Növbəti toplantı
Bu gün Müsavat Partiyasının Divanının növbəti iclası keçirilib. Öncə Müsavat
Partiyasının Başqanı İsa Qəmbər Güney Azərbaycan Milli Oyaniş Hərəkatının
rəhbəri Mahmudəli Çöhrəqanlının 50 yaşının tamam olduğunu bildirib və bu
münasibətlə Müsavat Partiyası və şəxsən öz adından onu təbrik edib. Müsavat
Başqanı Mahmudəli Çöhrəqanlıya apardığı işdə ona uiğurlar arzulayıb və bildirib
ki, bu haqq davasında Müsavat Partiyası həmişə Mahmudəli Çöhrəqanlının yanında
olacaq. İsa Qəmbər M. Çöhrəqanlıya şəxsi həyatında xoşbəxtlik və uzun ömür
arzulayıb.
Toplantıda qərarların icra vəziyyətinə və görülən işlərə baxıldıqdan sonra
partiyadaxili məsələlər müzakirə edilib. Divan üzvü Gülağa Aslanlı Lənkəran
Şəhər Təşkilatının növbəti konfransı barədə məlumat verib. O bildirib ki,
konfrans yüksək səviyyədə keçib və Yadigar Sadiqov yenidən rayon təşkilatına
sədr seçilib. Daha sonra qarşıdan gələn 18 mart mitinqi ilə bağlı müzakirələr
aparılıb və mitinqə hazırlığı gücləndirməklə bağlı müvafiq qərarlar qəbul
edilib, Divan üzvlərinə konkret tapşırıqlar verilib.
Toplantıda həmçinin son vaxtlar cəmiyyətin diqqətində olan bir məsələ- sabiq
səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesi ilə bağlı fikir mübadiləsi
aparılıb. Qeyd edilib ki, bu məhkəmə prosesi də bütün əvvəlki dövrlərdə
keçirilmiş siyasi proseslər kimi birtərəfli və qərəzli aparılır. Müdafiə hüququ
ardıcıl şəkildə pozulur, məhkəmə iclasının gedişinə faktiki olaraq hakim yox,
prokuror nəzarət edir. Məhkəmə prosesi qeyri-şəffaf keçirilir, müxalifət və
müstəqil mətbuat nümayəndələri müxtəlif bəhanələrlə iclas zalına buraxılmırlar .
Bundan əlavə ittiham olunan şəxsin hüquqları kobud şəkildə pozulur, onunla
qeyri-insani rəftar edilir ki, bu da hətta məhkəmə prosesinin keçirildiyi dövrdə
belə müttəhimlərə təzyiq göstərmək və işgəncə verməkdən başqa bir şey deyil.
Partiyanın Divanı bütün bunların yolverilməz olduğunu qeyd edib və bu
hakimiyyətdən özbaşınalıqlara son qoyulmasını tələb edib.
Axırda cari məsələlərə baxılıb.
isagambar.az, Bakı, 05 mart 2007-ci il