindən yayındıra
bilməyəcəksiniz.
Amma deyəsən, demokratiyanı Azərbaycana gətirmək üçün payıza qədər hakimiyyətə
bir neçə dəfə də "iynə vurmaq" lazım gələcək...
Müşfiq Tofiqoğlu
Azadlıq jurnalı, № 7, 15.08.2005