İsa Qəmbər Almaniyadan qayıdıb
 
Müsavat başqanı beynəlxalq konfransda məruzə ilə çıxış edib


Almaniyada keçirilən “Qara dəniz regionu beynəlxalq siyasətdə” beynəlxalq konfransında iştirak edən Müsavat başqanı İsa Qəmbər dünən Bakıya qayıdıb. Səfərlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandıran Müsavat başqanı konfransın gedişindən razı qaldığını bildirib.

ABŞ-ın Marşal Fondunun təmsilçisi Yorq Himmerleyxin, Balkan Klubunun direktoru Simeon Angelovun, Avropa Parlamentinin deputatı Yorqo Çatimarkakisin, Fridrix Nauman Fondunun prezidenti Volfanq Gerhardın, Beynəlxalq Əlaqələr və Təhlükəsizlik institutunun təmsilçisi Uve Halbaxın və başqalarının məruzələrinin dinləndiyi tədbirdə əsasən Qara dəniz regionundakı vəziyyət, Balkan Klubunun məsəsələrə baxışı və proseslərdəki rolu geniş müzakirə olunub. Müzakirələrdə Avropa Birliyinin, Avropa Parlamentinin bu məsələlərə baxışı geniş şərh edilib. Tədbirdə “Cənubi Qafqaz konfliktləri və demokratiya” mövzusunda müzakirələr də aparılıb. Bu müzakirələrdə isə İsa bəy məruzə ilə çıxış edib. Qeyd edək ki, sözügedən müzakirələrdə Ermənistanı isə Hüquq və Siyasi Araşdırmalar Mərkəzi - “Konkord”un prezidenti David Şahnazaryan təmsil edib: “Ən çox diqqət çəkən və suallar verilən mövzu da əslində bu idi. Cənubi Qafqazdakı konfliktlər, xüsusən də Qarabağ problemi, demokratiyanın münaqişələrin həllində rolunun nədən ibarət olması barədə mülahizələr səsləndirildi. Hesab edirəm ki, bu, faydalı və maraqlı bir tədbir idi”.

Müsavat başqanı konfransın gedişində həm tədbir iştirakçıları, həm də digər şəxslərlə bir sıra görüşlər keçirib: “Həm məruzəçilər, həm də görüşdüyüm şəxslər regionla bağlı kifayət qədər məlumatlı insanlar idi. Biz Azərbaycanda baş verən son hadisələri, demokratiyanın durumunu da müzakirə etdik. Azad düşüncəli insanların Azərbaycanda baş verən son hadisələrə münasibətləri müsbət ola bilməz. Həmin şəxslərlə demokratiyaya qarşı olan addımların, insan haqlarının tapdanmasının qarşısının alınması istiqamətində hansı səyləri göstərməyin lazım olması barədə də müzakirələr apardıq”.

İsa Qəmbər Almaniyada yaşayan azərbaycanlılar, o cümlədən Müsavat Partiyasının həmin ölkədəki bəzi üzvləriylə görüşüb. Almaniyada fəaliyyət göstərən türk jurnalistlər Müsavat başqanından Türkiyə telekanalları üçün müsahibələr alıblar.

M.QASIMBƏYLİ