Müsavat Partiyası Divanının bəyanatı

Dekabrın 8-də Milli Məclis Əmək Məcəlləsinə dəyişikliklər edərək 18 oktyabr – “Müstəqillik günü”, 12 noyabr – “Konstitusiya günü” və 17 noyabr – “Milli Dirçəliş günü”nü istirahət günü hesab edilən bayramlar sırasından çıxarıb. Bəzi millət vəkillərinin etirazlarına baxmayaraq Prezident Aparatından gələn bütün sənədləri sorğu-sualsız qəbul edən parlamentdəki hakim çoxluq qərar layihəsinin lehinə səs verib.

Beləliklə, Azərbaycan hakimiyyəti yaxın tariximizin ən mühüm hadisələrinin unutdurulması, tarixdən və yaddaşlardan silinməsi istiqamətində növbəti addım atıb. Azərbaycan xalqının sovet əsarətindən qurtulması yolundakı mübarizə tarixinin iki ən mühüm və ən şərəfli səhifəsinin istirahət günü olmasına qısqanclıqla yanaşmaq, bu günlərin əhəmiyyətini və önəmini azaltmağa çalışmaq yalnız və yalnız müstəmləkə təfəkkürü, qul, kölə zehniyyəti ilə yaşayanların düşüncəsi və əməli ola bilər.

Müsavat Partiyası hakimiyyətin bu addımını bütövlükdə Azərbaycan xalqının müqəddəs dəyərlərinin tapdanması, ölkəmizin sovet müstəmləkəçiliyindən azad olması, müstəqilliyə qovuşması uğrunda mübarizə aparmış insanların heysiyyətinin, bu mübarizədə canını qurban vermiş şəhidlərin müqəddəs ruhlarının təhqir olunması kimi dəyərləndirir və bildirir və bəyan edir ki, Müstəqillik, Milli Dirçəliş günü kimi bayramları təqvimdən silməklə onların əhəmiyyətini, önəmini azaltmaq, yaddaşlardan silmək, xalqın öz şərəfli tarixini unutmasına nail olmaq mümkün deyil. Bu günləri təqvimdən silənlər xalqın qəlbindən silə bilməyəcəklər. Yəqin ki, çox yaxın illərdə xalqın iradəsi ilə formalaşan parlament həmin bayramlara yənə də layiq olduqları statusu qaytaracaq.

Müsavat Partiyasının mətbuat xidməti, 11 dekabr 2006-cı il