«Bu,hələ jurnaldır»
İsa Qəmbər: «Biz fürsət gözləmirik, xalqın müqavimətini təşkil etməyə
hazırlaşırıq»
Prezident İlham Əliyevin bahalaşmanın əleyhinə olması ilə bağlı qəzetimizin
dünənki sayında dərc edilən açıqlaması ölkədəki situasiyanı bir qədər dəyişib.
İndi suallar Tarif Şurasının qərarını dəstəkləyənlərə və vəziyyətdən istifadə
etməyən müxalifətçilərə ünvanlanıb. Bu dəfəki suallarımızı Müsavat Partiyasının
başqanı İsa Qəmbər cavablandırır.
- İlham Əliyevin açıqlaması nəyin təzahürüdür?
- İnformasiyanın nə dərəcədə əsaslı olduğu hələ aydın deyil. Çox mümkündür ki,
hakimiyyət dairələri xalqın qəzəbini azaltmaq üçün bu informasiyanı dövriyyəyə
buraxıblar. Digər tərəfdən, heç bir mənbə göstərilmədiyindən informasiyanı hələ
ki, real saymıram.
- İnformasiya qəzetimizə xarici saytlardan daxil olduğundan təminat veririk...
- Hansı saytdan?
- İsveçrənin.
- Adı göstərilməyib…
- Yəqin ki, bu gün məsələ tam aydın olacaq. Hakimiyyət bu cür siyasi
texnologiyandan əvvəllər də istifadə etdiyindən oxşar hadisə yenə təkrarlana
bilərmi?
- Bu, bizi maraqlandırmır. Hesab edirik ki, əhalisinin orta əməkhaqqı 150 dollar
olan ölkədə qiymətləri bu səviyyəyə qaldırmaq cinayətdir. Bu qərarın
dayandırılmasını tələb edirik. Hakimiyyət nə oyun oynayıbsa, bu, onların
problemidir.
- Qərar ləğv olunarsa, partiyanızın mövqeyi necə olacaq?
- Fərziyyələrlə məşğul olmaq istəmirəm.
- Qərarın icrasının dayandırılmasını tələb edən müxalifət nədən bir neçə gündə
xalq etirazlarını təşkil edə bilmədi?
- Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış tədbirlərdə polisin
zorakılıq edəcəyi şübhəsizdir. İndiki mərhələdə isə qarşıdurma və gərginlik
yaratmaq niyyətimiz yoxdur. Ümumxalq etirazlarını təşkil edib ictimaiyyətin bu
qərardan narazılığının aydın şəkildə ifadə olunmasını istəyirik. Məqsədimiz odur
ki, hakimiyyət də bunu dərk edib geri çəkilsin.
- Təsəvvür edin ki, ölkədə 1991-ci ildəki kimi QKÇP baş verib, müxalifət isə 3
həftə gözləyir...
- QKÇP ilə qiymət artımı tam başqa hadisələrdir.
- Müsavat aksiyanı yanvarın 28-də, «Azadlıq»ın isə bundan iki gün əvvəl
keçirəcəyini bəyan etməsi cəmiyyətdə qeyri-müəyyənliyin yaranmasına xidmət
etmirmi?
- Bu, yanlış yanaşmadır. Problemin mahiyyətindən ikinci və beşinci dərəcəli
məsələlərə keçirsiniz. İndiki situasiyada önəmli budur ki, hakimiyyət xalqa
qarşı çox sərt addım atıb və bu, geri götürülməlidir. Müsavatın qərarları
ictimai narazılığın ifadə olunmasına yönəlib. Qiymət artımı birgünlük məsələ
deyil. Əslində, cəmiyyət bu artımın fəsadlarını öz üzərində hələ tam hiss
etməyib. Getdikcə bu zərbənin mahiyyəti daha çox hiss olunacaq. Ona görə də
birgünlük aksiya keçirib quş qoymaq istəmirik ki, hə, hakimiyyət qiymətləri
artırdı və Müsavat etirazları təşkil etdi. Bu, ictimai müqavimət olmalı və biz
də bunu təşkil edirik.
- Heç olmasa, cəhd etmək mümkün deyildimi?
- (fikirləşir) Biz real siyasətlə məşğuluq. Bilirik ki, cəmiyyətin böyük
əksəriyyəti polis zorakılığından çəkinir. Hakimiyyətin şok qərarına şok reaksiya
verib bir neçə min nəfəri polis dəyənəyinin altına çıxarmaq və bununla da
düşərgənin etirazını yekunlaşdırmaq istəmirik. Belə nəticə maraqlı deyil! Biz
milli müqavimət təşkil etmək istəyirik və hakimiyyət qərarının üstündə dayansa,
bunu edəcəyik.
- Onsuz da 13 ildir polis zorakılığı var. Siz bu zorakılığın zəifləyəcəyini
gözləyirsiniz?
- Razılaşdırılmış yerdə mitinq keçirsək, ictimai müqavimət təşkil olunacaq və
cəmiyyət öz gücünü dərk edəcək. Hakimiyyət də dərk edəcək ki, bu həna o hənadan
deyil.
- Hakimiyyətin razılıq verdiyi yerdə mitinq keçirmək elə hakimiyyətin qiymət
artımı ilə razılaşmaq deyilmi?
- Çox absurd sual verirsiniz. Qiymət artımı ilə razılaşmaq ideyasını haradan
çıxarırsınız?
- Çünki yalnız hakimiyyətin razılıq verdiyi meydanda aksiya keçirirsiniz?
- Siz hansısa bir məsələ ilə razılaşırsınızsa, bu, qalan məqamlarla da
razılaşmaq deməkdir? Yanlış bir məntiqdir.
- Bu mövqeni ortaya qoyan köşə yazarımız, müsavatçı Hüseynbala Səlimov bildirib
ki, müxalifət monoton həyata qapılıb və qapıldığı çərçivədən kənara çıxmır…
- Müsavatçı köşə yazarlarının mövqeyinə hörmətlə yanaşır, ancaq bunun birgünlük
məsələ olmadığını deyirəm. Ümummilli etirazı təşkil etmək lazımdır və bu, bir
prosesdir. Artıq bu prosesi başlamışıq, bəzi jurnalist dostlarımız bunu görmək
istəmirsə, onlardan incimirik.
- Bəli, mətbuat konfransınızda dedikləriniz müsbət idi. Hətta «şok var, terapiya
yoxdur» fikriniz çox mənalı və afrostik gücə malik ifadə idi. Ancaq sizə elə
gəlmirmi, bəyanatdan o yana getmədiniz?
- Başa düşmürəm, eyni sualları
10 dəfə müxtəlif formalarda təkrarlamaqla nəyə nail olmaq istəyirsiniz? Hansı
proqramdan danışırsınız? Hakimiyyət cinayətkar addım atır, biz isə onun geri
çəkilməsini tələb edirik. Söhbət iqtisadi proqramlardan gedirsə, Müsavat neçə
illərdir cəmiyyətə bu barədə açıqlama verib.
- İsa bəy, mən fəaliyyət proqramını nəzərdə tuturam. Hanı Müsavatın gözlənilməz
situasiyaya qarşı adekvat addımı?
- Uzun müddətdir bu mövqedən suallarınızı verirsiniz. Dinc üsullarla mübarizə
aparan partiya həm dövlətin güc strukturları, həm də qanunsuz quldur dəstələri
ilə silahlanmış hakimiyyətin qərarları indiki qüvvə ilə dəyişilə bilməz.
Müxalifətin gücü xalqda və cəmiyyətin fəallığındadır. İctimai fəallığın kifayət
qədər əsası var və biz də bu etirazın ideologiyasını şərh edib əsaslandırmışıq.
İndi də bu istiqamətdə iş gedir. Burda saxta və qeyri-adi üsulun tapılacağı
haqqında fikirləşmək mənasızdır.
- Amma lider həm də dəyişikliyin uyğun vaxtda hökmən olacağını əmin etməyi
bacarmalıdır…
- Hakimiyyətin qərarına etiraz edib tədbirlərimizi həyata keçirəcəyik. Cəmiyyəti
də aksiyalarda fəal iştiraka çağırırıq. Əgər fərqli etiraz təklifiniz varsa,
buyurun!
- Cəmiyyətin müqavimət gücünü artırmasının vacibliyini deyirsiniz. Bəs liderlər
nə işlə məşğul olmalıdır?
- Liderlər də mübarizənin önündə getməlidir.
- Bu gündən etibarən önə çıxmaq olmazdımı?
- Cəmiyyət buna hazır olmalıdır ki, önündə gedəsi qüvvə də meydana çıxsın.
- Bəs ictimaiyyəti kim hazırlamalıdır?
- Müxalifət, media, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti. Yeri gəlmişkən,
qəzetlər müxalifətin düzgün mövqedə olmadığına yox, hakimiyyətin səhv yolda
olduğuna inandırmaqla cəmiyyəti hazırlamalıdır. Biz üzərimizə düşən vəzifəni
yerinə yetiririk.
- Sizə elə gəlmir ki, son günlər baş verən proseslərə mətbuat müxalifətdən daha
sərt yanaşdı?
- Əgər «Gündəlik Azərbaycan» və digər qəzetlər o fikirdədirlərsə ki, onlar
hakimiyyətin əməllərinə qarşı müxalifətdən daha çox iş görürlər, mübahisə
etmirəm. Ancaq heç bir ciddi əsas olmadan İlham Əliyevin bəyanat verib qərarı
ləğv edəcəyini yazmaq cəmiyyəti sakitləşdirmək üçün atılan addıma bənzəmirmi?
- Siz «Gündəlik Azərbaycan»ı nəzərdə tutursunuz?
- Bəli.
- Bəs xəbər təsdiqlənsə, nə deyəcəksiniz?
- Onda hörmət edəcəyəm ki, ilk informasiyanı qəzetiniz əldə etdi.
- Sizin suallara adətən «hər şey yaxşı olacaq» fikriniz vətəndaşlarda nikbinlik
yaradır. Biz də bunu qiymətləndiririk...
- Xeyr, mən heç vaxt belə deməmişəm. Bildirmişəm ki, qarşıda gərgin dövr
gözlənilir və ciddi hadisələrin baş verməsi labüddür. Böhran dərinləşəcək və bu
həm Azərbaycana fəlakətlər gətirəcək, həm də situasiyanın dəyişməsinə yeni
imkanlar yaradacaq. Ona görə partiyalar və digər institutlar da xalqın
maraqlarına uyğun mövqe bildirməlidir.
- Ötən ilin maraqlı olduğunu söyləyən İsa Qəmbər 2007-dən nə gözləyir?
- Çox hadisələr baş verəcək. İndi olanlar jurnaldır.
- Əndican olaylarından sonra 2003-cü ilin oktyabrını xatırladaraq demişdiniz ki,
hamı bizim vəziyyətdən yaxşı çıxdığıimıza inana bilər. Deməli, Azərbaycan xalqı
etiraz etməməlidir? Bu bəyanatınız xalqda şüuraltı qorxunu oyatmadımı?
- Xalqına qarşı hər cür zorakılıqları tətbiq edən, güllə atmağa hazır olan
hakimiyyət yox, real vəziyyəti təhlil edən İsa Qəmbər cəmiyyətdə qorxu yaradır?
- Hər halda, məndə bir qorxu hissi yarandı ki, bu hakimiyyət bizi güllələyə
bilər…
- Hakimiyyətin xalqa güllə atmağa hazırlaşdığını bilib gizlətməli və hər şeyin
əla olacağını deməliyəm?
- İnandırıram ki, suallarımızın əksəriyyəti müsavatçıların və vətəndaşlarındır.
Məni düzgün başa düşün, cəmiyyət İsa Qəmbərdən bu sualların cavabını istəyir…
- Əvvəla, mətbuat konfransında bir neçə yanlış tezisin ortaya atıldığını dedim.
Birincisi, millətin mübariz deyil, qorxaq olması tezisidir. Halbuki millət
mücərrəd anlayış deyil, millət bizik! İkinci yanlış mövqe isə müxalifət zəif
olduğu üçün hakimiyyət bu addımları atmasıdır. Elə totalitar ölkələr var ki,
müxalifət də yoxdur. Bu, o deməkdir ki, hakimiyyət xalqı məhv etməlidir?! Yəni
hakimiyyətin cinayətlərinə görə müxalifəti hədəf seçmək əhvalruhiyyəsi
özü-özlüyündə yanlışdır və bəzi hallarda səmimi deyil. Sadəcə, dolayısı yolla
hakimiyyəti zərbə altından çıxartmaq yanaşmasıdır. Bax, bunu görməmək mümkün
deyil!
- Deməli, biz hakimiyyəti zərbə altından çıxarırıq?
- Söhbət sizdən getmir. Televiziyalarda bu tezis daha çox səslənir. Əgər sual
verirsinizsə, bunları demək məcburiyyətindəyəm. Nə cür təsəvvür edirsiniz, İsa
Qəmbərin bir dahiyanə sözü hakimiyyəti məğlub edəcək?
- Hər halda, xalqın «uman yerdən küsərlər» məsəlini də unutmaq olmur. Azərbaycan
xalqı elə vəziyyətdədir ki, sizlərdən bunu umur...
- Mən məsuliyyəti müxalifətdən xalqın üzərinə qoymaq istəmirəm. Ancaq eyni
zamanda bəzi jurnalist və təhlilçilərin xalqı və müxalifəti ayrılıqda götürmək
xəttini də düzgün saymıram. Bəs bizim çağırışlarımız nə deməkdir? Bu, xalqı
hazırlaşdlırmaq deyil! Bunları görməmək ya savadsızlıqdan, ya da qərəzdən irəli
gələr.
- Mübarizənizin qəzet səviyyəsindən kənara çıxmaması da faktdır…
- Televiziyalara buraxmırlar, qəzetlər hakimiyyəti ifşa edən çıxışlarımıza yer
vermək əvəzinə, müxalifətin mitinqinin nə vaxta təyin etməsi, partiyaların niyə
birləşməməsi kimi sualları önə çəkir. Sonra da başlayırlar ki, qəzetlərdən
kənara çıxmırlar. Sözümüzü xalqa çatdırmağın bir mexanizmi də qəzetlərdir. Siz
də hakimiyyəti ifşa edən fikirlərimizi tezislərlə verib, böyük müsahibəni
müxalifətin zəif olmasına və nəyisə bacarmadığına həsr edirsiniz. Sonra bizi çox
sevdiyinizi deyirsiniz. Biz guya buna inanmalıyıq.
- Yəqin unutmamısınız ki, biz mitinq qərarını baş yazı vermişik və nömrənin ən
böyük yazısı idi. Necə bilirsiniz, məlum qərar prosesi şok terapiyaya doğru
aparırmı?
- Təbii ki, gedir. Çox böyük bir cinayətə yol verilib və bunun necə davam
edəcəyi haqqında da aydın təsəvvürə malik deyillər. Çünki heç bir
sosial-iqtisadi proqramları yoxdur. Bu, kasıb təbəqəyə dəhşətli zərbədir.
İkincisi, digər təbəqələrə problem yaratdı. Yəni mövcud maaşla kommunal və digər
xərcləri ödəmək mümkün deyil. Əgər qərar ləğv olunmayacaqsa, sosial gərginlik
özünü müxtəlif formalarda göstərəcək və bu, hakimiyyətin süqutu ilə
yekunlaşacaq.
- Bəs müvafiq qurumların iqtisadi baxımdan əlavə tədbirlərinin nəticəsi
olacaqmı?
- Əvvəla, qiymətlər getdikcə dəhşətli dərəcədə artacaq və hakimiyyətin haqqında
düşündüyü tədbirlər bu miqyasa heç yaxınlaşmayacaq. Onsuz da «holland
sindromu»nun gözlənildiyi bir ölkədə inflyasiyanın süni artırılmasına heç bir
ehtiyac yox idi.
- Parlamentin sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli bildirir ki,
müxalifətin əlinə bundan yaxşı fürsət düşməzdi. Doğrudanmı, belə bir fürsət
yaranıb?
- Biz fürsət gözləmirik, əksinə, xalqın mənafeyindən çıxış edərək mövqeyimizi
bildiririk.
- 2008-ci il seçkilərinə hazırlıqlara və rəhbərlikdə əsaslı müzakirələrə
başlamısınızmı?
- Xüsusi bir hazırlıq başlamamışıq və partiyanın fəaliyyətinin bütövlükdə
seçkilərə hazır olduğunu düşünürük. Yəni ötən prezident seçkilərindən indiyə
qədər partiyanın fəaliyyəti elə seçkilərə hazırlıqdır.
- Vurğun Əyyub, Sülhəddin Əkbər Mərkəzi İcra Aparatının
əsasnaməsinin Divanda müzakirə olunmadığını, Arif Hacılı isə əks mövqeni
bildirir. Siz necə düşünürsünüz?
- Əsasnamə müzakirə edilərək təsdiqlənib.
- Siz də Əlövsət Talışxanlının «Yeni Müsavat» qəzetinin kollektivindən üzr
istəməsinə təkid edirsiniz?
- Bu, Divanın qərarıdır.
- Bəs başqanın mövqeyi necədir?
- Bu, rəhbərliyin ümumi qərarıdır.
- İsa bəy, sonda onu da deyim ki, çox yaxşı bir
müsahibə alındı. Prinsipcə bütün mövcud suallar gec-tez cavablandırılmalıdır.
Natiq CAVADLI