Ramiz
Rövşənin qanunları
Bu gün dahi şairimizin 60 yaşı tamam olur
Deyəsən 1993-cü il idi, Mehman Cavadoğlunun redaktorluğu ilə çıxan “Azərbaycan”
qəzetində Ramiz Rövşənin şeirləri verilmişdi. Böyük formatlı qəzetin düz bir
səhifəsi həcmində. Unudulmaz şeirlər vardı orda: “Oğlumun gözləri”, “Lal”,
“Nəfəs”... Açığı, Mehman bəyin redaktorluğu ilə çıxan “Azərbaycan” nə qədər
maraqlı qəzet olsa da, orada məhz bir səhifə şeirin dərci qəribə görünürdü. Axı
qəzet parlamentin orqanı idi, əsasən qanunları bu həcmdə dərc edirdi. Mən indi
düşünürəm ki, Mehman bəy çox doğru addım atmışdı. Ramiz Rövşənin poeziyası
əslində qanun qüvvəsinə malikdir. Azərbaycanın, ondan da qırağa çıxanda
dünyanın, kainatın qanunları. Kainatı şairlərdən gözəl kim anlaya bilər ki? Onun
nizamını, harmoniyasını poeziya qədər başqa nə təmin edə bilər?
“İlahi, gəlirəm, eşit səsimi,
Kimsəyə ümid yox, sən ovut məni.
Bir nəhəng boşluğa atdım özümü,
Sənə arxayınam, özün tut məni"
Ramiz Rövşən kosmik şairdir. Ramiz Rövşən dahi, böyük şairdir. Bu sözləri
yazarkən mən pafoslu görünməkdən qorxmuram. Son 100 ildə Azərbaycan nəsrinin
dahisi Mirzə Cəlildir. Musiqidə Üzeyir bəydir. Siyasətdə, teatr, kino,
rəssamlıqda mən bu miqyasda şəxsiyyət görmürəm. Poeziyada da yox idi. Ramiz
Rövşənlə oldu.
Onun poeziyasının sehrinə 13-14 yaşımda düşmüşəm. Evimizdə köhnə jurnallar
vardı, bir gün onları vərəqləyəndə 1979-cu ilin “Azərbaycan” jurnalında qəribə
şeirlərə rast gəldim. “Göy üzü daş saxlamaz”, “Burax gedim, ay işığı”... Bayırda
sosializm realizminin, çirkin durğunluq dövrü ədəbiyyatının havası ürək
bulandırarkən bu adam nələr yazmışdı... İndiki terminlərlə desək, şoka
düşmüşdüm: belə ədəbiyyat da varmış! O zaman hələ anlamırdım ki, elə ədəbiyyat
budur.
Mən Ramiz Rövşənin şeirlərini çox sevirəm. “Ayrılıq”, “Qocalıq” şeirlərini
əzbərləməsəm də, qəribədir ki, bu şeirləri indi əzbər bilirəm. Sadəcə, bir-iki
dəfə oxumaqla yadımda qalıb. Heç məndə Ramiz bəyin “Kəpənək qanadları”
kitabından başqa kitabı da yoxdur. Hə, bir də bunu indi yazıb, heyfimi çıxmaq
istəyirəm. Orta məktəbdə oxuyanda onun “Bir yağışlı nəğmə” kitabını kənd
kitabxanasından oğurlamışdım, Bakıda, tələbə yataqxanasında saxlayırdım. Bir gün
“525-ci qəzet”in redaktoru Yusif bəy həmin kitabı məndən oğurladı. Yəqin
“oğrudan oğruya halaldır” prinsipiylə.
Tələbəlik illərində “Göy üzü daş saxlamaz” kitabını tapmaq üçün az qala bütün
Bakı bukinistlərini ələk-vələk eləmişdim. Axırda əlacım kəsildi, Axundov
kitabxanasında oturub oxudum, bəzi şeirlərin üzünü köçürtdüm. İndi mənim
kitablarımın, kağız-kuğuzumun içi Ramiz bəyin ayda-ildə hansısa qəzetdə,
jurnalda dərc etdirdiyi şeirləriylə doludur. (Üslub səhvi axtarmayın: söhbət
məhz azın çoxluğundan gedir).
Əsgərlikdə, Murovun soyuğunda bütün taqıma “Ah, bu qızın barmaqları” şeirini
əzbərlətmişdim. Gözəl aktyorumuz Vidadi bəyin gitarada oxuduğu üslubda. Bir
əsgərimiz vardı, “Boksyor Natiq” deyirdilər. Hansısa nənəsi çinli, bir babası
talış, rus və türk qarışığı olan qəribə oğlan idi. Siz onun gecələr qarovuldan
qayıdanda, Ay işığında öz məzəli ləhcəsiylə “Ah bu qızın barmaqları,
barmaqlarıma dəymədi” oxumağını görəydiniz...
2003-cü ilin oktyabr xaosu zamanı, ölkədə hər kəsin gizləndiyi bir vaxtda biz
jurnalistlər və repressiya qurbanları öz yanımızda iki nəfəri gördük. Biri Ramiz
bəy, o biri isə elə “Göy üzü daş saxlamaz” kitabına təkrarsız ön söz yazmış
Kamil Vəli Nərimanoğlu idi. Belə günləri heç vaxt unuda bilmərik.
“Mən axı nə çöləm, nə yol, nə küçə,
Mən axı hamının ola bilmərəm.
Məni sevənlərdən ötrü ölüncə,
İyirmi üç yaşımda qala bilmərəm"
İndi deyirlər Ramiz bəyin bu gün 60 yaşı tamam olur. Təbrik edirik. Eyni
zamanda, hər hansı təbrik sözü tapmaqda şəxsən mən çətinlik çəkirəm. Söz
sehrbazını hansı sözlə təbrik etmək olar ki? Yəqin elə bu yazımı da oxusa
bəsitliyinə güləcək. Və onun öz şeirləri üzərində necə əsdiyini bildiyimdən,
əgər gətirdiyim sitatlarda hansısa söz, durğu işarəsində yanlışa yol verdimsə -
bağışlasın.
Nəfəsin, ruhun mübarək, ŞAİR!
“Yeni Müsavat” qəzetinin kollektivi Azərbaycanın görkəmli şairi Ramiz Rövşəni 60
illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, yaradıcılıq uğurları
arzulayırlar.
Yeni Müsavat Qəzeti, 15 dekabr 2006-cı il,
Zamin HACI