Elmarsız 2 ilElmar
Qeyri-adi missiya

Öz evinin kandarında güllələnərək qətlə yetirilən Elmar Hüseynovun qətlindən düz 2 il ötür. Ölümündən bu günəcən mən Elmar haqqında onadək məqalə yazmışam, hətta “Elmarlı və Elmarsız günlər” yazısına görə mənə Media Açarı mükafatı təqdim ediblər, kim olsa düşünərdi ki, daha nə yazmaq olar. Bəli, adi ömür yaşayan bir insan haqqında bəlkə də bir-iki yazı yazmaqla adamın sözü qurtarardı, amma Elmar həqiqətən qeyri-adi missiyalı bir şəxsiyyət idi, onunla 5-10 dəqiqəlik bir görüşdən belə adamın ömrü boyu yaddan çıxmayacaq anlar qalırdı. Onunla 2-3 cümləlik danışıq belə mənalı idi, ona görə də onu keçmişdə tanıyanların sözü hələ çoxdur...

Bir partiyadan güclü Elmar!

Ən ciddiyyətlə bildirirəm ki, Elmar Hüseynovun buraxdığı “Monitor” jurnalının təsir dairəsi Azərbaycanda hər hansı bir müxalifət partiyasının (hələ qəzet, jurnal, təşkilat və ya insanlar qrupu demirəm) fəaliyyətindən daha güclü və təsirli idi. O, özünün “Monitor”u ilə bu rejimə daha çox zərbə vururdu, nəinki, hər hansı müxalifət partiyası. Düzdür, onda deyəcəksiniz ki, Elmar nə mitinqlər təşkil edir, nə də seçkilərdə iştirak edirdi, ətrafında da olsa-olsa 3-4 adam cəmləşmişdi...

Amma “Monitor”un reaksiyası bu rejimi yaradanları daim gərginlikdə saxlayırdı, nəinki hər hansı partiya və ya bu partiyalara xidmət edən 3-4 qəzet.

- Rejim müxalifət partiyalarının mövcudluğunu hər-hansı bir müddət ərzində tamam yaddan da çıxara bilirdi, nəinki hər həftə üz qapağında özünün ən cəsarətli ”portretini" gördüyü “Monitor”u.

- Rejim azərbaycandilli müxalifət qəzetlərində dərc olunmuş, bəzən ”Monitor"dakılardan da kəskin məqalələri qulaqardına vururdu, nəinki “Monitor”un ən adi araşdırma yazısını.

- Rejim qurulduğu 12 il ərzində (2005-ci ilədək) Ziya Bünyadov kimi bir-iki istisnaları çıxmaqla heç kimi fiziki cəhətdən məhv etməmişdi. Heydər Əliyevin sovet dövründən qalmış qatı düşmənlərindən belə bir çoxları hələ də sağdır. Bu, rejimin yaradıcısının “mokrata” ilə arası olmadığından xəbər verir. Bəs nə üçün 8 milyonluq bir zəngin ölkəni ələ keçirmiş, ümumi bazar kapitalı bəlkə də 70-80 milyard dolları keçmiş bir rejim kasıb, ayda heç 300-400 $ qazanmayan bir jurnalisti dünyanın işığından məhrum elədi"

Bu sualın sözsüz ki, bir cavabı var:
- Rejim Elmarı susdurmağın başqa metodunu tapmadı, daha doğrusu dərrakəsi və səbri çatmadı.

Bunu həm də onunla izah etmək olar ki, rejim Elmarı artıq susdurmaq da istəmirdi, ”Monitor"un rejimin eybəjərliklərini cəsarətlə ifşa edən “Üz Qapaqları” artıq tarixin bir parçasına çevrilmişdi, on minlərlə insanın qəlbinə yol tapmışdı...

- Rejimin beynində Elmara qarşı ancaq bir şey qalmışdı - ondan HAYIF çıxmaq!

Amma hayıf çıxa bilmədi! Bütün rəsmi və qeyri rəsmi bandalarını qətli hazırlamağa qoşdu, Elmarı qanına-qəltan elədi, amma hayıf çıxa bilmədi! Əvəzində bütöv bir cəmiyyətin daha artıq NİFRƏTİNİ qazandı! İndi bu cəmiyyət bu rejimdən hayıf çıxmaq üçün bir FÜRSƏT gözləyir!..

“Monitor”da ikinci adam kim olub?

Elmarın ölümündən 2 il keçir. “Monitor” daha çıxmır. Elmarın ətrafında olan adamlar 2-3 qrupa bölünsə də, heç kim “Monitor”u təzədən çap etmək fikrinə düşmədi. Bəs nə üçün “Monitor” kim bir brenddən heç kim istifadə etmədi. Belə bir brend yaratmaq məgər asan işdirmi" Burada təbii ki, Elmarın ölümündən qabaq “mən olmasam, ”Monitor" da olmamalıdır" sözləri böyük rol oynayıb. Amma əsl həqiqət ondan ibarətdir ki, Elmarın “Monitor”unu daha heç kim, bir nömrə belə buraxa bilməzdi.

Çox adam hələ də “Monitor”da 2-ci şəxsin kim olduğu axtarışındadır. Amma “Monitor”da nə 2-ci, nə 3-cü şəxs, nə müavin, nə də başqa vəzifələr var idi. Təbii ki, jurnalın konkret tərtibatçısı (verstalşik) və yayıcısı var idi. Bəzən isə Bela Zakirova yazılara əl gəzdirirdi, lakin onun öz yazılarının mövzusunu belə çox vaxt Elmar verirdi. Son illər Əkbər Həsənov redaksiyada daha çox göründüyündən onu “Monitor”un işçisi hesab etmək olardı, lakin həqiqət ondan ibarət idi ki, jurnalda başqa yayım vasitələrində olduğu kimi iş bölgüsü yox idi. Hər şey Elmarın üzərində idi. Tək-tük hallardan başqa jurnal həmişə ekstremal şəraitlərdə çıxırdı. İndi fikirləşirəm ki, əgər günlərin bir günü tərtibatçı və yayıcı da bu işdən imtina etsə idi, Elmar jurnalı özü tərtib edib, çap etdirib yayacaqdı...

Eynulla Fətullayev məsələsinə gəldikdə onu demək istərdim ki, onun sözsüz çox istedadlı şərhçi kimi jurnalda son illər ən çox çıxış edən bir şəxs olmasına baxmayaraq, o da jurnalda “ştatdan kənar” idi. Istədiyi zaman aylarla (!) öz işlərinin dalınca gedərək, Elmarı tək qoyurdu. Amma Elmar ekstremal şəraitdə özünü “suda balıq kimi hiss edirdi”. Elmarın şəxsən özündən eşitmişəm ki, Eynulla olmayanda jurnalın həmin nömrələrinin satışı artır.

KİV bazarını Elmardan yaxşı bəlkə də Azərbaycanda tək-tük adam bilər. Yaxşı yadımdadır, jurnalistika sahəsinin “As”larından bir nəfər böyük qrantlar sayəsində yeni qəzet açarkən, bu, böyük səs-küyə səbəb olmuşdu. Çoxları qəzet bazarını bunca bilən adamın, bu qədər vəsaitlə, yaxşı jurnalistləri cəlb etməklə qəzet bazarına gurultu ilə girəcəyinə əmin olanda Elmar (elə mən də) buna şübhə eləyirdi, hətta bunun əksini söylədi. Doğrudan da həmin qəzet gündə heç 100 ədəd belə satıla bilmədi...

Elmarın dostları məsələsinə də bir aydınlıq gətirmək istərdim. Düzdür, mən şəxsən özümü ona dost hesab etmək istərdim, amma onun səmimi yaxın olduğu bir nəfər var idisə o da Şahbaz Xuduoğlu idi. Mən onların Elmarın anasının yasında səmimi dostluğunun şahidi olmuşdum, özü də bu, təkcə bizneslə əlaqədar deyildi.

Eynulla ilə Elmarın münasibətlərinə gəldikdə isə onu deməliyəm ki, Eynulla Elmarın ən çox ünsiyyətdə olduğu adam idi. Jurnalda çıxacaq ən ciddi mövzularda olan söhbətləri (məsələn, kiminsə jurnala məlumat ötürməsi məsələsində...) zamanı yaxşı olardı ki, həmin otağı tərk edəsən. Elmar, yəqin ki, Eynulla qədər heç kimlə duz-çörək kəsməmişdi. Lakin Elmar Eynulla ilə arada mütləq bir məsafə saxlayardı. Yəqin ki, Eynulla məni bu fikrə görə qınamaz, Elmar Eynullanın “Monitor”u təmsil etməsini heç zaman istəmirdi. Hətta bir dəfə Saytın (www.monitorjournal.com) arxa fonuna Eynullanın başı yarılmış şəklini də saldığımı görüncə, həmin an “bunu çıxart, bizə samoreklama lazım deyil”, dedi.

Sağ ol, Elmar!

Mən adətən yazının əvvəlini çox ağır başlayıram, sonrası isə asan olur, burada isə sonda ilişdim, Yazını necə bitirim, bilmirəm! Elmara, Allah Rəhmət Eləsin, deyə bilmirəm, görüşərik də, hələ yazmaq istəmirəm, o qədər iş var ki!

Amma sənə HALAL VƏ MÜBARİZ HƏYATINA görə sağ ol deyirəm, Elmar!

Rafiq Məmmədli, mammadli@mail.com
"AZADLIQ" qəzeti, 02.03.2007