“Narıncı inqilab bitməyib”

İsa Qəmbər: “Azərbaycan demokratikləşməyə məhkumdur”


Müsavat Partiyasının başqanı İsa Qəmbər dünən “Azadlıq” radiosunun “Panorama” verilişinin qonağı olub. Müsavat başqanı Qarabağ problemi və digər aktual məsələlərlə bağlı aparıcının suallarını cavablandırıb. Dağlıq Qarabağda referendum keçiriləcəyi barədə yayılan məlumatlara münasibət bildirən İsa bəy bunun indi, yaxud 20-ildən sonra keçirilməsi arasında bir fərq olmadığını deyib:

“Çünki istənilən halda ermənilər burada demoqrafik vəziyyətin dəyişməsinə razılıq verməyəcək. Bu razılaşmanın özündə də elə bəndlər əksini tapacaq ki, demoqrafik vəziyyətin dəyişməsi mümkün olmayacaq.

İndiki halda Dağlıq Qarabağda yalnız ermənilər yaşayır. Hətta 1988-ci ilin vəziyyəti bərpa olunsa belə, bu, vəziyyətin dəyişməsinə imkan vermir. Rəsmi rəqəmlərə görə, o zaman orada 140 min erməni 40 min azərbaycanlı yaşayıb. Bundan artıq ermənilər nəyisə dəyişməyə imkan verməyəcəklər. Bu isə o deməkdir ki, Azərbaycanın Dağlıq Qarabağ adlanan ərazisinin hüquqi cəhətdən Ermənistana birləşdirilməsinə və yaxud müstəqil olmasına razılıq verilir. Bu baxımdan təbii ki, baş verənlər prinsipial məsələlərdir və Azərbaycan hakimiyyəti bununla bağlı izahat verməlidir. Cəmiyyətə izah etməlidir ki, bu məsələdə fikri nədir? Həmçinin referendum barədə söhbət edərkən, yaddan çıxarmaq lazım deyil ki, konstitusiyada qeyd olunub ki, Azərbaycan ərazisinin ayrıca bir hissəsində referendumun keçirilməsi mümkün deyil. Referendum yalnız Azərbaycanın bütün ərazilərində keçirilə bilər. Bu baxımdan, məsələyə aydınlıq gətirilməlidir ki, Azərbaycan hakimiyyəti konstitusiyanı dəyişmək fikrindədirmi?”

Ölkədaxili siyasi vəziyyəti dəyərləndirən İsa bəy hakimiyyəti seçkiləri saxtalaşdırmaqda günahlandırıb: “Ölkədə situasiya kifayət qədər mürəkkəbdir. Çünki hakimiyyət növbəti dəfə seçkiləri total şəkildə saxtalaşdırıb. “Azadlıq” blokunun kifayət qədər uğurlu nəticə göstərməsinə baxmayaraq, blokdan yalnız beş namizədin qələbəsi hakimiyyət tərəfindən təsdiq olunub. Belə bir mərhələdə qərar qəbul etmək asan məsələ deyil. Siz doğru deyirsiniz, 5 yerdən imtina etmək, MSK-nın təşkilində iştirak etməmək təbii ki, müxalifətin müəyyən mənada parlament həyatından təcrid olmasına gətirib çıxara bilər. Bunu qəbul etmək isə müxalifətin cəmiyyətdəki mövqeyin mənfi təsir göstərər. Çıxış yolu vəziyyəti hərtərəfli təhlil edib, düşünülmüş qərar verməkdən ibarətdir. Bu məsələləri emosional şəkildə şəxsi maraqlara və partiya maraqlarına əsaslanaraq həll etmək olmaz. Müxalifətin MSK-nın formalaşmasında iştirak etməməsinə gəlincə, bu işə sadəcə olaraq, hakimiyyət əngəl yaradır”.

İ.Qəmbər həmçinin aparıcının partiyadaxili vəziyyətlə bağlı da sualını cavablandırıb: “Müsavat hər zaman fikir mübadiləsinə açıq partiya olub. Bizim bir yazılmamış qaydamız da var ki, əgər düşünməyə, müzakirəyə imkan varsa, bunu edirik. Məsələn, təkrar seçkilərdə iştirakla bağlı bu gün son qərar qəbul etməyə nə ehtiyac? Bir halda ki, ən azı fevralın ortalarına qədər bizim müzakirələrə zamanımız var. Müsavat Partiyasında hər hansı böhran olacağı barədə xam xəyalları mən eşidəndə, yaxud qəzetlərdən oxuyanda məni gülmək tutur.”

Narıncı inqilabın bitmədiyini söyləyən İsa bəy ölkənin və bölgənin demokratikləşməyə məhkum olduğunu da önə çəkib: “Bizim tutduğumuz yol beynəlxalq tələblərə cavab verir və Qərb Azərbaycanda demokratik dəyişikliklərin olmasında maraqlıdır”. İsa bəy həmçinin 2006-cı ilin siyasi mübarizə baxımından daha maraqlı il olacağını deyib. Onun fikrincə, Azərbaycan müxalifət düşərgəsi kifayət qədər güclüdür.

Yeni Müsavat qəzeti, 16 yanvar 2006-cı il