“ELMARIN QATİLİ BU REJİMDİR!”

Elmar Hüseynovun anım tədbirində həmkarları ilə yanaşı, siyasətçilər, beynəlxalq qurumların nümayəndələri bir araya gəldilər

“Məni çox zaman ixtisasca jurnalist olmamağıma görə qınayırlar. Amma burda nə var ki? Mən ixtisasca jurnalist olmasam da, bu sənəti sevirəm. Sevgidən qorxmaq lazım deyil ki?! Elə peşəkarlar var ki, onda sevgi yoxdur. Həvəskar olub bu sənəti sevmək, peşəkar kimi bu sənəti sevməməkdən üstündür. Məncə, biz qəzetə biznes kimi yanaşmalıyıq. Kim istər ki, öz biznesi gəlirsiz olsun...” Dünən Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında keçirilən tədbirdə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun sağlığında etdiyi bu çıxışı bir neçə dəfə dinlədik.

ANS televiziyasının “Ən yeni tarix” adlı verilişinin arxivindən götürülmüş bu kadrı dinlədikcə, düşündük, onu xatırladıq...

Elmar Hüseynov Fondu jurnalistin qətlinin ikinci ildönümü ilə bağlı olaraq yenə də ölkənin tanınmış jurnalistlərini, siyasətçilərini, beynəlxalq qurumların rəhbərlərini bir araya topladı. Tədbirdən öncə iştirakçılara E.Hüseynovun məqalələrinin bir hissəsinin (1996-1998-ci illər ərzində yazılanlar) toplandığı “Poka qorit sveça” adlı kitab təqdim olundu.

Giriş sözü ilə çıxış edən Elmar Hüseynov Fondunun təsisçilərindən biri, “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu Elmarın vaxtilə yaşadığı evin pilləkənlərində hələ də qan izlərinin qaldığını söylədi. Ş.Xuduoğlu əslində Elmar həftəsi elan etməklə istintaqı hərəkətə gətirmək istədiklərini vurğuladı: “Bu qətlin həyata keçirilməsi mexanizmi belə bizə məlumdur. Sadəcə, bunu rəsmiləşdirmək lazımdır”.

İsa Qəmbər: “Elmarı bu rejimin qətlə yetirdiyi heç kimə sirr deyil”İsa bəy BMM-də Elmarın xatirə tədbirində çıxış edən zaman.

Müsavat başqanı İsa Qəmbər isə öncə sözügedən kitaba görə təşkilatçılara təşəkkürünü bildirdi. İsa bəy daha sonra Elmarın ANS-dəki məlum çıxışında həvəskarlar və professionallar barədə dediyi fikrə də toxundu. Peşəkarlığı yüksək qiymətləndirdiyini deyən İsa bəy köhnə bir lətifəni də yada saldı: “Titanik gəmisini professionallar, Nuhun gəmisini isə həvəskarlar yaratmışdılar. Nuhun gəmisi bəşəriyyəti xilas etdi, amma Titanik gəmisinin taleyi hamıya bəllidir. Ona görə həvəsin də, sevginin bir məsələyə münasibətinin nə dərəcədə önəmli olması Elmar tərəfindən düzgün vurğulanıb. Elmar Azərbaycanın müstəqillik dövründə xüsusi bir səhifə, xüsusi bir fenomendir. Bu fenomenin əhəmiyyəti getdikcə daha çox dərk olunur”.

İsa bəy qətlin üstünün açılmaması ilə bağlı deyilən pessimist fikirlərə də toxundu. Onun sözlərinə görə, əslində E.Hüseynovun qətlindən keçən hər bir gün onun Əliyev rejimi tərəfindən həyata keçirilməsini təsdiqləyir. İlham Əliyevin bu cinayətdə məsuliyyətinin gündən-günə artdığını vurğulayan başqan əvvəl-axır cinayətkarların, icraçıların qanun qarşısında cavab verəcəyinə nail olacağımızı dedi: “Böyük mənada tarixi yanaşanda nə fərqi var ki, bu şəxs Məmməddir, Həsəndir, kimdir. Elmarı qətlə yetirənin bu rejim olduğu kiminçün sirrdir? Ancaq qeyri-səmimi adamlar müxtəlif versiyalarla izi İlham Əliyevdən, bu rejimdən yayındırmağa cəhd göstərə bilərlər. Düşünən, məsuliyyətli, vicdanlı adamlar üçün heç bir sual qalmayıb. Vaxtilə ”Çeşmə" qəzetinin əsas yaradıcılarından biri olan Ayaz Əhmədov həbsdə olanda öz xatirələrini yazmışdı. Orda öz həbsxana rəisləri, qaravolçular, müstəntiqlərlə zarafatları da yer alıb. Onlardan birində belə deyilir: “Bir gün müstəntiqə dedim ki, bütün jurnalistləri və yanğınsöndürənləri güllələmək lazımdır. Müstəntiq mənə baxıb dedi ki, ”yanğınsöndürənləri niyə?". Dedim ki, mən bilirdim siz “jurnalistləri niyə” sualını verməyəcəksiniz”.

İsa bəy hazırda “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinə və baş redaktoru Eynulla Fətullayevə qarşı növbəti hücum dalğasının getdiyini bildirdi. Daha öncə eyni ssenarinin “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı tətbiq olunduğunu xatırladan İsa bəy bunun qarşısını almağın yolları barədə düşünmək lazım gəldiyini dedi: “Əgər jurnalist dostlarımız, jurnalist təşkilatlarının rəhbərləri bunun yolunu bilirlərsə, bizə desinlər, biz özümüzdən asılı olan hər şeyi etməyə hazırıq”.

İ.Qəmbər keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsinə də müstəqil və müxalifətyönlü mətbuatın buraxılmamasını pislədi. O, bu məsələdə də Elmarı dəyərləndirən, onun adından danışan şəxslər olaraq nələrisə etməyin vacibliyini önə sürdü: “Mən hesab edirəm ki, Elmarın şəxsiyyətinə, Elmarın yaradıcılığına, xatirəsinə hörmətimizi, ehtiramımızı bildirmək, onun qatillərinin qanun qarşısında cəzalandırılmasını təmin etmək bizim borcumuzdur. Azad mətbuatın müdafiəsinə yönəldilmiş hər bir addım Elmarın xatirəsinə ən yaxşı xidmət, münasibət, hörmətdir”.

Əli Kərimli: “Bu qətlin məsuliyyəti hökumətin boynundadır”

AXCP sədri Əli Kərimli isə Elmara atılan güllələrin azad sözə atıldığını bildirdi. Azərbaycan cəmiyyətinin bununla barışmadığını deyən Ə.Kərimlinin fikrincə, bu məsələdə hər kəs əlindən gələni edib: “Əgər Azərbaycan hakimiyyəti qətlin açılması istiqamətində məqsədyönlü iş görmürsə, günahsız adamların boynuna qoymağa çalışırsa, deməli, qətlin məsuliyyəti bu hökumətin boynundadır”.

Enn Ders: “Elmar Hüseynov azadlıq rəmzi kimi yaşayır”

ABŞ-ın ölkəmizdəki səfiri Enn Ders E.Hüseynovun qətlinə görə məsuliyyət daşıyanların həbs olunaraq məhkəmə qarşısında dayanmalı olduğunu bildirdi. Çıxışçı ABŞ dövlət katibinin Demokratiya və İnsan Hüquqları üzrə yardımçısı Barri Lovenkronun dekabrda Bakıya səfər edərkən dediyi “cənab Hüseynov kimi jurnalistlərə qarşı hücumlar demokratiyanın özünə edilən hücumlardır” fikrini də yada saldı: “Azad cəmiyyətdə adamlar məlumat almaq hüququna malikdilər. Professional, etik və müstəqil mətbuat bu hüququ təmin edir. Elmar Hüseynov kimi jurnalistlərə hədə-qorxu gələn, döyən və öldürənlər, sadəcə olaraq, adamları bu hüquqdan, bu azadlıqdan məhrum etməyə can atırlar”.

Xanım Dersin sözlərinə görə, E.Hüseynovun qatilləri bir adamı öldürməyə müvəffəq olsalar da, ideyanı boğmağa nail olmadılar və heç zaman ola bilməyəcəklər: “Elmar Hüseynov möhtəşəm azadlıq rəmzi kimi yaşamaqda davam edir və azadlıqsevərləri adamların bilmək hüququ uğrunda mübarizə aparmağa ruhlandırır”.

ABŞ səfiri həmçinin Azərbaycan rəhbəliyini ədalətin öz yerini tutması üçün çalışmağa və E.Hüseynovun qatillərini cəzalandırmağa çağırdı: “Ona və azadlığa inanan hər bir kəsə hörmət edin - qanunun aliliyi, mətbuat azadlığı və demokratiyaya dair Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əməl etməklə”.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid isə həmkarlarını daha sistemli və aktiv mübarizəyə səslədi. Onun sözlərinə görə, əks halda, jurnalistikadakı itkilər də çoxalacaq.

Millət vəkili Pənah Hüseyn iki il əvvəl Elmara güllə, indi isə onun həmfikirlərinin, yoldaşlarının ofislərinə daş atıldığını bildirdi. Onun fikrincə, sabah o daşların gülləyə çevrilməyəcəyinə heç bir təminat yoxdur və ona görə də onların qabağında Azərbaycanın sayılan və vicdanlı şəxslərinin dayanmasına ehtiyac var.
“Biz qəbirləri ziyarət etməyə vərdiş edirik” deyən Pənah bəy bildirdi ki, biz yalnız qəbirləri ziyarət etmək və yubiley tədbirləri keçirmək vərdişindən qurtarmalı, başqa işlər görməliyik: “Necə ki, Elmar bu işləri görürdü və çox gözləyirdi ki, onun ölümü böyük bir hərəkətə, dəyişikliyə səbəb olacaq. Mən istəyirəm ki, biz bu dəyişikliyə nail olaq”.

Sərdar Cəlaloğlu isə bildirdi ki, E.Hüseynov öz ölümü ilə Azərbaycan xalqının hətta həyatını belə demokratiya naminə qurban verməyə hazır olduğunu sübut edib. Onun sözlərinə görə, E.Hüseynov kimi adamlar ölsələr də, ideyaları, fikirləri ilə cəmiyyətin idarə edilməsində, təkmilləşməsində, irəliyə getməsində iştirak edirlər: “Həyatın gözəlliyi onun necə qurtarmasındadır. Elmar Hüseynov çox az adama qismət olan, ən şərəfli, ən qəhrəman sonluqla həyatını başa vurdu. Bu, bizim üçün böyük örnəkdir. Elmar öz həyatını bizə, demokratiya, azadlıq uğrunda qurban verdi. Bizim də borcumuz yaşadıqca Elmarın qurban getdiyi ideyaları yaşatmaq və onları inkişaf etdirməkdir”.

Denis Bribosia: “Bu qətlə görə kimsə cavab verməlidir”

Avropa Şurasının Azərbaycandakı nümayəndəsi Denis Bribosia isə tədbir iştirakçıları arasında güclü bir emosiya hiss etdiyini dedi. Həm həmkarlarını, həm də dostlarını itirən jurnalistlərin böyük bir dram yaşadığını deyən çıxışçı daha sonra E.Hüseynovun qətlə yetirildiyi tarixi yada saldı: “2 il əvvəl bu hadisə baş verəndə mən Strasburqda işləyirdim. Bu xəbər bizim hamımızı, eləcə də Avropa Şurasının baş katibini şoka salmışdı, Avropa Şurası ədalətin öz yerini tapmasına çalışır. Mən ümid edirəm və çağırıram ki, ədalət öz yerini tapsın. Hər ölümə görə kimsə cavab verməlidir”.

Müstəqil jurnalist Azər Həsrət isə bu qətldə nəinki hakimiyyətin, onunla əlbir olan, bağlı qapılar arxasında neft alveri edən xarici ölkələrin, beynəlxalq təşkilatların da rolu olduğunu söylədi. Çıxışçının fikrincə, qətlin açılması üçün hakimiyyət dəyişməlidir: “Elmarı öldürməklə bizi qorxutmaq istədilər, amma qorxmadıq. Əgər bu məqsədlə onlar başqa jurnalistləri öldürmək istəyirlərsə, vaz keçsinlər”.

Lalə Şövkət: “O, söz azadlığının simvoluna çevrilib”

“Elmar Hüseynov Azərbaycanda söz azadlığının simvoluna çevrilib” deyən Liberal Demokrat Partiyasının sədri Lalə Şövkət isə bunun böyük xoşbəxtlik olduğunu və hər adama nəsib olmadığını dedi. Onun sözlərinə görə, Elmarı öldürənlər onun prinsiplərini əzmək, bu məmləkətdə ləyaqətlə yaşamağın qeyri-mümkün olduğunu bizə göstərmək istəyirdilər: “Amma buna rəğmən biz göstərdik ki, millət olaraq belə yaşamağa layiqik və ləyaqətimiz də var. Bu gün Elmarın çox layiqli davamçıları da var”.

Tanınmış jurnalist İbrahim Bayandurlu isə E.Hüseynovun həmişə zarafatla təkrarlamağı sevdiyi “hətta ölməyi də vaxtında bacarmalısan” sözlərini yada saldı. Onun fikrincə, E.Hüseynov müstəqil Azərbaycanın müstəqilliyimiz dövrünün məfkurə şəhadətinin ilk səhifəsidir: “Mən daxilən hiss edirəm ki, bu səhifələr hətta çox olacaq. Avtoritarizmlə mübarizə aparmaq müşkül məsələdir. O, birinci idi və tarixdə silinməz iz qoydu. Müstəqil Azərbaycanımızda ”məndə sığar iki cahan, mən bu cahana sığmazam" düsturunu özünü qurban verməsi ilə gerçəkləşdirdi".

Sevinc TELMANQIZI, "Yeni Müsavat", 03.03.2007