"Vurğun Əyyubun məni avtoritarlıqda suçlaması şəxsi fikridir"

İsa Qəmbər: “Ölkədəki problemlərin kökünü müxalifətdə yox, hakimiyyətdə axtarmaq lazımdır”


Müsavat Partiyasında və ümumilikdə müxalifət daxilindəki münasibətlər gərgin olaraq qalır. Durum nə qədər narahatlıq yaratsa belə, çıxış yolları da yox deyil. Buna baxmayaraq, bir çox suallar cavabsız qalır. Müsavat başqanı İsa Qəmbərlə müsahibədə həm partiya, həm də müxalifətdaxili məsələlərə aydınlıq gətirmək istədik.

- Son bir neçə ayın siyasi prosesləri sırasında daha çox Müsavat daxilində qarşılıqlı ittihamlar əsas müzakirə mövzusuna çevrildi. Bu, daxili qüvvələrin, yoxsa hakimiyyətin maraqlarından irəli gəlir?

- Dəfələrlə söylədiklərimi yenə təkrar edirəm: partiyadaxili məsələləri mətbuatda müzakirə etmək fikrində deyiləm. Eyni zamanda ölkədə bu qədər problemlər olduğu halda, bəzi qəzetlərin diqqətinin Müsavata cəmlənməsi bəlkə də başadüşüləndir. Amma konstruktiv deyil.

- Niyə partiyadaxili məsələlərin mətbuatda müzakirəsini istəmirsiniz?


- Çünki bu, partiyadaxili məsələlərdir.

- Məgər nizamnamədə daxili məsələlərin mətbuatda müzakirəsinə qadağa qoyulub?


- Xeyr.

- Onda nə üçün bu müzakirələrin aparılmasını istəmirsiniz?


- Hər bir strukturun öz daxili problemləri olur. Biz sizdən tələb etmirik ki, qəzetinizdə kimin kimdən xoşu gəlməməsi barədə ictimaiyyəti məlumatlandırasınız. İnformasiya almaq haqqına hörmətlə yanaşırıq. Partiyanın qərarları haqda cəmiyyəti də mütəmadi məlumatlandırırıq. Ancaq bu, partiyadaxili proseslərdir.

- «Gündəlik Azərbaycan» partiya deyil, qəzetdir. Partiya qəzetdən fərqli olaraq hakimiyyətə iddialıdır. Buna görə cəmiyyətə açıq olması zəruridir…


- Bu, maraqlı diskussiya mövzusudur. «Gündəlik Azərbaycan» və digər nəşrlərin də ictimaiyyətin etimadını qazanmaq istəyi var. Yəni bu baxmdan prinsipial fərq yoxdur. Biz seçicilərin səsini almaq istəyirik, mətbuat da oxucuların inamını qazanmaq istəyir. Prinsipcə, eyni hadisədir.

- Xatırlayırsınızsa, qəzetimizin ötən saylarına müsahibələrinizdə bildirmişdiniz ki, hər şey yaxşı sonluqda bitəcək və funksionerlər bir-birindən üzr istəyəcək. Bu, baş verdimi?


- Proseslər tamamlanacaq və əmin olacaqsınız ki, Azərbaycanın problemləri Müsavat daxilində deyil.

- 9 il birinci müavininiz olan Vurğun Əyyubun Sizi avtoritar idarəetmədə suçlamasını necə qiymətləndirirsiniz?


- Bu da onun fikridir.

- Qayıdaq ölkədaxili olaylara. Bir neçə ay əvvəl Azərbaycandakı siyasi proseslərə Rusiyanın müdaxiləsi barədə geniş danışılırdı. Son günlər isə ABŞ-ın həm bəyanatları, həm də dövlət katibinin köməkçisinin səfəri belə fikir yaradır ki, iki super dövlət arasında geosiyasi maraqlar toqquşur. Bu fikirləri bölüşürsünüz?


- Bu məsələlərə kompleks baxılmalıdır. Qərb bütövlükdə Azərbaycanda demokratiyanın inkişafında maraqlıdır. Eyni zamanda, özlərinin də etiraf etdiyi kimi, təhlükəsizlik və enerji məsələlərində diqqəti artırırlar. Bir çox hallarda bunlar demokratiyadan daha öndə olur və problemlər də bununla bağlıdır. Bölgəyə həm də təsir uğrunda mübarizə gedir ki, bu, proseslərə təsir etməyə bilməz.

- Qərbin Azərbaycanın enerji ehtiyatlarına daha çox üstünlük verdiyindən müxalifətin əvvəlki problemlərlə qarşılaşacağını gözləmək olarmı?


- Biz Azərbaycanın problemlərini bir xalq olaraq həll etməyə çalışmalıyıq. Təbii ki, Qərbin konstruktiv yanaşması işin xeyrinə olar. Ancaq demokratikləşmə ilə bağlı məsuliyyəti başqalarının üzərinə qoymaq olmaz.

- Avropa Şurası qarşısında götürülən öhdəliklərin əksəriyyəti yerinə yetirilməyibsə, Avropa Birliyi və NATO ilə bağlanan sazişlərin gerçəkləşəcəyinə təminat varmı?


- Kifayət qədər ciddi problemdir və hakimiyyətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi çox böyük yanlışlıqdır. Eyni zamanda müvafiq beynəlxalq təşkilatların üzvü olan dövlətlər də öhdəliklərin yerinə yetirilməsinə daha prinsipial yanaşmalıdır. Təəssüf ki, bəzən bu prinsipiallığı müşahidə etmirik.

- Öhdəliklərin yerinə yetirilməməsində ən böyük xidməti İlham Əliyev, yoxsa hakimiyyətdəki müxtəlif qruplar göstərir?


- Təbii ki, müxtəlif qüvvələrin müxtəlif yanaşması var. Ancaq prezidentli ölkə olduğumuzdan məsuliyyət İlham Əliyevin üzərinə düşür.

- YAP-ın icra katibi Əli Əhmədov dialoqla bağlı müxalifətin rəsmi müraciətinə ehtiyacın olduğunu bildirib. Müsavat bu barədə nə düşünür?


- Dialoq hüquqi yox, siyasi prosedurdur. Əgər ciddi siyasətçilər dialoqa çağırış edirlərsə, bu, prinsipial razılaşma deməkdir. Bundan sonra ənənəyə görə hakimiyyət addımlar atmalıdır. Biz hakimiyyət nümayəndələrini Müsavat qərargahında söhbətə dəvət etsək, çətin ki, onlar bunu qəbul etsinlər. Dialoqun təşkilinə görə məsuliyyəti hakimiyyət daşıyır. Biz öz tərəfimizdən dəfələrlə dialoqa çağırış etdik. Şəxsən mən İlham Əliyevi heç bir şərt olmadan dialoqa dəvət etmişəm. Ona görə də artıq dialoq barədə danışmaq yox, bu yöndə addımların atılması düzgün olardı.

- Bəs dialoq İlham Əliyevlə, yoxsa YAP-la aparılmalıdır?


- Hər ikisi mümkündür və dialoq normal cəmiyyətlərin daimi fəaliyyətlərindən biri olmalıdır. İlham Əliyev ölkə başçısı və YAP sədri kimi müxalifətlə dialoqda iştirak edə bilər. Eyni zamanda YAP-la partiyaların dialoqu mümkündür. Ancaq bunlar tam eyni məsələ olmayacaq. Müxalifətin ciddi qüvvələrinin əksəriyyəti bu dialoqda arxayın iştirak edə bilər. Lakin YAP-ın rəhbərləri dialoqda necə yetkili olacaq ki, partiyanı və hakimiyəti hansı bir şəkildə təmsil edə bilsinlər? Ona görə də bu məsələlərdə dəqiqlik olmalıdır. Bu gün ən mühüm variant bilavasitə iqtidarla müxalifət arasında dialoqa nail olmaqdır. Bunun konkret formatını düşünmək vaxtıdır.

- Ötən həftənin diqqət çəkən məqamlarından biri də hakimiyyətin Azadlıq meydanının adını dəyişməsi haqda informasiyaların ictimaiyyətə ötürülməsidir. Heykəlləşmə siyasəti növbəsi «Azadlıq»a da çatacaqmı?


- Bu, çox yanlış addım olardı. Hakimiyyət onsuz da «Azadlıq»ı girov götürüb və meydanda xalqın tədbirlərini keçirməsinə imkan vermir. Üstəlik, rejim meydanda Heydər Əliyevin heykəlini qoymaqla ərazini özəlləşdirmək niyyətini gerçəkləşdirəcək. Bu isə cəmiyyətdə heç bir müsbət münasibət formalaşdırmayacaq.

- Bəlkə açıq şəkildə deyilməlidir ki, hakimiyyət cəmiyyəti və müxalifəti də girov götürüb…


- Hakimiyyətə qeyri- legitim üsullarla gəldikləri üçün, təbii ki, bütün Azərbaycanı bu rejimin girovluğunda hesab etmək lazımdır.

- Amma müxalifətdaxili münasibətlər də istənilən səviyyədə deyil. Lalə Şövkət isə düşərgənin birliyinin baş tutmamasında Müsavatı suçlayır…


- Demokratik qüvvələrin əməkdaşlığının həmişə tərəfdarı olmuşuq və indi də həmin mövqedəyik. Bu əməkdaşlığın müxtəlif formaları ola bilər. Son hadisələr Koordinasiya Şurası ideyasını gündəmə gətirdi. Partiyamız da ciddi şəkildə şuranın işində iştirak etdi. Məncə, kimin bu birliyə mane olmasını araşdırmaqdansa, birliyin reallaşması barədə düşünmək lazmdır.

- KŞ-nın təsis olunması belə təəssürat yaratdı ki, mətbuatın problemləri olmasaydı, müxalifət bir araya gəlməzdi?


- Belə fikirlər səslənir və azad mətbuat demokratik cəmiyyətin bir atributudur. Amma çoxpartiyalı sistem, siyasi azadlıqlar olmayan yerdə azad mətbuat yaşaya bilməz.

- Əgər müsbətə doğru heç nə dəyişmirsə, onda müxalifətin birliyinə ehtiyac varmı?


- Bu cür əhvali-ruhiyyəyə qapanmaq olmaz. «Bu gün heç nə dəyişmirsə, bundan əl çəkmək lazımdır» fikrini qətiyyən qəbul etmirəm. Bütün çətinliklərə baxmayaraq, demokratik qüvvələr ümummilli məsələlərdə əməkdaşlığı normaya çevirməlidirlər.

- Prezident seçkisində iştirakla bağlı qəti qərarınız varmı?


- Zaman göstərər. Müsavat Partiyası qərarını nə zaman lazımdırsa, o zaman verəcək.

- YAP-çılar isə artıq seçkilərə hazırlığa başlayıb...

- Önə çıxıb, nə ediblər?

- Hakimiyyəti 10 ildən artıqdır saxlayırlar…


- Guya, bu gün özünü prezident elan edən adam hadisələrin önündə gedəcək? Demokratik üsullarla mübarizə gedən cəmiyyətdə zorakı yollarla hakimiyyəti saxlamaq böyük ağıl tələb etmir.

- Rayonlara səfərləriniz gözlənilirmi?


- Rayonlara gedib ictimaiyyətlə görüşməyimiz o qədər də asan başa gəlmir. Hakimiyyət bir çox hallarda bu görüşlərdə bizə yox, yerli əhaliyə problemlər yaradır.

- Sizə elə gəlmir ki, müxalifət son hadisələr nəticəsində çoxsaylı itkilərlə üzləşib?


- İtkilər var. Amma bunu müxalifət rəhbərlərinin bölgələrə az səfər etməsi ilə əlaqələndirmək doğru deyil. Yəni hakimiyyət partiyaların fəaliyyətinə qanunsuz maneələr yaradır. Ona görə də problemin kökü hakimiyyətdə axtarılmalıdır, müxalifətdə yox.

Gündəlik Azərbaycan qəzeti, 20 dekabr 2006-cı il, Natiq CAVADLI