Rusiyalı jurnalistdən maraqlı cavab
“Exo Moskvı”nın baş redaktoru İsa Qəmbərdən də müsahibə götürmək istəyir
Xəbər verdiyimiz kimi, Rusiyanın “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey
Venediktov Azərbaycanın dövlət başçısı İlham Əliyevdən geniş müsahibə götürüb.
Bir neçə gün ölkəmizdə qonaq olan Venediktovla “Exo” qəzetindən olan
həmkarlarımız da söhbət ediblər.
Jurnalistlərin çeşidli suallarına cavab verən Aleksey Venediktov Azərbaycana
gəlişinin məqsədini açıqlayıb, medianın çağdaş vəziyyətinə və s. məsələlərə
toxunub. Jurnalistlərdən birinin “Azərbaycanda prezidentdən başqa elə siyasətçi
varmı ki, siz onunla müsahibə hazırlamaq istərdiniz?” sualına isə rusiyalı
həmkarımız belə cavab verib: “...Biz xaricdən ölkəmizə (Rusiyaya - S.M.) səfərə
gələn baş nazirlərlə, parlament üzvləri ilə, hətta tanınmış müxalifət liderləri
ilə müsahibələr götürməyə cəhd edirik. Bizim üçün fərqi yoxdur bu ABŞ dövlət
katibidir, yoxsa Azərbaycanın, Boliviyanın və ya Lüksemburqun xarici işlər
naziri. Təki həmin ölkələrdə Rusiyanın marağı olsun. Biz həmin anda ona
dəvətnamə göndəririk. Əgər sizin müxalifətin lideri İsa Qəmbər Moskvaya səfər
edərsə, əlbəttə ki, biz çalışacağıq ki, ondan müsahibə götürək. Buna şübhəniz
olmasın”.
Yeni Müsavat qəzeti, 27 dekabr 2006-cı il, Səbuhi MƏMMƏDLİ