Koordinasiya şurası fəaliyyətini davam
etdirəcək
Müsavat Partiyası qurumun fəaliyyətinə dair təkliflərlə çıxış edib
Bu gün Müsavat Partiyasının qərargahında Söz və Mətbuat azadlığının müdafiəsi
üzrə Koordinasiya Şurasına daxil olan partiyaların və Müsavat deputat qrupu
təmsilçisinin qatıldığı toplantı keçirildi. Toplantıdan sonra jurnalistlər üçün
brifinq keçirən Müsavat başqanı İsa Qəmbər bildirdi ki, KŞ-a daxil olan siyasi
qüvvələr ölkədə demokratiyaya qarşı total hücumun başladığını və demokratik
düşərgənin buna qarşı mübarizə aparmasının zəruriliyini qeyd ediblər.
Müzakirələrin yekununda KM-in fəaliyyətinin davam etdirilməsi barədə razılığa
gəlinib. Qərara alınıb ki, gələn həftə KŞ-nın tam tərkibdə toplantısı
keçirilsin.
İsa Qəmbər Müsavat Partiyasının KM-in fəaliyyətilə bağlı təkliflərini də
jurnalistlərin diqqətinə çatdırıb.
Həmin təkliflərdə bunlar nəzərdə tutulur:
1.KŞ-nın adının dəyişdirilməsi
2. Aparıcı qəzet redaktorları, QHT rəhbərləri, partiya liderləri və millət
vəkillərindən ibarət KŞ-nın tərkibinin tanınmış ziyalılar və ictimai-siyasi
xadimlərin hesabına genişləndirilməsi
3. İş forması
a) KŞ-nın tam tərkibdə - 100-120 nəfər – toplantıları (Bu, İctimai Palata, KŞ
Məclisi və s. adlana bilər)
b) Redaktorların, QHT-çilərin, siyasilərin, deputatların və tanınmışların
ayrı=ayrılıqda toplantıları
4. 2006-cı ilin dekabr ayı üçün iş planı:
a) KŞ-na daxil olan qüvvələrin əməkdaşlıq edə biləcəyi məsələlərin
çərçivəsinin müəyyənləşdirilməsi;
b) Azərbaycanda mövcud vəziyyətin səbəblərinin və mahiyyətinin xalqa və
beynəlxalq ictimaiyyətə çatdırılması;
c) KŞ-nin strategiyasının və 2007-ci ildə fəaliyyət proqramının hazırlanması;
d) KŞ-nın əsasnaməsinin hazırlanması;
e) KŞ-nın tərkibinin müəyyənləşdirilməsi;
f) Dekabr 2006-cı ildə birgə kütləvi tədbirlərin keçirilməsinə hazırlıq
Bu təkliflər barədə məlumat verdikdən sonra İsa bəy bildirib ki, toplantıda
Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov öz təkliflərini səsləndirib.
Həmin təkliflərdə həm müxalifətin fəaliyyətinin müvəqqəti dayandırılmasına, həm
də KŞ-nin fəaliyyətinin genişləndirilməsinə dair bəndlər əksini tapıb. Müsavat
başqanı fərqli fikirdə olan partiyaları da konkret təkliflərlə çıxış etməyə
çağırıb. O, həmçinin KŞ-nin fəaliyyət formalarından biri kimi kütləvi
aksiyaların təşkili məsələsinin də nəzərdən keçiriləcəyini deyib.
Müsavat Partiyasının mətbuat xidməti, 01 noyabr 2006-cı il