Harnish nəzəriyyəsi,
və ya ABŞ dünyəvi, qərbpərəst müxalifətin tapdalanmasına göz yummaqla,
Azərbaycanda necə dini ekstremizmin güclənməsinə rəvac verir
Misir sindromu
Ötən ilin sonunda ABŞ-ın ən nüfuzlu qəzetlərin olan The New York Times və The
Washington Post qəzetlərində dalbadal eyni ruhlu, eyni istiqamətli məqalələr
dərc olundu. Hər iki məqalədə Azərbaycanın adı çəkilir, Bush administrasiyasının
bu ölkədə siyasəti kəskin tənqid olunur, ABŞ-ın başqa müsəlman dövlətlərindəki
analoji siyasətinin nəyə gətirib çıxardığı misal gətirilirdi... Bununla artıq
demək olar ki, qərb ekspertləri Azərbaycandakı siyasi prosesləri Misirdəkinə
oxşadırlar. Belə ki, ABŞ bu yaxın şərq ölkəsində son 40 ildəki küt siyasəti
müxalifətin sıradan çıxarılmasına göz yumaq olmuşdu. Nəticədə "Müsəlman
Qardaşlığı" adlı islamçı, radikal bir partiya peyda olmuş, güclənmiş və
prezident Mübarəkin bütün qadağalarına rəğmən (parlamentdə fəaliyyətindən söhbət
gedir), sonda bu partiya parlamentdə 79 yer qazanmışdır. Müsəlman Qardaşlığı
partiyasının antiamerika və antiisrail əhval-ruhiyyəsi getdikcə ABŞ-ın
maraqlarına təhlükə yaradır. Beləliklə Hüsnü Mübarəkin diktator hərəkətlərinə,
əsasən də normal, dünyəvi müxalifəti əzməsinə ABŞ islam radikalizmin
güclənməsinə belə rəvac vermişdi.
Azərbaycana ezam olunmamışdan qabaq Misirdə ABŞ səfirinin siyasi məsələlər üzrə
müşaviri olmuş Reno Harnishə bütün bunlar çox yaxşı məlumdur. Bununla belə,
Harnish Azərbaycanda iki taleyüklü qeyri-demokratik və ədalətsiz seçkiyə imza
atmış, İlham Əliyev rejiminin hakimiyyətdə qalıb möhkəmlənməsinə dəstək
vermişdir.
ABŞ-ın Azərbaycanla bağlı siyasətini kimlər müəyyən edir?
Misirdə olduğu kimi ABŞ-ın Azərbaycanda təhlükəsizlik maraqları var. Son
seçkilərdən onu göstərdi ki, prezident Bushun Azadlığa aid verdiyi
demokratiyanın bütün dünyaya yayılması siyasəti Azərbaycana aid deyilmiş. Bu
günə qədər ABŞ yüksək səviyyəli rəsmilərinin heç biri (Bush, Kondaliza Rays və
ya Dik Çeyni) Azərbaycandakı son seçkilərə aid bir söz belə olsun deməmişlər.
Bəs 2005-də Azərbaycanla bağlı siyasəti Washingtonda müəyyənləşdirən kimlər
olub? Bunlar ilk növbədə ABŞ Milli təhlükəsizlik məsələləri üzrə müavini Stiven
Hadley cənablarının ofisi və bu ofisin yetirməsi, dövlət katibinin Avropa və
Avrasiya məsələləri üzrə köməkçisinin (assistentinin), Daniel Fried cənablarının
müavini Matthew Bryzadir (Matyu Breyzer). Bu siyahıya onun bosu Daniel Friedin
özünü də aid etmək olardı, lakin cənab Bryza cənablarının enerji lobbisi ilə
yaxınlığı Azərbaycandakı seçkilərin taleyində əsas rol oynamışdı.
Adının gizli qalmasını xahiş edən bir mənbənin bildirdiyinə görə məhz Bryza
noyabrın 25-də İlham Əliyevlə gizli görüşdükdən sonra Bakıdan çıxan kimi
müxalifətin sabahkı dinc mitinqinin qəddarcasına dağıdılmasına qərar verilmişdi.
Məhz Washingtona qayıdışından sonra onun bilavasitə təsiri nəticəsində Dövlət
Departamenti seçkilərin nəticələrinin alqışladığını bəyan etmişdir. Həmin mənbə
bir faktı da bizim diqqətimizə çatdırmışdı ki, Harnishin noyabrın 27-də ABŞ-a
qəfil uçması da bu məsələ ilə əlaqədar olub. Harnishin bəyanatının Dövlət
Departamentinin qərarından qabaq verilməsi də bundan xəbər verir. Harnishin bu
gic bəyanatı nəinki ölkə müxalifətini, hətta dövlət Departamentinin bəzi
əməkdaşlarını da ciddi təəccübləndirmişdi.
Bryza və Baran
Bildirilir ki, Bryza saxta seçkilərə demokratik don geydirmək üçün öz enerji
lobbisinə yaxın olan ekspertlərindən istifadə etmişdi. Bu ilk növbədə Bryzarin
çoxdankı girlfriendi - rəfiqəsi, Nixon mərkəzindəki enerji proqramlarının
direktoru Zeyno Barandır. O, neft şirkətlərinin qrantları və Azərbaycan
səfirliyinin köməkliyi ilə seçkilərdən sonra Washingtonda bir sıra seminarlar da
təşkil etmişdir. Görün bir seminarlarda mühazirəçilər kimlər imiş: Ariel Cohen,
Heritage fondunun araşdırıcısı, Svante Cornell, Washingtonun Orta Asiya və
Qafqaz institutunun eksperti, Vladimir Socor, Jamestown fondunun eksperti və
təbii ki, Hafiz Paşayev. Sonradan hər 3 şəxsə Azərbaycan səfirliyi tərəfindən
yaxşıca gonorar ödənilmiş, Azərbaycana gətirilmiş, Radisson hotelində
yerləşdirilmiş və guya ki, seçkiləri müşahidə etmişlər. Onların biri də
müxalifətlə və ya müstəqil ekspertlərlə görüşməmişdir. Bu adamlar çıxışlarında
həmişə seçkilərin demokratik keçdiyini, müxalifətin zəif olduğunu və İlhamın
islahatçı olduğunu bildirmişdilər. Lider kanalının tez-tez sitat gətirdiyi ABŞ
ekspertləri bunlar olmuşlar.
Müxalifət Bakıdakı 33 dairədən 25-də qalib gəlmişdi...
Səfir Harnish yerli ABŞ təşkilatlarını, Respublikaçılar İnstitutunu və Milli
Demokratiya institutunu susdurmuş, onlara seçkilərə qiymət verməyi qadağan
etmişdir. Exit Poll aparan amerikalı ekspertlərin birinin etirafına görə, tək
Bakıda 33 dairədən 25-də müxalifət namizədləri qalib gəlmişdi, lakin bu reallıq
nə səfirliyi, nə də dövlət Departamentinin görmək istədiyi reallıqla üst-üstə
düşmədiyindən, bunu bir neçə Amerika rəsmisi (məsələn, Harnish, Fried) və
sorğunu aparan adamlar bilir.
Ümumiyyətlə son illər, Kozlariçdən sonra ABŞ-ın Azərbaycandakı səfirliyi
tərəfindən Azərbaycan müxalifəti parçalanmış, zəif və siyasi populyarlığı
olmayan bir qüvvə kimi təqdim olunub. Ardıcıl olaraq, Escudero, Ross Willson,
onların müşavirləri Elizabeth Shelton və Nensy Macldau və nəhayət Harnish
Amerikadakı siyasi dairələrdə müxalifətin perspektivsiz bir qüvvə olduğu imicini
yaratmış, Azərbaycanda yalnız Əliyevlərlə iş aparmaq lazım olduğu siyasətini
yeritmişlər. Hətta Amerikanın yerli təşkilatlarının birində işləyən nüfuzlu bir
nəfər səfir Harnish haqqında, "onun Azərbaycandakı siyasi hərəkatların gedişini
anlamadığını" bildirmişdi. Onun sözünə görə, Harnish 2003-cü ilin oktyabrında
hökumətin adamlara divan tutmasına nəinki göz yummuş, hətta icazə vermişdi.
Azərbaycan ictimaiyyatına da tanış olan bir fakt vardır, prezident aparatının
işçisi Şahin Əliyevin o zaman ona zəng vurduğu, vəziyyətin nəzarət altından
çıxdığını bildirməsi, Harnishin isə "qanunun imkan verdiyi bütün tədbirləri
görməyi" tövsiyə etməsi hamıya məlumdur.
Quldurlar "terrorçuluqla mübarizədə"
Harnishin əvvəlki sələfləri dövlət departamentinin terrorçuluq əleyhinə proqramı
çərçivəsində Azərbaycanın bir çox hüquqmühafizə orqanları işçiləri üçün ABŞ-da
xüsusi treninq-proqramlar təşkil etmişlər. Bu proqram çərçivəsində indiyədək
MTN, DİN, prokurorluq orqanlarının yüzlərlə əməkdaşı ABŞ-ın New Mexoco,
Luiziana, Virtdjiniya ştatlarında təlim mərkəzlərində təlim almışlar. Maraqlıdır
ki, bu treninqləri keçənlər arasında dinc nümayişçilərə divan tutan, qanunsuz
həbslər aparan, siyasi istintaqlar aparan şəxslər və onlara rəhbərlik edənlər də
var. Bu rüşvətxor canilər, öz xalqının qanını içməyə hazır olanlar ABŞ
vergiödəyicilərinin hesabına ABŞ-a dəvət olunub, təlimatlandırılırlar. Halbuki,
senator Patric Wenikin təşəbbüsü ilə qəbul olunmuş ABŞ qanununa düzəliş tələb
edir ki, xarici ölkələrdə öz vətəndaşlarına işgəncə verən və ya buna rəvac verən
rüşvətxor məmurlar Amerika hökumətinin pulu ilə heç bir proqramda iştirak edə
bilməzlər. Səfirlik bunu bilə-bilə heç bir tədbir görməyib, Azərbaycanın
rüşvətxor məmurları, polisləri, gömrükçüləri ABŞ-da müxtəlif təlimlər keçirlər.
Əlbəttə ki, ABŞ-ın təhlükəsizlik sahəsindəki əməkdaşlığı özləri tərəfindən
yüksək səviyyədə qiymətləndirilsə də Azərbaycanın hüquqmühafizə orqanları insan
haqlarının pozulmasında, rüşvətxorluqda, cinayətkar aləmlə əməkdaşlıqda ittiham
olunur. Görəsən səfir Harnish bunları bilmirmi?
Harnishin "layiqli davamçısı" kim olacaq?
Özü Washingtondan olan mənbəmizin verdiyi son məlumatlara görə isə Matthew Bryza
Harnishdən sonra Azərbaycana səfir gəlmək istəyindədir və o, bu istiqamətdə iş
aparır. Matthew Bryza Hafiz Paşayev və İlham Əliyevin özü ilə yaxın münasibətlər
qurmuş, Azərbaycana gəlmək üçün təşəbbüslər göstərir. Harnishə də bu sərf edir,
çünki, Escuderonun fəaliyyətini layiqincə davam etdirən Harnishə də öz davamçısı
lazımdır.
Harnish ABŞ Ədliyyə sisteminə qarşı
Amerikanın ədliyyə sistemində artıq çex biznesmeni Kojeninin Azərbaycanın yüksək
səviyyəli məmurlarına, Barat Nuriyev, İlham Əliyev və başqalarına rüşvət verməsi
artıq çoxdandır sübut olunub və təsdiqini tapıb. Bircə qalıb ki, məhkəmə bunu
rəsmən elan etsin. Bunu Harnish də dəqiq bilir, o hətta vaxtilə ABŞ Ədliyyə
Nazirliyinin sorğusu ilə Azərbaycanda özəlləşdirməyə dair çoxlu materiallar da
toplayıb. Bu iş çoxdandır ki, New York məhkəməsində həm mülki, həm də cinayət
işi kimi davam etməkdədir, məhkəmə başa çatmasa da, öz yolu ilə addım-addım
irəli gedir, ona heç kim mane ola bilmir. Məhkəmə bitməsə də, bir fakt məlumdur
ki, ABŞ ədliyyə sistemi Azərbaycanın birinci şəxsinin rüşvət aldığına şübhə
etmir. Cənab Harnishin bundandamı xəbəri yoxdur? Əlbəttə ki, var. Aydındır ki,
Amerikada xarici siyasətlə Ədliyyə sistemi məşğul olmur, amma ədliyyə sisteminin
rüşvətxor sistemlə isti münasibət qurma faktlarına münasibəti birmənalıdır. Hər
şeyin zamana ehtiyacı var.
İlham Əliyev niyə ABŞ-a dəvət olunmur?
Prezident Bush hakimiyyətə gələn kimi korrupsiyaya qarşı bir sərəncamı oldu, öz
ölkəsində rüşvət almış məmurların ABŞ-a girişinə qadağa qoyulur. Lakin buna
baxmayaraq Harnish İlham Əliyevin Washingtona dəvət olunması uğrunda iş aparır,
uğursuz olsa da. Amma Bush administrasiyası reytinqi aşağı olduğuna görə daha
bir diktatorun əlini sıxıb görüşməsini sadəcə olaraq ictimai rəydə yaxşı
qarşılanmayacağınmı yaxşı başa düşür. Bu gün səfir Harnish gözəl bilir ki,
demokratik düşərgədə Amerika administrasiyasına qarşı böyük narazılıqlar və
nifrət var. Vəziyyətin bu cür inkişafında ABŞ-ın səfirlərinin bilavasitə günahı
var. O bir həqiqəti unudur, Azərbaycanda nefti, qazı çıxarıb aparmaq olar,
cinayətkar rejimlə müqavilələr bağlamaq olar, amma insanların beynini dəyişmək
olmaz.
Demokratiyaya qarşı "Harnisch"
Tomas Jefersonun, George Washingtonun, Martin Luter Kingin, Jimi Karterin
ideyaları, dünya baxışları müsəlman Azərbaycanı üçün yad deyil. Azərbaycan xalqı
bütün sivil xalqlar kimi azadlıq və demokratiya istəyir. ABŞ bu dəyərlər uğrunda
mübarizə aparan xalqın yanında olmalıdır, özünə müttəfiq bu cür qazanmalıdır. Bu
gün isə Amerikanın müttəfiqi Azərbaycanın xalqı deyil, cinayətkar rejimdir,
rejimin başçısı İlham Əliyevdir. Xarici siyasətdə öz dəyərlərini üstün tutan ABŞ
üçün bu cür müttəfiqlik biabırçılıqdır. İraqda demokratiya istəyən ABŞ
Azərbaycanda demokratiyanı çoxdan qurmalı idi. Azərbaycanda baş verənlər artıq
bütün dünyanın diqqət mərkəzindədir. ABŞ müsəlman Azərbaycanını birtərəfli
qaydada itirmək istəmirsə, bu gün Azərbaycan siyasətini dəyişməlidir, sonra gec
olacaq. Misirdəki proseslər bunu sübut edir.
Cənab Harnish, sizin soyadınızın mənası "zirehli sipər" deməkdir. Gəlin siz,
adınız kimi demokratiyaya qarşı deyil, diktaturaya qarşı Harnisch olun!
Qələbə bizimlədir!
Rafiq Məmmədli, mammadli@mail.com
P.S. "Bakinskiye Vedomosti" qəzetindən ruscadan tərcümə edilib...
Еженедельная аналитическая газета "Бакинские ведомости", № 39, 14 января 2006