Müsavat Partiyasının bəyanatı

Bu gün Səbail Rayon Məhkəməsi Müsavat Partiyasının üzvü Mehdi Mehdiyevə 4 il həbs cəzası verib. Xatırladaq ki, Mehdi Mehdiyev 2003-cü ilin Oktyabr hadisələrinə görə saxta ittihamlarla həbs olunmuşdu. İttihama görə guya o, 2003-cü ilin oktyabrın 15-də, axşam Müsavat Partiyasının qərargahında o vaxt Lider telekanalının müxbiri işləyən Sahil Kərimlini döyüb. Lakin məhkəmə prosesində heç bir şahid, o cümlədən polis işçiləri və Sahil Kərimlinin özü bu faktı təsdiq etməyiblər. Əksinə həmin hadisənin hətta dəfələrlə televiziyalarda nümayiş etdirilən video görüntüləri sübut edir ki, Mehdi Mehdiyev Sahil Kərimlini müdafiə edib. Bütün bu sübutlara məhəl qoymayan hakim hakimiyyətin siyasi sifarişini yerinə yetirərək bu cür qanunsuz hökm çıxardıb. Bu isə onu göstərir ki, Müsavat Partiyasına qarşı 2003-cü ilin oktyabrından başlayan total represiya kampaniyası hələ də davam edir.

Müsavat Partiyası Səbail Rayon məhkəməsinin bu hökmünü hakimiyyətin siyasi sifarişi ilə verilmiş qanunsuz hökm kimi dəyərləndirir və onun dərhal ləğv edilməsini tələb edir. Biz habelə ölkə ictimaiyyətinə, hüquq müdafiə təşkilatlarına, eləcə də beynəlxalq demokratik qurumlara müraciət edərək bu məsələnin diqqətdə saxlamağı və günahsız yerə həbs olunmuş Müsavat Partiyasının fəalının həbsdən buraxılması üçün öz nüfuzlarından maksimum istifadə etməyə çağırırıq.

Müsavat Partiyasının mətbuat xidməti, 06 fevral 2007-ci il