"Bahalaşma qərarının arxasında korrupsiya durur"

İsa Qəmbər: "Son addım maxinasiyaların davam etdirilməsi üçün əlavə imkanlar yaradıb"
"Baş verənlərə birgə "yox" deyə bilsək, hakimiyyət qərardan ya tam şəkildə, ya da qismən geri çəkiləcək"


Müsavat Partiyasının başqanı İsa Qəmbər dünən ölkədə enerji daşıyıcılarının, kommunal ödəmələrin qiymətlərinin artırılmasıyla bağlı mətbuat konfransı keçirdi. Müsavat başqanı dedi ki qiymətlərin qəfildən və çox ciddi bir şəkildə artırılması ölkədə real şok vəziyyəti yaradıb: "90-cı illərin əvvəllərində Sovet İttifaqının dağılmasından sonra sosialist təsərrüfatından azad iqtisadiyyata keçid məqsədiylə ciddi islahatlara başlanıldı. O zaman bu islahatlar "şok terapiyası" adlanırıdı. Bununla bağlı çox ciddi diskussiyalar getdi və bir sıra mütəxəssislər kifayət qədər əsaslı şəkildə izah etdilər ki, bu terapiyanın, yəni iqtsadiyyatın sağlamlaşdırılmasını, azad bazara keçidi bu cür şok tədbirlər olmadan da həyata keçirmək mümkündür. hər halda bunun o zaman məntiqi vardı, çünki sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçiddən söhbət gedirdi. İndi Azərbaycanın müsəqilliyinin bərpasından 15 ilddən artıq vaxt keçdiyi bir mərhələdə Əliyev rejimi yenə də xalqa qarşı şokdan istifadə edir. Amma indi şok var, terapiya yoxdu". İsa Qəmbər qeyd etdi ki, qiymətlərin bu cür qəfildən artırılması ağır nəticələrə gətirib çıxara bilər. Azərbaycan xalqının önəmli bir hissəsinin yoxsulluq həddindən də aşağı səviyyədə yaşadığını xatırladan İsa bəy qeyd etdi ki, hətta bu gün yoxsulluq həddindən yuxarıda yaşayanların da əksəriyyəti çox çətinliklə öz xərclərini ödəyə bilirlər: "Ölkədə çox böyük işsizlik mövcuddur, orta maaşın həddi həddən artıq aşağıdır. Belə bir mərhələdə qiymətlərin bu şəkildə artırılması, dünya qiymətləriylə bərabərləşdirilməsi təbii ki, əhalinin həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxaracaq. Aydın məsələdir ki, enerji daşıyıcılarının qiymətlərinin artılıması bütövlükdə ölkədə bahalaşmaya, bütün malların və qiymətlərin artmasına gətirib çıxaracaq. Bu adım yoxsul təbəqənin həyatına çox sərt təsir etməklə yanaşı, iqtisadiyyata da, sahibkarlara da ciddi zərbədir. Xüsusən xırda və orta sahibkarlar da öz mallarının və xidmətlərinin qiymətlərini artırmaq məcburiyyətindədirlər və nəticədə rəqabətdə daha çox çətinliklərlə üzləşməli olacaqlar. Bu artım ölkədə kənd təsərrüfatına, ümumiyyətlə, qeyri-neft sektorunun vəziyyətinə də ciddi təsir edəcək". Atılan addımlarla bağlı hakimiyyət nümayəndələri tərəfindən gülünc izahatların səsləndiyini bildirən İsa Qəmbər dedi ki, "bizdəki qiymətlər qonşu ölkələrdə enerji daşıyıcılarının qiymətlərindən ucuzdur və ona görə buradan həmin ölkələrə qeyri-qanuni eksportun baş verir" əsaslandırmasının heç bir əsası yoxdur: "15 ildən bəri müstəqil olan bir dövlətin ordusu, gömrüyü, polisi, prokurorluğu, milli təhlükəsizlik nazirliyi varsa, dövlət hansı qeyri-qanuni eksportdan danışır? Ölkədə hakimiyyətin özündən, dar bir təbəqədən başqa kimin imkanı var ki, enerji əməliyyatları qura bilsin, bir litr nefti, bir kubmert də olsa, qazı kənara çıxara bilsinlər? Bütün bu resurslar hakim ailənin nəzarəti altında deyilmi?" hakimiyyət nümayəndələrinin başqa bir arqumentinə - dizelin qiyməti benzinin qiymətindən aşağı olduğu üçün problemlər yaradırdı - diqqət çəkən Müsavat başqanı yada saldı ki, bu arqumenti ötən ilin yanvarında da söyləmişdilər: "Onda dizel yanacağının qiyməti qaldırılanda deyirdilər ki, dizel benzindən ucuz olduğu üçün yanacaqdoldurma məntəqələrində benzinin içinə dizel əlavə edilir, ona görə də onların qiymətləri eyniləşdirilməlidir. İndi yenə fərq yaradıblar. Yəni bu arqumentlə yenidən dizelin qiymətini artıra bilərlər". Müsavat başqanı hesab edir ki, bu qərarın qəbul olunması səbəblərini ciddi şəkildə təhlil etməyə ehtiyac var. hazırda siyasətçilərin, mütəxəssislərin ilkin təhlillə məşğul olduqlarını qeyd edən İsa bəy dedi ki, əslində ölkədə iqtsadiyyatın vəziyyətini çox ciddi, komleks şəkildə təhlil etmək lazımdır: "Neçə illərdən bəri deyirdilər ki, Bakı-Tiflis-Ceyhan neft kəməri işə düşəndən sonra dünya bazarına ciddi miqyasda neft ixrac ediləcək, Azərbaycana neft dollarlarının axını başlayacaq və nəticədə xalqın həyat səviyyəsinin yüksələcək. Artıq o illər gəlib çıxıb. Ötən ilin nəticələri kifayət qədər böyük neft ixracatının mövcud olduğunu göstərdi, bu il ixracat daha da artacaq. Amma bu gün nə iqtisadiyyatın real inkişafından söhbət gedir, nə də xalqın həyat səviyyəsinin yüksəlməsi yoxdur. Əksinə, hakmiyyət öz proqramsız, iqtisadi siyasətini, xalqın cibinə əl atmaqla, insanların axırıncı manatlarını əlindən almaqla həll etmək istəyir. İndi büdcədə nəzərdə tutulmadığı halda bu cür kəskin artımın olması mövzunun daha geniş olduğunu və iqtisadi vəziyyətin daha geniş təhlil olunmasını tələb edir". hakimiyyətin bu qərarının arxasında korrupsiya amilinin dayandığını bildirən İsa bəy mütəxəssislərin ölkədəki enerji sektorunda dəhşətli korrupsiyanın olduğunu sübut etdiklərini xatırldaraq dedi ki, son addım maxinasiyaların davam etdirilməsi üçün əlavə imkanlar yaradılıb: "hətta qiymətlərin artırılması barədə qərarın 6 yanvarda qəbul edilməsi, amma bunun həmin gün yox, bir gün sonra gecə elan edilməsi özü də əlavə maxinasiyalara yol açan bir faktdır. Normal ölkələrdə qiymət artımı ya çox əvvəlcədən elan olunur ki, cəmiyyət həmin situsiyaya hazırlaşsın, ya da qərar bir günün içində verilir və qəfildən elan edilir ki, heç kim bundan sui-istifadə edə bilməsin. Amma indi dar bir qrup qərarı qəbul edir və ayın 8-də səhər, bu qərar icra olunmağa başlayır. Bu adamların iki gün ərzində müəyyən maxinasiyaları həyata keçirmək üçün imkanları olur. Xüsusən də nəzərə alaq ki, Taarif Şurası müstəqil bir orqan deyil, əsasən hakimiyyət nümayəndələrindən təşkil olunub". Bu addımı xalqa qarşı cinayət, hakimiyyətin oğurluq siyasətinin davamı kimi qiymətləndirdiklərini elan edən İsa Qəmbər dedi ki, xalq bu oğru siyasətinə "yox" deməyi bacırmalıdır. O, Müsavatın yaranmış vəziyyəti hərtərəfli müzakirə etdiyini və cəmiyyət baş verənlərə etiraz bildirməsinin vacib olduğunu düşündüklərini də nəzərə çatdırdı: "Son dövrlərdə hər zaman, xüsusən də qiymət artımı olan günlərdə hamı narazıdır. hamı da sözünün sonunnda deyir ki, görünür, belə olmalıır, bizim millətimiz belədir, buna layiqdir, xalqımız mübarizə aparmağa qadir deyil. Millət kimdir, sənsən, mənəm burda əyləşənlər və burda olmayanlardır. hər birimiz yaranmış vəziyyətə etiraz etməyib, dözəcəyiksə, hansısa Aydan, Marsdan gələn insanlar buna etiraz etməyəcəklər ki. Etirazı bizlər, bu xalq, cəmiyyət etməlidir. Qiymət artımı hər birmizin həyat səviyyəsinə ciddi şəkildə təsir edəcək. Yuxarıdakı çox dar bir təbəqənin - oliqarxların, zəngin adamların qiymət artımı veclərinə də deyil. Əksinə, onlar bu artımdan qazanacaqlar". ə qərarın icrasının daandırılmasını tələb edirik. Daha sonra Müsavat başqanı jurnalistlərin suallarını cavablandırdı:

- Siz qiymətlərin artırılmasını korrupsiya ilə əlaqləndiridiniz. Müxalifət liderləri həmişə korrupsiya ilə bağlı danışsalar da, amma bununla kimlərin necə məşğul olması haqda konkret faktlar açıqlamırlar. Nəyə görə müxalifət bu haqda cəmiyyətə detallı məlumatlar vermir?

- Təxminən on il əvvəl Almaniyanın Azərbaycandakı səfiri bir tədbirdə dedi ki, bu ölkədə rüşvətxorluq geniş yayılıb və bu da alman iş adamlarının ölkəyə gəlməsinə problemlər yaradır. hakimiyyətdən olan deputatlardan biri ondan soruşdu ki, sizin əlinizdə bununla bağlı fakt varmı? Səfir isə cavab verdi ki, təəssüf ki, biri o birinə rüşvət verəndə bunu videoya çəkib bizə təqdim eləmirlər və heç kim də rüşvət alanda qəbz vermir ki, bütün bunlar bizim əlimizdə olsun və nələrisə sübut edə bilək. Aydın məsələdir ki, hamı rüşvətxorların kim olduğunu bilir və bu haqda yazılır. Sadəcə olaraq, məsələlərə diqqətli yanaşmaq özü də kifayətdir. Təkcə elə büdcə müzakirələri zamanı bizim millət vəkillərinin, mütəxəssislərin büdcədəki korrupsiya elementləri ilə bağlı, büdcədən gizlədilən milyardların gizlədilməsi haqda göstərdikləri faktlar kifayət qədər ciddi arqumentlər deyildimi? Orda konkret göstərilirdi ki, hansı nazirliklər, hansı şirkətlər bu qərarlarda maraqlıdır. həmin şirkətlərin, nazirliklərin başında isə kimlərin durduğu hamıya bəllidir. Amma istənilən halda bu işin başında İlham Əliyev dayanır. Dövləti o idarə edir. Bu dövləti isə bu hala heydər Əliyev gətirib və İlham Əldiyev də həmin siyasəti davam etdirir. Korrupsiyanın başında bu adamlar dayanırlar. Bunun o yan, bu yanı yoxdur.

- Nədənsə ötən il də, bu dəfə də bahalaşma ilə bağlı qərarlar qəbul olunanda ölkə başçısı İlham Əliyev Azərbaycanda olmadı. Sizcə, bu, nə ilə bağlıdır?


- Çox maraqlı müşahidədir. Ötən il yanvarın 6-da da bəzi enerji daşıyıcılarının qiymətləri qalxarkən İlham Əliyev ölkədə deyildi, məzuniyyətdəydi. İndi də həmin vəziyyətdir. hətta belə versiyalar da səslənir ki, İlham Əliyev qəsdən özü burda olmadığı vaxtda qiymət artımı ilə bağlı qərarların verilməsini təşkil edib. Yəni özü üçün bir az zaman qazansın və əgər ictimai etiraz zəifdirsə, üstündən keçilsin, güclüdürsə, hakimiyyətin özünə təhükə yaranacaqsa, gəlsin və desin ki, mənim bundan xəbərim yox idi və qərarı dəyişdirsin. Bu versiyalar var. Düzdür, heydər Əliyevdən fərqli olaraq, İlham Əliyev "mənim xəbərim yoxdur" ifadəsini o qədər də çox işlətmir. Amma bu ehtimaldır. Bizi bu versiyalar az maraqlandırır və qərarın icrasının dayandırılmasını tələb edirik. Eybi yox, İlham Əliyev gəlsin və desin ki, mənim xəbərim yox idi və icranı dayandırsın. Əsas odur ki, iqtisadiyyata ziyan olan, xalqın həyat səviyyəsinə zərbə olan qərarlar dayandırılsın və ölkənin iqtisadiyyatı proqramlı, sistemli, elmi şəkildə idarə edilsin, dəhşətli korrupsiyaya, oğurluğa, rüşvətə son qoyulsun. Əgər İlham Əliyev bunu edib özünü xalqa təqdim edəcəksə, olsun, gəlsin, eləsin, bizim tələbimiz qüvvəsində qalır, qərarın icrası dayanmalıdır.

- hakimiyyət nümayəndələri bu qərarı əsasandırarkən deyirlər ki, bu, enerji daşıyıcıları ilə bağlı əhalinin israfıçlığının qarşısını almaq məsdəqidə edilib. Sizcə, bunu əsaslı saymaq olarmı?

- Əvvəla, xalq kifayət qədər dəyişib və on-on beş il əvvəlkindən fərqli olaraq, bu gün hamı enerjidən istifadəyə diqqət yetirir və israfıçılıq etmir. İnsanlar qiymətlərin kifayət qədər baha olduğunu nəzərə alaraq israfçılıq etmir. İsrafçılığın böyük bir hissəsi ölkədə kommunikasiya xətlərinin bərbad vəziyyətdə olması ilə bağlıdır. Amma məsələ orasındadır ki, hakimiyyətin korrupsiyası israfçılıqla müqayisədə qat-qat böyük rəqəmlərdən danışmağa məcbur edir. Ölkədə milyonlarla ton neftin büdcədən kənar istifdəsi, milyonlarla kubmetr qazın gizli iqtisadiyyatda istifadə edilməsi, elektirik enerjisiylə bağlı maxinasiyalar reallıqdır. Rusiya ilə Azərbaycan, başqa ölkədər arasında enerji eksportu, importu sahələrində böyük maxinasiyalar, uydurma rəqəmlər var. Bir qədər əvvəl ekspertlərdən biri Azərbaycanın öz ehtiyaclarını ödəyəcək qədər qazının, enerjisinin olduğunu sübut etdi. Ona görə də israfdan yox, hakimiyyətin oğurluğundan danışmaq daha realdır. hakimiyyətin bu siyasəti davam etdirməsi nəticəsində elə kəndlər var ki, artıq elektrik enerjisindən imitina edirlər və deyirlər ki, bizdən pul istəməyin. İnsanlar orta əsrlərə qayıtmaq seçimi qarşısında qala bilərlər. Dekabrın 31-də İlham Əliyev xalqı təbrik edəndə optimist sözlər söylədi, ölkənin iqtisadi inkişaf üzrə dünyada birinci dövlət olduğunu dedi. Bundan bir həftə sonra isə "dünyanın ən güclü iqtisadi inkişafına malik olan" Azərbaycanda, neft, qaz ölkəsində enerji daşıyıcılarının qiymətlərinin bu qədər artırılması onun çıxışının dəyərinin nədən ibarət olduğunu göstərdi.

- Bir qədər əvvəl parlament enerji daşıyıcılarından istifadə ilə bağlı cinayət məsuliyyəti də yaratdı. Mövcud vəziyyətdə bu, bu, çoxsaylı insanların həbsinə də səbəb ola bilər. Bunun qarşısını almaq üçün müxalifət hansı addımları atmaq istəyir?


- hakimiyyət qiymətləri qaldırmazdan əvvəl cinayət məsuliyyəti ilə bağlı qanuna dəyişiklik etməklə prosesə hazırlıq gördü. Bütün bunlara cəmiyyət, hamı bir yerdə "yox" deyə bilsək, hakimiyyət bu məsələ barədə ciddi düşünməyə məcbur olacaq, qərardan ya tam şəkildə, ya da qismən geri çəkiləcək. həbsxanaların da müəyyən tutumu var. Səkkiz milyon yarımlıq xalqın hamısını həbs etmək mümkün olmayacaq. Ona görə də ürəkli olun.

- Sizcə, müxalifət liderlərinin, tanınmış ekspertlərin, iqtisadçıların iştirakıyla bu həqiqətləri xalqa çatdırmaq üçün yaxın zamanlarda böyük müzakirələr təşkil etmək mümkündürmü?

- Müsavatın qəbul etdiyi qərara əsasın bu həftə sonu yaranmış vəziyyətlə bağlı dəyirmi masanın keçirilməsi nəzərdə tutulub. Orada mütəxəssislərin, siyasətçilərin, millət vəkillərinin iştirakı nəzərdə tutulur. Vaxt və yer barədə mətbuata məlumat veriləcək.

MƏHBUBƏ