Müsavat Partiyasının başqanı İsa Qəmbər
Azərbaycan xalqını Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik günü və
Qurban bayramı münasibətilə təbrik edib
Təbrikdə deyilir:
«Bu ilin son günündə biz üç gözəl bayram qeyd edəcəyik.
Bunlardan biri Yeni il bayramıdır. Dünyanın bir çox yerlərində olduğu kimi, bu
bayram Azərbaycanda da çox sevilir. Həm uşaqların, həm də böyüklərin çox
xoşladığı bu ailə bayramında qarşıdan gələn yeni ili yeni arzularla, xoş
niyyətlərlə qarşılamaq artıq çoxdandır ki, azərbaycanlıların gözəl ənənələrindən
birinə çevrilib.
Dünya Azərbaycanlılarının Həmrəylik günü nisbətən yeni bayramlarımızdan olsa da,
31 dekabr gününə yeni bir özəllik qatan, onu bizimçün ikiqat əziz edən bu
bayramı da xalqımız məmnuniyyətlə qeyd edir. Çünki müxtəlif ölkələrdə yaşayan
soydaşlarımızı rəsmi dövlət bayramı səviyysində anmaq, bütün azərbaycanlılar
arasında həmrəylik arzularımızı ardıcıl olaraq nümayiş eptdirmək fürsəti verir
bu gün bizə.
Budəfəki 31 dekabrınsa başqa bir özəlliyi də var. Dünya müsəlmanlarının hər il
böyük sayğıyla qeyd etdiyi Qurban bayramı bu il məhz 31 dekabr gününə təsadüf
edib. Builki yeni il və həmrəylik sevinclərinə həm də bu bayramın fərəhi
qatılacaq. Təzə ildən gözləntiləri və milli birlik arzularıyla yanaşı, 31
dekabrda insanlarımız Tanrıya dualarını da dilə gətirəcəklər. Bu dualardakı saf
niyyətlər ilin son günündəki bayram şənliklərinə xüsusi gözəllik gətirəcək.
Mən xalqımızı hər üç bayram münasibətilə təbrik edirəm. Soydaşlarıma bütün arzu
və istəklərinin tezliklə həyata keçməsini arzulayıram. Qoy qarşıdan gələn il
Azərbaycanımıza gerçək demokratik islahatlar və real iqtisadi dirçəliş gətirsin,
dünya azərbaycanlıları arasındakı həmrəylik 2007-ci ildə daha da güclənsin,
Tanrı dualarınızı qəbul eləsin!
Tanrı Azərbaycanımızı qorusun!»