Müsavat Partiyasının başqanı İsa Qəmbər
görkəmli şair Ramiz Rövşəni 60 illik yubileyi münasibətilə təbrik edib
Təbrikdə deyilir:
“Hörmətli Ramiz bəy!
60 illik yubileyinizi təbrik edir, Sizə uzun ömür, can sağlığı və yeni-yeni
yaradıcılıq uğurları arzulayıram.
Siz Azərbaycan ədəbiyyatının görkəmli simalarından birisiniz. Sizin şerləriniz
həm forma, həm də məzmun baxımından bütövlükdə poeziyaya yeni nəfəs gətirib, onu
daha da zənginləşdirib.
Siz sağlığındaykən klassik adını qazanmış çox nadir sənətkarlardansınız . Bu gün
Azərbaycanda poeziya ilə, ədəbiyyatla maraqlanan çox az adam tapılar ki, Ramiz
Rövşən şerinin vurğunu olmasın. Bu şerləri əzbərdən bilən minlərlə insan, özü
üçün böyük bir yaradıcılıq məktəbi hesab edən onlarla, yüzlərlə gənc sənətkar
var.
Xalqımız Sizi təkcə görkəmli bir sənətkar kimi yox, həm də böyük, bütöv bir
şəxsiyyət kimi tanıyır. Çünki Ramiz Rövşən öz şerlərində tərənnüm etdiyi bəşəri
dəyərlərə şəxsi həyatında da həmişə sadiq qalıb. Siz ölkəmizin, xalqımızın
həyatının ən çətin və məsuliyyətli anlarında obyektiv, prinsipial mövqe nümayiş
etdirmiş, şəxsi ləyaqət və fədakarlıq nümunəsi göstərmisiniz. Təsadüfü deyil ki,
bu gün ictimai rəydə Siz əsl ziyalılıq etalonu kimi qəbul edilirsiniz.
Hörmətli Ramiz bəy!
Bir daha Sizi yubiley münasibətilə təbrik edir, şəxsi həyatınızda xoşbəxtlik,
bütün sahələrdəki fəaliyyətinizdə uğurlar arzulayıram. Ümid edirəm ki, yeni-yeni
böyük sənət əsərləriylə hələ bundan sonra da bizi çox sevindirəcək,
ədəbiyyatımızın zənginləşməsinə misilsiz töhfələr verəcəksiniz.
Müsavat Partiyasının mətbuat xidməti, 15 dekabr 2006-cı il