Müsavat Partiyasının müraciəti
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun vəhşicəsinə qətlə
yetirilməsindən iki il vaxt keçir. Bu qətlin üstünün tez bir zamanda açılacağına
ən yüksək səviyyədə söz verilməsinə baxmayaraq ki, ötən iki il ərzində nəinki
qətlin sifarişçiləri və icraçıları tapılmayıb, əksinə cinayət işinin
istintaqında gün-gündən irəliləyişlər əvəzinə geriləmə baş verir. İstintaqı
aparan qurumların davranışları açıq-aydın göstərir ki, hakimiyyət bu qətlin
üstünü açmaqda maraqlı deyil. Əslində Elmar Hüseynovun qatillərinin Əliyev
rejimi dövründə heç vaxt tapılmayacağını
biz hələ faciənin baş verdiyi günlərdə söyləmişdik. Çünki sifarişçi və
icraçıların kim olmasından asılı olmayaraq Elmara açılan güllə rejimin atdığı
güllə idi. Əliyev rejiminin bütün bu illər ərzində müstəqil, azda mətbuata və
onun təmsilçilərinə qarşı yeritdiyi repressiv siyasət belə deməyə əsas verir.
Ayrı-ayrı mətbuat orqanlarının müxtəlif səpgili təzyiqlərlə üzləşməsi, hətta
birdəfəlik bağlanması, jurnalistlərin döyülməsi, qanunsuz olaraq həbsə atılması,
ölümlə hədələnməsi və nəhayət, öldürülməsi artıq adi normaya çevrilib.
Son vaxtlar “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin
redaksiyalarına edilən basqınların, hər iki qəzetin baş redaktoru Eynulla
Fətullayevə qarşı aparılan böhtan kampaniyasının da hakimiyyət tərəfindən təşkil
edilməsi heç kimdə şübhə doğurmur. Bu gün artıq onun həyatına real təhlükə
yaranıb.
Müsavat Partiyası bir daha hakimiyyətdən azad sözə, müstəqil mətbuata qarşı
basqıları dayandırmağı, “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan”
qəzetlərinin kollektivinə, həmin qəzetlərin baş redaktoru Eynulla Fətullayevə
qarşı təqiblərə son qoymağı tələb edir.
Biz habelə mərhum jurnalist Elmar Hüseynovun qətlinin 2-ci ildönümündə ölkədəki
bütün ictimai-siyasi təşkilatlara, vətəndaş cəmiyyəti institutlarına, eləcə də
beynəlxalq təşkilatlara müraciət edərək cinayətkarların tapılıb cəzalandırılması
üçün hakimiyyətə təzyiqləri artırmağa çağırırıq.
Müsavat Partiyasının mətbuat xidməti, 01 mart 2007-ci
il