Şəhid jurnalist
Elmarı xatırlayarkən?
Qorxulu mart
Budur qorxa-qorxa gözlədiyimiz mart ayı da gəldi. Əvvəllər mart ayının gəlməsini
səbirsizliklə gözləyirdik. Həm fevralın soyuğundan canımız qurtarırdı, həm də
Novruz yaxınlaşırdı. Bu il isə tamam əksinə oldu, fevralın bitməsini heç
istəmirdik. Tərs kimi bu fevral da 28-dən oldu. Məncə Azərbaycanda sağlam
düşüncəli hər bir şəxs belə hissləri keçirir. Nə üçün? Cavab birdir. Elmarın
qətlinin üstü açılmadı, əksinə onu aradan götürən hakimiyyət tərəfindən
ört-basdır edildi. Bu, bütün sağlam düşüncə sahiblərinin təhqirindən başqa bir
şey deyil. Bizlər Elmarın qətli ilə təhqir olunduq və bu bir ildir ki, davam
edir və üstü açılmayana qədər də təhqir olunmuş qalacağıq...
Əhəmiyyətsiz görünən informasiyalar?
Elmar qüvvətli şəxsiyyət idi. Onunla hər söhbət eləmirdik. Amma həmsöhbətinə
onun danışığının səviyyəsindən asılı olmayaraq diqqətlə qulaq asırdı. Hər
şeydən, hər bir situasiyadan informasiya qoparmaq istəyirdi. Çoxları elə bilir
ki, Elmara informasiya özü axıb gəlir, hökumət üzvləri özləri hər şeyi ona
ötürürdü. Təbii ki, ona informasiya ötürənlər də az deyildi, amma çox şeyi o özü
düşünüb, araşdırıb tapırdı. Məsələn, Elmar birisi ilə söhbətdə Azərbaycana
Çindən və Dubaydan gələn yüklər üçün qeyri-rəsmi gömrük rüsumunun yenidən
artırılmasını bildi. Əslində bu elə də qiymətli informasiya deyildi. İlin o
baş-bu başı gömrük dəllalları sahibkarlardan alınan “rüsumu” artırırdı. Məsələn,
elə bu yaxınlarda dolya sahibləri kosmetika və parfümeriya məhsullarının
idxalından yığılan poborların məbləğini kəskin şəkildə artırmışdılar. Elmar o
dəqiqə bunun səbəbini araşdırmağa başladı. Məlum oldu ki, bunun əsas səbəbi
gömrükdən gələn poborları tənzimləyən, ailəyə məxsus dolya sahiblərinin
xərclərinin artması olub. Tayfanın istənilən xərci isə camaatın hesabına
ödənməlidir axı... Beləliklə biz şahidi olduq ki, Elmar adi jurnalistlərin
əhəmiyyət vermədikləri şeylərə necə diqqət yetirir və ondan qiymətli material
hazırlayırdı.
Ekstrem jurnalist
Onu sözün əsl mənasında ekstrem jurnalist adlandırmaq olar. Hər bir ölkədə Elmar
kimi ekstremlər olmur. O sanki belinə şəhid kəməri bağlayıb, hər an onu özü ilə
birlikdə partlatmağa hazır idi. Razılaşın ki, belinə şəhid kəməri bağlamaq hər
kişinin işi deyil. Azərbaycanda hünərli jurnalist az olmayıb və indi də var.
Onlar da öz qəzet və jurnallarının səhifələrində rəhmətlik tayfa başçısı, onun
oğlu, qardaşları və gəlini barədə kəskin sözlər yazmaqdan çəkinməmişlər.
“Azadlıq” və “Yeni Müsavat” qəzetlərində və bu qəzetlərin təsis etdikləri
jurnallarda tayfa üzvləri barəsində elə sözlər oxumuşuq ki, tüklərimiz biz-biz
durub. Lakin bütün sadaladığım informasiya vasitələrinin sahibləri
sağ-salamatdırlar, və ya hələlik salamatdırlar, hətta heç birini türməyə də
salmayıblar. Elmarı isə həbs də etdilər, repressiya da, sonda da vurdular. Çox
adam deyir ki, Elmar rusdilli idi, onun yazdıqlarını dünyanın hər yerində
oxuyurdular və bu, tayfa üzvlərini həddən artıq qıcıqlandırırdı. Məncə bu yanlış
fikirdir. Elmarı ona görə öldürmədilər ki, o rus dilində yazırdı, ona görə
öldürdülər ki, Elmarın sözləri onun qətlini sifariş verənlərin düz ürəyinə
sancılırdı. Bu sözlər kəskinliyinə görə deyil, sərrastlığına görə kəsərliydi.
Belə sözləri o adamlar həzm edə bilməzdi. “Monitor”un hər nömrəsi bu adamları
sümüyünə qədər yandırırdı. Elmarın heç bir əmlakı-pulu yox idi ki, onu əlindən
almaqla hayıf çıxaydılar. Elmarı məhkəmə ilə bezdirmək istəyənlər sonda özləri
bezmişdilər. Bir dəfə Elmardan bu mənasız məhkəmələrə niyə ümumiyyətlə məna
verib getdiyini soruşmuşdular, axı hər şey gün kimi aydın idi. O demişdi ki, qoy
bu köpəyuşağı mənasızlıqdan özləri bezsinlər. Bəli, “köpəklərdən” ibarət bütöv
bir sistem Elmarın əlində aciz qalmışdı, ondan nə məhkəmələrlə, nə evindəki 3-4
stulu opis etməklə, nə ofisdən-ofisə qovmaqla, nə də ki, jurnalı çap etdirdiyi
mətbəələri bağlamaqla hayıf çıxa bilmirdilər. Elmarı çətinliklər daha da
sərtləşdirirdi. Milyardları və aqressivlikləri ilə bütün dünyaya meydan oxuyan
bir tayfa sözün əsl mənasında tək qələmi olan bir jurnalistə qarşı nə eləmək
lazım olduğunu bilmirdi...
Klassik və hərtərəfli jurnalist
Çoxları hələ də bilmir ki, “Monitor”dakı imzaların çoxu elə Elmarın özünün idi.
İqtisadiyyata aid məqalələrin də həmçinin. Maraqlıdır, Elmarın özünün tikinti
mühəndisliyi ixtisası ilə iqtisadiyyatı haradan belə öyrənmişdi. Bir dəfə Moskva
təhsilli bir iqtisadçı Elmara öz məqaləsini vermişdi. Məqalə “Monitor”da çap
olunanda o, öz məqaləsini tanıya bilməmişdi. Elmar sərrast şəkildə məqaləyə
əlavələr edib, onu klassik bir mövzuda işləmişdi. Ümumiyyətlə Elmarın bütün
yazdıqları öz elmiliyi ilə fərqlənir. Yəni hər birimiz məqalə yaza bilirik.
Mövzu aktual ola da bilər, materiallar da kəskin, amma bu məqalə bir-iki həftəyə
elə köhnələ bilər ki, o söz yığnağına çevrilər, amma Elmarın məqalələri zaman
kəsiyində nəinki öz aktuallığını itirir, hətta getdikcə daha da aktuallaşır.
Yazını yazmazdan qabaq “Monitor”un arxivini qurtdalayaraq, Elmarın 3-4
məqaləsini bir daha gözdən keçirdim, onlar elə bil bu gün yazılmışdı. Kimsə deyə
bilər ki, bu tayfa hakimiyyəti dövründə Azərbaycanda nə dəyişir ki, məqalələrin
aktuallığı da dəyişsin, amma elə gəlin özümüzdən başlayaq, bir-iki ay qabaq
yazdığımız məqalələrə göz gəzdirək...
Sərrast başlıqlar
Bilmirəm hansı dahi deyib, amma çox yerində deyib ki, “başlıq yazının əsas
hissəsidir”. Sovet dövründən hətta mənə bir fakt məlum idi ki, “Komsomolskaya
Pravda” qəzetində xüsusi bir müxbir postu ayrılmışdı ki, yazılara başlıqları bu
postda oturanlar müəyyənləşdirsin. Azərbaycan jurnalistikası bu baxımından
“Monitor” jurnalından çox şey öyrənməlidir. Jurnalın hər bir sayında dərc
olunmuş məqalələrin, hətta kiçik xəbərlərin başlıqları çox məna və əhəmiyyət
daşıyırdı. Deyilənə görə, hakimiyyət üzvlərinə ən çox təsir edən amil də elə bu
idi. Əlbəttə bütün başlıqları Elmar özü fikirləşməsə də “Monitor”un
başlıqlarının sərrast və kəsərli olmasında onun ağlı, erudisiyası birmənalıdır.
Elmarın fikirləşdiyi məqalə başlıqları o qədər gözlənilməz idi ki, bəzən adi
insanlar həmin məqaləni oxuyub başlıqdakı sərrast mənanı duymurdular, baxmayaraq
ki, Elmar başlıqları böyük hərflər və ya fonla bəzəyirdi...
Söyüşsüz keçməyən ömür
Elmarı yaxından tanıyanlar yaxşı bilir ki, Elmarın şifahi danışığı söyüşsüz
keçmirdi. Baxmayaraq ki, o həm orta məktəbi, həm də institutu rusca qurtarmışdı,
amma şifahi Azərbaycan dilini təmiz bilirdi. O, mətbuatda və kitablarda heç bir
zaman dərc olunmayan şifahi xalq yaradıcılığından elə məsəllər işlədərdi ki, onu
haradan eşitdiyinə məəttəl qalardın. Bir dəfə “nə üçün məhz Xocalı faciəsinin
ildönümündə “Azadlıq” qəzetinin işçiləri “3 Palma”ya bazlığa getmişdilər ki,
polislər də niyə onların “cinayətinin” üstünü açdı” məsələsini onunla müzakirə
edirdik. Bu o zaman idi ki, hamı bu iki jurnalistləri populiscəsinə
qılınclayırdı. Elmar buna cavab olaraq onların müdafiəsinə şifahi xalq
yaradıcılığından elə bir məsəl gətirdi ki, sanki, 100 il Azərbaycanın şifahi
xalq yaradıcılığı ilə məşğul olmuşdu. Hayıf ki, onun misal gətirdiyi
qeyri-senzuralı atalar sözünü yazıda vermək olmaz... Elmarın nə üçün tez-tez
söyüşə əl atmasını düzgün anlamaq lazımdır. Bu rejimə söyməyib nə eləyəsən!...
Qələbə bizimlədir!
Rafiq Məmmədli, mammadli@mail.com
”Bakinskiye Vedomosti”, No 46, 4 mart, 2006-cı il
www.monitorjournal.com