Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantıda qərarların icra vəziyyəti və görülən işlər müzakirə edildikdən sonra partiya daxili məsələlərə baxılıb. Müsavat Partiyasının başqanı İsa Qəmbər Almaniya səfərinin yekunları ilə bağlı Divan üzvlərinə məlumat verib. Sonra ölkədəki ictimai-siyasi durum müzakirə edilib. Divanda parlamentin dövlət bayramları ilə bağlı qərarı da müzakirə edilib. Bununla bağlı xüsusi bəyanat qəbul edilib (Bəyanatın mətni ayrıca verilir).

Daha sonra Müstəqil Azərbaycan Universitetinin aclıq edən tələbələrinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu günə təyin olunmuş məhkəmənin 10 gün müddətinə təxirə salınması göstərir ki, müxtəlif instansiyalardan səslənən bəzi ümidverici fikirlərə baxmayaraq, əslində hökumət tələbələrin hüquqlarını bərpa etmək fikrində deyil. Divan ictimaiyyətin daha geniş təbəqələrinin bu məsələyə diqqətinin artırılmasını vacib sayıb.

Divanın yığıncağında son vaxtlar İranın bəzi rəsmi şəxslərinin və həmin ölkənin rəsmi mətbuat orqanlarının Azərbaycan Respublikasının müstəqilliyi əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirilib və bu barədə bəyanat qəbul edilib (Bəyanatın mətni ayrıca verilir).

Toplantıda Müsavat Partiyasının illik M.Ə.Rəsulzadə mükafatının təsis edilməsi barədə də qərar qəbul edib.

Sonda cari məsələlərə baxılıb.

Müsavat Partiyasının mətbuat xidməti, 11 dekabr 2006-cı il