Bu gün Müsavat Partiyası Divanının növbəti
toplantısı olub
Toplantıda qərarların icrası vəziyyəti və görülən işlər müzakirə edildikdən
sonra partiya daxili məsələlərə baxılıb. Xaricdə yaşayan müsavatçıların
fəaliyyətini tənzimləyən Əsasnamə layihəsi təsdiq olunub. Sonra partiyanın
mərkəzi icra aparatının yaradılması ilə bağlı Müsavat Partiyası başqanının qəbul
etdiyi Əsasnamə olduğu kimi təsdiq edilib.
Bundan sonra toplantıda ölkədəki ictimai-siyasi və sosial-iqtisadi durum
müzakirə olunub. Hökumətin enerji daşıyıcılarının qiymətlərinin və kommunal
xərclərin artırılması ilə bağlı qərarı ətrafında geniş fikir mübadiləsi aparılıb
və bununla bağlı xüsusi qərar qəbul edilib. Qərarda hökumətin xalqa zidd bu
addımı qətiyyətlə pislənilib və bununla bağlı kütləvi aksiyaların keçirilməsi
məqsədə uyğun sayılıb. Divan qərara alıb ki, kütləvi aksiyaların keçirilməsi
üçün ölkədəki digər siyasi qüvvələrlə məsləhətləşmələrə başlanılsın. Hökumətdən
əhalinin sosial müdafiəsi üçün bir sıra vacib tədbirlərin həyata keçirilməsi və
həmin tədbirlər görülənədək qiymətlərin artırılması ilə bağlı qərarın icrasının
dayandırılması tələb edilib. Divanın toplantısında iştirak edən Millət Vəkilləri
ilə birgə qərara alınıb ki, Müsavat Deputat Qrupu məsələnin Milli Məclisdə
müzakirəsi üçün parlamentin növbədən kənar iclasının çağırılması təşəbbüsü ilə
çıxış etsin.
Daha sonra toplantıda son vaxtlar Milli Orduda yaranmış vəziyyət, xüsusi ilə
Azərbaycan əsgərlərinin tez-tez ermənilərə əsir düşməsi ilə bağlı müzakirələr
aparılıb və Müsavat Deputat Qrupuna həvalə edilib ki, bununla bağlı Milli
Məclisdə xüsusi təhqiqat komissiyasının yaradılması təşəbbüsü ilə çıxış
etsinlər.
Axırda cari məsələlərə baxılıb.
Müsavat Partiyasının mətbuat xidməti, 08 yanvar 2007-ci il