Özgürlüklə köləlik arasında
Fransız filosofu Aleksis dö Tokvil iki yüz il bundan öncə, 1835-ci ildə yazırdı:
"Bu gün dünyada bir amaca doğru getdiyi görünən iki xalq var. Bunlar ruslarla
amerikalılardır: Amerikalılar təbiətin onların yoluna çıxardığı çətinliklərlə
çarpışma aparırlar, ruslar adamlarla: Birinci çarpışma gərəyi olaraq özgürlükdən
yararlanır, ikinci köləlikdən". İki yüz il qabaq deyilmiş bu sözlər hələ də
aktuallığını saxlamaqdadır. Rusiya kimi böyük bir dövlət üçün bu olduqca
acınacaqlı faktdır. Bu faktın bugünkü Azərbaycanla birbaşa bağlılığı bizim üçün
daha çox acılar doğurmaqdadır. hə, BUGÜNKÜ Azərbaycanda belədir: burada
hakimiyyət ya zəlzələdən, ya vəlvələdən xalqın, ölkənin qarşısına çıxan
çətinliklərlə deyil, sözün böyük anlamında ADAMLARLA çarpışma aparır. Bu, dahi,
ümummilli lider epitetləri qazandırılan kimsənin qurduğu sistem, formalaşdırdığı
recimdir. Biz buna görə bu recimi yalnız antidemokratik deyil, eləcə də
antimilli recim adlandırırıq. Bu recim xaraktercə antidemokratik, antimilli
recimdir. Buna görə burada çətinliklərlə deyil, ADAMLARLA çarpışma aparılır. Bu
günlər ortaya çıxan Ruslan Bəşirli olayı da bu seriyadan sayılmalıdır.
Açıq-aydın göründüyü kimi, h.Əliyev KQB-si qurğu qurmaqla gənc siyasətçini
agentlərinin əlilə tora saldı. Sonra da seriya teleşoular düzəltdi. Elementar
əxlaqdan, hüqüq normalarından uzaq teleşoular. Sonra da ortaya özünün
professor-ziyalı - deputat əlaltılarını, başqa cür desək, agentura şəbəkəsini
çıxardı. Ola bilsin, ən başlıcası, "Bandotdeldən" bağıra-bağıra çıxmış İqbal
Ağazadəni, AXCP-nin siyasi dustaqlıqdan qurtardığı Ramiz Tağıyevi
televiziyalarına çıxarıb, özlərinə yardımçı elədilər. Eləcə də, bir sıra
üzdəniraq yazarları. Bütün bunlarsa sonucda müxalifətin böyük birliyini-
"Azadlıq" blokunu parçalamağa, ən başlıcası, AXCP-ni, onun liderini sındırıb,
əzməyə yönəlmişdi. Bir yandan yaxşı oldu: bir daha bu ölkədə kimin kim olduğu,
kimin hansı dəyərlərə qulluq elədiyi üzə çıxdı. Belə görsənişlərə Əliyevçi
recimin seçkiqabağı sınaqları kimi baxmaq gərəkdir. İndiki gedişlə bu ilki seçki
meşokların seçkisi olacaq-pul dolu meşokların seçkisi. İndiki monopoliya
televiziyaları da beləcə satılanların üzünə açıq olacaq:
"Qatıq" hakimiyyətin "qatıq" siyasətləri
Bir sıra müxalifət qəzetləri hakimiyyətin Ruslan Bəşirli quramasını uduzduğunu
yazır. Məncə, bu, düzgün yanaşma deyil. Nəyə görə? İndiki hakimiyyətdə çox
maraqlı bir kvartet aparıcı rol oynamaqdadır: İ.Əliyev-R.Mehdiyev,
K.heydərov-Z.Məmmədov kvarteti. Qəzetlər R.Bəşirli olayında sonuncu iki fiqurun
başlıca rol oynadığını yızır. Bununla bağlı tutarlı faktlar da gətirilir.
Bunların hamısı inandırıcıdır. Ən azı, onların hər ikisinin- istər Nəqliyyat
nazirinin, istərsə də Gömrük şefinin ermənilərlə əski alver qardaşlığına görə.
MTN-in Bəşirli olayındakı rolu istər-istəməz ortaya belə bir faktı da çıxarır:
kvartetdən olan o biri cütlüyün də işdə rolu var- başlıca qərar verən rolu.
Başlanğıc olaraq onlar işi yaxşı düşünüb qurublar: istəyiblər R.Bəşirlini
yıxmaqla Ə.Kərimlini, Ə.Kərimlini yıxmaqla çox qorxduqları AXCP-ni yıxsınlar.
Onlar buracan, demək olar, yaxşı düşünüblər. Buracan. Ağılları buracan çatıb,
burdan belə yox. Nə ölkədəki durumu dəyərləndirə biliblər, nə də dünyadakı
durumu. Bununla da onlar özlərinin "qatıq" siyasətlərini ortaya qoyublar.
"Primitiv əməliyyat" erməni MTN-çiləri azərbaycanlı kolleqalarının işini belə
dəyərləndirdilər. Burada başqa bir dəyərləndirməyə də gərək yaranır: PRİMİTİV
hAKİMİYYƏT. Bu, İlham Əliyev-kvartet hakimiyyəti üçün ən uyğun, ən tutarlı
dəyərləndirmə olardı!
Demokratiyaya hələ də ölkənin "iç işi", özlərinin feodal düşüncələrinə uyğun
olaraq feodal mülkiyyəti kimi baxanlar başladıqları uğursuz işin gerisini, nəylə
sonuclanacağını görə bilməzdilər. Onlar demokratikləşmə proseslərinin
QLOBALLAŞDIĞINI hələ də anlamayıblar. Anlaya bilmirlər!
Udub-uduzmağa gəlincə, onların bu işi udduğuna söz ola bilməz. Ancaq bu uduş
hansısa milli, dövlətçilik idealına söykənən, uzaq gedən uduşlardan deyil, bir
neçə günlüyə əlini-əlinə vurub, opponentin başına açdığı oyuna gülmək üzərində
qurulmuş qumarbaz-korrupsioner, korporativ-kvartet uduşudur!
Belələrini, bu sayaq ucuz dəyər yiyələrini sonra nə olacağı, nə baş verəcəyi çox
az düşündürür. İnanmırsınız? Elədirsə, indi ortada olan siyasətə baxın: başını
AXCP - demokratiya divarına çırparaq gicəllənmiş bu hakimiyyət indi,
Bəşirli-erməni suçlaması ilə bağlı demokratik dünyanın təpkilərilə üzləşəndən
sonra, ortaya 122-ci Xankəndi seçki dairəsi söhbətini salıb- Azərbaycanın
demokratik dövlət imicinə ağır zərbə vurandan, bizi bir daha demokratik dünyanın
gözündə aşağılayandan sonra! Nə böyük iyrənclikdir: dünən antierməni kampaniyası
aparan televiziyalar bu gün ermənisevər kampaniya aparmaqdadır. İndi gərək
Qukasyandan belə bir reaksiya gəlsin: PRİMİTİV hAKİMİYYƏT!!!
Son olaraq yenidən Tokvilə qayıtmaq gərəyi yaranaır: "Birinci (amerikalılar)
çətinliklərlə çarpışmada özgürlükdən yararlanırlar, ikincilər (ruslar, Rusiya
yolu gedənlər.-X.B.) köləlikdən". Onlar ölkədə yaratdıqları köləlikdən, demək
olar, bir həftə gen-bol yararlandılar. Bu köləliksə İ.Əliyevin yaratdığı köləlik
deyil (onun buna gücü çatmaz), atasının qırx il uzunu KQB gücünə yaratdığı
köləlikdir.
Beləliklə, bizim qurtuluşumuz köləlikdən, Əliyevçi köləlik sistemindən, köləlik
recimindən qurtulmaqdadır!
XALİQ BAHADIR
Azadlıq jurnalı, № 7, 15.08.2005