Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Yığıncaqda öncə
qərarların icrasına baxılıb və görülən işlər ətrafında fikir mübadiləsi
aparılıb.
Sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib və müvafiq qərarlar qəbul
olunub. Toplantıda Bakı şəhərində tikinti sahəsində yaranmış vəziyyətlə bağlı
geniş fikir mübadiləsi aparılıb. Tikintidə olan bir sıra vacib problemlər,
onları törədən səbəblər ətrafında gedən geniş müzakirələrdən sonra bu barədə
partiyanın mövqeyini işıqlandıran xüsusi bəyanatın hazırlanması haqqında qərar
qəbul olunub.
Daha sonra Dəvəçi rayonunda baş vermiş faciəli hadisə - iki azyaşlı qızın
ogurlanması və öldürülməsi ilə bağlı fikir mübadiləsi aparılıb və hüquq-mühafizə
orqanlarının bu cinayətin araşdırılması istiqamətində gördüyü işlər yetərli
hesab edilməyib. Partiyanın Divanı faciənin törədilməsində günahkar olanların və
onların himayədarlarının cəzalandırılmasını tələb edir.
Axırda cari məsələlərə baxılıb.
isagambar.az, Bakı, 2 sentyabr 2007-ci il