Müsavat Partiyasının Başqanı İsa Qəmbər Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova məktub göndərib.

Məktubda deyilir:

“Cənab Baş Prokuror!

Sabiq Səhiyyə Naziri Əli İnsanov məhkəmə prosesində İlham Əliyevin Baş Nazir təyin edilməsilə bağlı verilmiş sərəncamı və 2003-cü ildə keçirilmiş prezident seçkilərinin nəticələrini ciddi şübhə altına salan faktlar söyləmişdir.

Ə. İnsanov məhkəmə prosesində bildirmişdir ki, İ. Əliyevin Baş Nazir təyin edilməsi ilə bağlı sərəncam imzalanarkən mərhum Prezident H. Əliyev koma vəziyyətində olmuş, sərəncamı imzalamaq iqtidarında olmamışdır. Sərəncamdakı imza saxtalaşdırılmış, Baş Nazir postu mənimsənilmişdir.

Bundan başqa Ə. İnsanov bildirmişdir ki, 2003-cü ildə keçirilən Azərbaycan Respublikası Prezident seçkiləri zamanı nazirlərdən, yüksək vəzifəli şəxslərdən külli miqdarda pul toplanmış, rüşvət verilərək seçki komissiyaları ələ alınmış, seçkinin nəticələri saxtalaşdırılmış, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyət ələ keçirilmişdir.

Ə. İnsanov tərəfindən səslənmiş məlumatlar törədilmiş ağır cinayətlər haqqında məlumatlardır, ACDİÜ AR Məhkəməsində məhkəmə zalında hakimlərin və prokurorların iştirak etdiyi məhkəmə prosesində səsləndirilmiş, kütləvi informasiya vasitələrində yayılmışdır.

Nəzərinizə çatdırıram ki, İ. Əliyevin Baş Nazir təyin olunması ilə əlaqədar sərəncam imzalanarkən Türkiyə Respublikasının bəzi mətbuat orqanlarında da belə məlumatlar yayılmışdır.

Ə. İnsanov H. Əliyev hakimiyyəti dövründə Səhiyyə Naziri vəzifəsində çalışmış, H. Əliyevin şəxsi həkimi olmuşdur. Bu səbəbdən onun törədilmiş cinayətlər haqqında məlumatları ciddi araşdırılmalı, obyektiv, hüquqi qiymət verilməlidir. Məhkəmə iclas zalında törədilmiş cinayətlər haqqında verilmiş məlumatlardan aydın olur ki, həmin əməllərdə AR CM-nin 160, 278, 311, 312, 313-cü maddələrin əlamətləri vardır.

AR CPM-nin 204, 206, 207-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətlər haqqında verilmiş məlumatlar qeydiyyata alınaraq ciddi araşdırılmalıdır.

Sizdən xahiş edirəm ki, Ə. İnsanov tərəfindən səsləndirilmiş cinayət tərkibli faktlar barəsində araşdırılma aparılmasına dair sərəncam verəsiniz”

Müsavat Partiyası Mətbuat Xidməti

Bakı, 02.05.2007