İsa Qəmbər Bolqarıstana yola
düşdü
Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər Balkan Siyasi Klubunun rəhbəri,
Bolqarıstanın keçmiş prezidenti Jelyü Jelevin dəvəti ilə Bolqarıstanın paytaxtı
Sofiya şəhərinə səfərə gedib. Müsavat başqanı burada sözügedən qurumun 10-cu
Beynəlxalq konfransında iştirak edəcək. Konfrans Balkan və Cənubi Qafqaz
regionları arasında əməkdaşlıq perspektivlərinə həsr olunub. Tədbirdə Müsavat
Partiyasının başqanı İsa Qəmbər də çıxış edəcək.
Xatırladaq ki, Balkan Siyasi Klubuna Bolqarıstan, Albaniya, Xorvatiya,
Yunanıstan, Bosniya-Hersoqovina, Makedoniya, Moldova, Rumıniya, Serbiya,
Sloveniya və Türkiyədən keçmiş və indiki dövlət və hökumət xadimləri, nüfuzlu
ictimai və siyasi xadimlər daxildirlər. Təşkilatın 10-cu konfransında həmin
dövlətlər və Cənubi Qafqaz ölkələrinin təmsilçiləri ilə yanaşı Fransa, Almaniya,
İsveçdən olan qonaqlar, eləcə də Avropa Birliyinin və Avropa Parlamentinin
rəsmiləri iştirak edəcəklər.
isagambar.az, 03 oktyabr 2007-ci il