QA-RA-BAĞ
Vaxtilə göyləri titrədən bu haray Azərbaycanda eşidilmir
Amma Ermənistandan ondan ötrü Azərbaycana 52 milyard dollar təklif edir
ATƏT-in Minsk qrupu həmsədolərinin iştirakıyla keçiriləcək Azərbaycan və
Ermənistan prezidentlərinin Kazan görüşü yenidən Qarabağa diqqəti artırıb.
Azərbaycan rəsmiləri ciddi açıqlamalar verməsələr də, erməni mənbələri yenə də,
danışıqların detallarına qədər, hər şeydən məlumatlıdırlar.
Görüş ərəfəsində erməni mənbələrinin yaydığı bəzi məlumatlarla sizi tanış
edirik.
"Dağlıq Qarabağ prolemi yalnız kompromis yolu ilə həll oluna bilər". "Arovat"
qəzetinin yazdığına görə, Ermənistanın müdafiə naziri Serj Sarkisyan bu sözləri
Ümumermənistan 3-cü gənclər forumu iştirakçıları qarşısında çıxış edərkən deyib:
"Dünyada heç bir konfliktin kompromissiz həlli mümkün deyil. Əks halda o qaliblə
məğlub arasında sonu olmayan mübahisəyə çevrilə bilər". Onun sözlərinə görə,
Ermənistan artıq bir neçə məsələdə güzəştə gedib.
"Mən torpaqların qaytarılmasının tərəfdarı deyiləm, əgər azərbaycanlılar
ermənilərin təklif etdiyi 3 şərti (Dağlıq Qarabağın Azərbaycanın tərkibində
olmaması, Dağlıq Qarabağın beynəlxalq proseslərdə iştirakı, müharibənin yenidən
başlanmayacağına təminat) qəbul etsələr, təhlükəsizlik zolağı məsələsinə baxmaq
olar". Müdafiə naziri əlavə edib ki, belə məsələlər heç də həmişə arzularla
üst-üstə düşmür: "Hər şey məndən asılı olsa, mən deyərdim ki, az əraziləri
almışıq, Gəncəni də almalıydıq. Nə qədər çox olsa, o qədər yaxşıdır".
Azərbaycan və Ermənistan ordularının döyüşə hazırlıq vəziyyətilə bağlı suala
cavab verərkən nazir deyib: "Əgər Azərbaycan ordusu heç olmasa 5 dəqiqəliyə
döyüşə hazır olsaydı, heç nəyə baxmadan Qarabağ məsələsini müharibə yoluyla həll
edərdilər".
"Qolos Armeniya" qəzeti isə Azərbaycanın münaqişənin həllindən sonra Dağlıq
Qarabağın inkişafı üçün 26 milyard dollar ayıracağı barədə bəyanatına cavab
olaraq Ermənistanın iki dəfə çox, 52 milyard dollar ayırmağa hazır olduğunu
bəyan etməyə hazırlaşır: "Gəlin dollar yox, avro ayıraq. Qoy onda Azərbaycan
Ermənistanın tərkibinə qatılmaq barədə düşünsün. Rəsmi Bakı onda belə bir
məbləğin qarşısında duruş gətirə bilməz".
Xəbər verildiyi kimi, Kazanda Mins qrupu həmsədrlərinin iştirakıyla Azərbaycan
və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryan münaqişənin həlli
ilə bağlı razılaşma sənədini müzakirə edəcəklər. Mənbənin məlumatına görə,
görüşdə yaxın 10-15 ildə keçirilməsi nəzərdə tutulan referendum məsələsi
müzakirəyə çıxarılacaq. Yəni xalq özü Dağlıq Qarabağın taleyini həll edəcək.
"Referendum variantı bir neçə ay əvvəl təklif olunub, amma o zaman referendumun
Azərbaycanda və Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulurdu. İndi isə söhbət
referendumun yalnız Dağlıq Qarabağda keçirilməsindən gedir. Bu halda Azərbaycan
Dağlıq Qarabağı "de-fakto", yəni onun özünütəyinetmə hüququnu tanıyır. Laçın
Dağlıq Qarabağın nəzarətində qalır. Ermənistanın nəzarətində olan Azərbaycan
torpaqlarına gəlincə, razılaşmaya görə, onlar referendum keçirilməsi müqabilində
qaytarılır" - deyə mənbə bildirir. Və əlavə edir ki, referendumda "Qarabağ
xalqı" özü öz taleyini həll edir: Azərbaycanın tərkibində qalır, Ermənistana
birləşdirilir, yaxud müstəqil olur".
"Təhlükəsizlik haqqında çox danışılır - Ermənistan, Azərbaycan diplomatları,
eyni zamanda beynəlxalq vasitəçilər deyirlər ki, münaqişə zonasında
sülhməramlılar yerləşdiriləcək. Amma bunların hansı qüvvələr olduğu deyilmir.
Azərbaycan həmişə rusiyalı sülhməramlıların əleyhinə olub, Ermənistan isə
türkiyəli sülhməramlıların.
Diplomatik mənbənin məlumatına görə, bu məsələ də demək olar ki, həllini tapıb,
sülhməramlılar Minsk qrupuna üzv dövlətlərdən olmamalıdır. Bu, Azərbaycanın və
Ermənistanın maraqlarına cavab verir; belə ki, Rusiya və Türkiyə ATƏT-in Minsk
qrupuna daxildir".
Mənbə eyni zamanda bildirir ki, "mərhələlərlə-paket" həll formatı
Ermənistan-Türkiyə münasibətlərinə də aydınlıq gətirəcək, yəni bu ölkələrlə
sərhədlərin açılması məsələsinə. Saziş imzalanan andan Türkiyə sərhədləri açır,
Azərbaycan isə öz növbəsində "blokadanı" götürür.
Mənbənin sözlərinə görə, münaqişənin həlli, demək olar ki, tapılıb. Hələ iyun
ayının əvvəlində Ağ evdəki yüksək çinlilərdən biri bildirmişdi ki, "Qarabağ
münaqişəsinin həlli istiqamətində ciddi irəliləyişlər var".
Bu məsələylə bağlı "De-fakto" analitik informasiya agentliyinin suallarına cavab
verən "DQR"in təhlükəsizlik şurasının katibi Karen Baburyan bildirib:
"Münaqişəni "vasitəçilər" olan Azərbaycanla Ermənistanın həll etməsi mümkün
deyil. Münaqişə "DQR"-in iştirakıyla həll olunmalıdır. Əgər "DQR"-in tutduğu
torpaqların qaytarılmasından söhbət gedirsə, sual ortaya çıxır: nəyə, hansı
səbəbə görə torpaqlar qaytarılmalıdır? Hərbi əməliyyatların yenidən
başlamayacağı, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin olunmasıyla
bağlı hansı qarantiya var. Azərbaycan bunun müqabilində bizə nə verib?
Redaksiyadan: Bu, erməni mənbələrinin məlumatı əsasında hazırlanmış materialdır.
Görüş ərəfəsində Azərbaycan mətbuatında bununla bağlı hansı təbliğat aparılır,
ictimaiyyətə hansı məlumatlar ötürülür? Bu suallara cavab tapmaq üçün rəsmi
mətbuatı vərəqləyib suallarımıza cavab tapmağa çalışdıq. Son həftə rəsmi
qəzetlərin səhifələrinin yarıdan çoxu "radikal müxalifətə" qarayaxmaya, təhqirə,
bir hissəsi MSK-nın məlumatlarına və bir hissəsi isə prezidentin fərman və
sərəncamlarına, mənasız bölgə səfərlərinə həsr olunmuşdu. Bu qəzetlərə baxıb
belə qənaətə gəlmək olar ki, Azərbaycanın Qarabağ adlı problemi yoxdur.
İnanmırsınız siz də baxın...
Azadlıq jurnalı, № 7, 15.08.2005