Müsavat Partiyası Divanının bəyanatı
Son dövrlər İran rejiminin rəsmi dairələrinin Azərbaycan Respublikasına qarşı
dostluq və mehriban qonşuluqla bir araya sığmayan hərəkətləri narahatlıq
yaradacaq həddə çatmışdır. İran hakimiyyətinin təmsilçilərinin Azərbaycan
Resbuplikasını “Şimali İran” adlandırması, bəzi rəsmi qəzetlərdə ölkəmizin
itirilmiş İran torpaqları kimi təqdim edilməsi, İran televiziyalarında, xüsusən
də Azərbaycan dilində yayımlanan “Səhər” proqramında bəzi siyasi liderlərimizin
təhqir olunması yolverilməzdir.
Müsavat Partiyasının Divanı ölkəmizin ərazi bütövlüyü, suverenliyi və
sərhədlərinin toxunulmazlığına qarşı qonşu İranın yaxın tarixdə atdığı addımları
da nəzərə alaraq bəyan edir:
1. İranın rəsmi dairələrinin ölkələrimiz və xalqlarımız arasında tarixi
dərinliyi olan ikitərəfli münasibətlərin normal inkişafına zərər vuran,
Azərbaycan Respublikasının həyati vacib maraqlarını təhdid edən hərəkətləri
pislənilsin;
2. İran İslam Respublikasının KİV-lərində Azərbaycanın tarixi və mədəniyyəti
haqqında məqsədyönlü şəkildə təhrif olunmuş, əlli milyona yaxın Azərbaycan
türkünün milli heysiyyatına toxunan yazıların dərc olunmasına və dini ideyaların
təbliği adı altında ölkəmizin daxili işlərinə qarışmağa, separatizm meylləri
yaratmağa, eyni zamanda islam inqilabı ideyalarını ixrac etməyə son qoyulsun;
3. İslam təəssübkeşliyi ilə öyünən İİR-nın, Azərbaycan ərazisinin böyük bir
hissəsini işğal edən, on minlərlə müsəlmanı qətl edən, bir milyonadək insanı öz
vətənində didərgin edən Ermənistanla münasibətlərinə yenidən baxılsın;
4. İranda yaşayan Azərbaycan türklərinin milli-mədəni hüquqlarına və insan
haqlarına hörmətlə yanaşılsın.
Müsavat Partiyasının mətbuat xidməti, 11 dekabr 2006-cı
il