“Üçüncü şairlik dövrümü yaşayıram”

Ramiz Rövşənin yubileyi Müsavat Partiyasının qərargahında qeyd edildi


Dünən Müsavat Partiyasının akt zalında böyük şair Ramiz Rövşənin 60 illik yubileyi qeyd edildi. Həmçinin şairin yeni kitabı “Nəfəs-kitablar kitabı”nın təqdimatı oldu. Müsavat Partiyasının başqanı İsa Qəmbər tədbiri giriş sözüylə açaraq, Ramiz Rövşəni dövrümüzün böyük insanı adlandırdı: “Ramiz bəyin dünyaya gəlməsinin 60-cı ili tamam olur. Bu da bizə imkan verib ki, bu böyük insanı dəyərləndirməyə çalışaq. Ramiz bəy emosiyanı, ruhu, intellekti birləşdirən nadir şairdir. O, 60 il ərzində çoxunun əməl etmədiyi prinsiplərə təbii şəkildə əməl etmiş insandır. Bəzən bizə elə gəlir ki, bu xalq üçün fədakarlıq edənləri qiymətləndirən yoxdur. Amma zaman göstərir ki, insanlar hər şeyin qədrini bilir”.

Başqan partiyanın adından yubilyarın “Məmməd Əmin Rəsulzadə” mükafatına layiq görüldüyünü dedi: “Partiyada yekdilliklə qəbul olunub ki, Məmməd Əmin Rəsulzadə adına mükafat təsis olunsun. Mükafatın ilk laureatı da Ramiz Rövşən olsun. Bundan sonra mükafatın adı, əsasnaməsi, atributları təyin ediləcək. Az da olsa, bu mükafatın maddi tərəfi də nəzərdə tutulub. 7-9 laureatdan sonra bu məsuliyyət başda Ramiz bəy olmaqla təltifçilərə həvalə ediləcək. Dövlətçilik və dünyəvi düşüncə adamlarını bu mükafatla təltif etməyi nəzərdə tutmuşuq”.

Professor Kamil Vəli Nərimanoğlu şairi Azərbaycanın ən görkəmli ziyalısı hesab etdiyini dedi: “Ramiz Rövşənlə eyni vaxtda tələbəliyimiz keçib, onunla dostuq, qohumuq. Onun bu həyatda dostu düşmənindən çoxdur. Çünki Ramiz hər kəsdə gözəl xüsusiyyətlər axtarır. Onun kitabı elə də çox deyil, amma yüzlərcə şeiri müxtəlif xalqların dilinə tərcümə olunub və o, kifayət qədər məşhur bir şairdir. Vaxtilə ədəbiyyat bədxahları Mərkəzi Komitəyə yazdıqları şikayətnamələr içərisində ən çox Ramizi tənqid edirdilər. Onun ədəbiyyat dünyası olduqca zəngindir. Ramiz kimi bir şair üçün həmin dünyadan çıxmaq çox çətindir. Amma Ramiz öz ədəbiyyat dünyasından çıxıb, bizim - İsa bəyin, Pənah, Arif, Rauf bəylərin mücadilə dünyasına qoşulub. Bu, fikrimcə, böyüklük tələb edir. Ramiz şair olmaqla yanaşı, həm də gözəl tənqidçi, nasirdir, esselər, kinossenarilər müəllifidir. O, fəxri adlardan ucada durur. Hərçənd Məmməd Əmin Rəsulzadə mükafatı özü şərəf adıdır”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da şairin müasiri olmasından fəxr duyduğunu dedi: “Tale elə gətirib ki, mən Ramiz Rövşənlə çox gənc yaşlarımdan tanış olmuşam. İnsani dəyərlərə qiymət verməkdə Ramiz Rövşənin böyük rolu olub. O vaxt jurnalistika fakültəsinin əksər tələbələri kimi mən də şeir yazırdım. Amma Ramiz Rövşənin şeirləriylə tanış olduqdan sonra qələmi yerə qoydum, mən Füzulini, Sabiri başqa gözlə oxudum. Ramiz Rövşən həmişə onu dərk edən adamlara lazımdır”.

A.Hacılı həbsxana həyatı yaşayarkən R.Rövşənin şeirlərinin onlara ruh verdiyini dedi: “Ağır həbsxana illəri dövründə Sərdar Cəlaloğlunun 50 illiyini qeyd edirdik. Həbsxana həyatı məlumdur ki, ağırdır. Həmin durumda Ramiz Rövşənin şeirlərinə ehtiyac duyduq və onun bir neçə şeiri oxundu. Və bu şeirlər sanki həbsxanaya yeni ab-hava gətirdi, atmosferi dəyişdi. O vaxt biz dedik ki, Ramiz bəyin kitabının adı elə nəfəslik olardı. Bu gün onun kitabına ”Nəfəs" adının verilməsi də təsadüf deyil. Onun şeirləri xalqımız üçün bir nəfəslikdir".

Tarixçi-alim Cəmil Həsənli şairin sözüylə əməlinin uyğun gəldiyini vurğuladı: “Ramiz bəy “Göy üzü daş saxlamaz” şeiriylə o daşı yerə endirdi, onun real yerini göstərdi. Ramiz Rövşənin yaradıcılığıyla şəxsiyyəti tamamlanır. Yazdıqlarıyla daşıdığı məram eynidir. Mən heç də tərəfdarı deyiləm ki, Ramiz bəy üçün yığıncaqlar keçirilsin. Bu gün onun kifayət qədər oxucusu varsa, bu elə Ramiz bəyin mükafatıdır".

Professor Almaz Əliqızı şairin şeirlərini sənət nümunəsi adlandırdı: “80-ci illərin əvvəllərində Ramiz bəy ədəbiyyata cəsarətli fikirlər gətirmişdi. Şair xalqın görən gözü, döyünən ürəyidir deyimi, məncə, elə Ramiz bəy üçündür”.

Millət vəkili Pənah Hüseyn özünü Ramiz Rövşənin daimi oxucularından hesab etdiyini dedi: “Vaxt gələcək onun fəlsəfi şeirlərinə şərhlər, traktatlar yazılacaq”. Sonra deputat şairin bir neçə şeirindən misralar oxudu:

“Dünya üz tutduğumuz qapılarla doludur
Bəlkə də üzümüzə açılan qapılardan
Üzümüzə çırpılan qapılar qorxuludur.
Mənim balam, hamımız doğulanda ağlarıq,
Anaların canından qovulanda ağlarıq.
Bəlkə yaşamaq deyil dünyaya gəlməyimiz,
Bəlkə doğulan kimi başlayır ölməyimiz.
Ayağımız yer tutandan eləcə
Adladıqca ildən-ilə ölürük...
Bir nazlı xanıma çevrilən kimi
Bir gözəl qız ölür, mənim balam.
Bığ yeri tərləyən kimi
Bir dəcəl uşaq ölür
Bu dünyada az yaşayan az ölür,
Bu dünyada çox yaşayan çox ölür..."


Sonda şairin özünə söz verildi. Şairliyi missiya hesab etdiyini deyən Ramiz bəy təmənnasız ömür yaşamağın şirinliyindən söz saldı: “Umacaqsız, təmənnasız ömür elə azad ömürdür. Mən balalarıma da bunu arzulamışam. 60 yaş böyük həddidir. Yaşadıq və bu günə gəldik. Mən şair olduğumu sübut etmək üçün tez ölmək fikrində deyiləm. Folknerin bir sözü var: şairlik dövrü 26 yaşadəkdir. Bu hesabla mən üçüncü şairlik dövrümü yaşayıram”.

Ramiz bəy özünü siyasətçi saymadığını da dilə gətirdi: “Özümü heç vaxt siyasətçi saymamışm. Çünki şair öz düşüncələrini açmalıdı, siyasətçi isə öz daxilində olanları gizlətməlidi. Bəzən şairləri də nömrələyirlər: birinci, ikinci yer. Mən bunun tərəfdarı deyiləm. Şairlərlə dalaşanlara da demək istəyirəm ki, bizimlə dalaşmaq çətin məsələdi. Həmişə elə bilmişəm ki, əzilənin, döyülənin yanında olmaq lazımdı. Yalançı yığıncaqlardan, tək olmağa üstünlük verirəm. Burada vaxtilə məndən yazılan “danos”lardan söz düşdü. Onu deyim ki, bəzən onların da adama xeyri olur. O vaxtlar buna görə Mərkəzi Komitədə mənim sədaqətli oxucularım da yetişmişdi..."
Ramiz bəyin bu sözündən sonra zalda gülüş sədaları eşidildi. İsa Qəmbər Ramiz Rövşənin bu çıxışını belə şərh etdi: “Şair demək istəyir ki, onu təkcə həbsxanalarda yox, hökumət içərisində də sevənlər var”.

Yubilyar onun tədbirinə qatılanlara minnətdarlıq edib öz şeirlərindən parçalar oxudu:

“Yol get, yola baxma
Bu ömürdü fala baxma
Baxma, dönüb dala baxma
Baxsan daşa dönərsən..."


Tədbirin sonunda Müsavat başqanı Ramiz Rövşənə saat da hədiyyə etdi: “Şairlərin də peyğəmbərlər kimi zaman məsuliyyəti var. Bu saatı zaman rəmzi olaraq şairə hədiyyə edirik”.

SEVİL