“İRANLA ABŞ ARASINDA KONFLİKT QAÇILMAZDIR”
İsa Qəmbər: “Azərbaycanda dinc demokratik keçid ssenarisi Ukraynadakı
kimi olmayacaq”
“Avropa Şurasının dəvətini reallaşdırmaq fikrindəyəm”
Bölgəmizdə olduqca mühüm, müəyyən mənada hətta təhlükəli proseslər start
götürüb. O dərəcədə təhlükəli ki, bəzən hadisələri proqnozlaşdırmaq belə
çətinlik törədir. Təbii ki, İran bizə qonşu dövlət olduğundan, vəziyyəti ilk
növbədə Azərbaycan və onun siyasətçiləri izləməlidir. Elə ona görə də Müsavat
Partiyasının başqanı İsa Qəmbərlə görüşüb həm bu məsələyə və Azərbaycanı
gözləyən təhlükələrə, həm də digər məsələlərə aydınlıq gətirməyi xahiş etdik.
Başqana ilk sualımız isə bu gün hərbi fazaya keçməsi ehtimal olunan İran-ABŞ
münasibətləri barədə oldu.
- İsa bəy, son vaxtlar KİV-in diqqət yönəltdiyi əsas mövzu, şübhəsiz,
İran-ABŞ qarşıdurması ilə bağlıdır. Bəzi mənbələr artıq hətta iki ölkə arasında
müharibə başladığını iddia edirlər. Bu gün, aprelin 6-sı isə məsələdə ən kritik
gün sayılır. Sizin təhlillər nə deyir, hərbi əməliyyatların başlaması realdırmı?
- Bilirsiniz, mən nə falçıyam, nə də politologiya ilə məşğulam ki, proqnozlar
verim. Mən real siyasətlə məşğulam. Real siyasət isə deyir ki, Qərblə İran
arasında ziddiyyət antoqonist xarakterlidir. Bu ziddiyyətin mahiyyətində də
İranın nüvə silahı əldə etmək istəyi durur. İndiyədək bizdə olan informasiyalara
əsasən söyləmək olar ki, nə Tehran nüvə silahı əldə etmək niyyətindən vaz
keçmək, nə də ABŞ başda olmaqla Qərb buna imkan vermək fikrindədir. Bu iki
siyasi reallığı əsas götürəndə konflikt qaçılmaz görünür. Ancaq konflikt nə
zaman başlayacaq, hansı formada olacaq, bu, artıq yüzlərlə irili-xırdalı
amillərdən asılıdır.
Ona görə də burda təhlil edib proqnozlar vermək maraqlı ola bilər, ancaq məncə,
düzgün olmaz. Yəni əlimizdə çox dəqiq informasiyalar olub ki, hərbi
əməliyyatlara başlamaq planları Corc Buşun stolunun üstündədir. Bunu özləri də
etiraf edib, mətbuata deyiblər. Ancaq başlamayıblar. Qərarı da onlar verirlər.
İki qərar verən qüvvə - Vaşinqtonla Tehran arasında nə zaman hansı qapalı və ya
açıq təmaslar olub, həmçinin digər məsələləri bilmədən prosesin necə olacağı
barədə fikir söyləmək diletantlıqdır.
- Bu arada məlumatlar yayılıb ki, İran Azərbaycanla sərhəddə hərbi qüvvə və
texnika cəmləşdirir. Bu, ölkəmizə qarşı güc nümayişidir, yoxsa hansısa psixoloji
savaşın tərkib hissəsi? Ümumiyyətlə, İranın Azərbaycana hərbi müdaxilə təhlükəsi
ciddidirmi?
- Hər cür yanlış addımlar mümkündür. Ancaq mən belə bir təhlükəni real saymıram.
Çünki İrana təhlükə Azərbaycandan gəlmir. İran İraq və Əfqanıstanla böyük
sərhədi olan dövlətdir. İraq və Əfqanıstan isə ABŞ-ın nəzarəti altında olan
ölkələrdir. Bu ölkələrdə Amerikanın kifayət qədər silahlı qüvvələri, hərbi
texnikası var. İran körfəzini götürsək, orada da ABŞ-ın xeyli gəmisi,
silah-sursatı yerləşdirilib. İrana hərbi təhlükənin Azərbaycandan gözlənildiyini
söyləmək yenə diletantlığın əlaməti olardı.
Ümumiyyətlə, bəzi şərhçilər məsələdə Azərbaycanın rolunu şişirdirlər. Azərbaycan
önəmli ölkədir, ancaq ölkəmizin rolunu düzgün dəyərləndirmək lazımdır. Bu
konfliktdə Azərbaycanın hərbi baxımdan xüsusi bir rolu yoxdur. İrana hərbi
təhlükələr də bizim ölkəmizdən gəlmir. Əgər İran da əks cavablar vermək
niyyətinə düşəcəksə, bir nömrəli hədəfin Azərbaycan olduğunu düşünmək yenə
məntiqsizlikdir. O ki qaldı sərhədə ordu yığmaq məsələsinə, xaricdən hərbi zərbə
gözləyən ölkənin silahlı qüvvələrinin, sərhəd xidmətinin bütün istiqamətlərdə
fəallaşması qaçılmaz hadisədir. Əslinə qalsa, Azərbaycan tərəfi də ehtiyat
tədbirlərini görməli, sərhədlərdə çox diqqətli olmalıdır.
- O da faktdır ki, İran rəsmiləri zaman-zaman Azərbaycana hərbi zərbə endirə
biləcəyi ilə bağlı xəbərdarlıqlar ediblər. Bu dövlət ölkəmizin hava və dəniz
sərhədlərini dəfələrlə pozub və bunu da, bir qayda olaraq, təsadüflə
əlaqələndirib və s...
- İran rejimi artıq ikinci ildir ki, hamıya xəbərdarlıq edir, hədə-qorxu gəlir.
Hesab etmirəm ki, Azərbaycan bu sırada həlledici sıradadır.
- Bəs Azərbaycan ABŞ-İran konfliktində hansı mövqedə olmalıdır? Heç olmasa,
bu məsələ ətrafında bizdə düzgün mövqe formalaşıbmı?
- Bizim mövqeyimizdə fərqli bir yenilik yoxdur. Bu mövqeyi xeyli əvvəl,
hərtərəfli təhlillərdən sonra, reallıqları və Azərbaycanın maraqlarını ciddi
təhlil edərək bildirmişik. Mövqe də ondan ibarətdir ki, biz İranın nüvə silahı
əldə etməsinin qəti əleyhdarıyıq, bunu Azərbaycan üçün çox təhlükəli hesab
edirik. Eyni zamanda problemin dinc, diplomatik yollarla çözümünün tərəfdarıyıq.
Üçüncüsü isə, Azərbaycanın iradəsindən asılı olmayaraq baş verəcək hadisələrə
münasibətdə Azərbaycan dövləti öz maraqlarından çıxış etməlidir.
- ABŞ-la İran arasında müharibənin qızışması və ya gərginliyin davam etməsi
Azərbaycanda 2008-ci il prezident seçkilərinə Qərbin diqqətinin azalmasına
gətirə bilərmi?
- Azərbaycanda hakimiyyət məsələsinin kökü ölkənin içindədir. Ona görə də bunu
kənarda axtarmağa ehtiyac yoxdur. Xarici amillərin təsirini inkar etmək düzgün
olmaz. Mən nə tutaq ki, bu cür gərginliklərin təsirini, nə də ayrı-ayrı
dövlətlərin Azərbaycanda maraqlarının olması və onların bu maraqlara uyğun
ölkəmizə təsir göstərmək cəhdlərini inkar edirəm. Ancaq hər halda biz çox aydın
şəkildə, şüar kimi yox, ciddi bir şəkildə dərk etməliyik ki, Azərbaycanın taleyi
öz xalqının əlindədir.
- Maraqlıdır ki, bir neçə gün öncəyədək radikal bəyanatlar verən İran
prezidenti qəflətən yumşalaraq Böyük Britaniya hərbçilərini azad etdi, onlarla
şəxsən və çox isti şəkildə görüşdü. İran qorxub geri çəkildi, yoxsa?
- Hadisənin detallarını bilmək çətindir. İngiltərə bəyan edir ki, hərbçilərini
İraqın sularında olarkən əsir götürüblər. Rəsmi Tehran isə onların su sərhədini
pozduğunu və buna görə saxlanıldıqlarını bəyan edir. Faktiki surətdə konflikt
situasiyası baş vermişdi. Adətən bu tipli məsələlər diplomatik yolla həll
edilməlidir ki, qarşısıalınmaz hadisələrə gətirib çıxarmasın. Yaxşı ki, belə də
oldu. Biz əvvəldən də o qənaətdəydik ki, məsələ bu cür həllini tapacaq. Bu, İran
rejiminin təbii ki, geri çəkilməsidir, onların real təhükə yarandığı zaman geri
çəkilməyi bacarmasıdır.
- Bayaqkı sualı davam etdirmək istərdik. ABŞ-İran ziddiyyətlərinin hərbi
mərhələyə keçməsi regionda, o cümlədən Azərbaycanda demokratik proseslərə,
demokratiyanın taleyinə hansı təsirləri göstərə bilər?
- Məsələnin mahiyyətinə gəldikdə, ümumi və xüsusi yanaşma ola bilər. Xüsusi
yanaşmanın mahiyyəti ondan ibarətdir ki, çox mürəkkəb situasiyadır. Ona görə də
proseslər nə cür gedəcək, nə qədər davam edəcək, hansı sonluqlarla qurtaracaq,
bunun hamısını indidən hesablamaq mümkün deyil. Bunu heç kim, hətta konfliktin
iştirakçıları da hesablaya bilməzlər. Ancaq ümumi yanaşmadan qiymət vermək daha
asandır.
Ümumi yanaşma isə ondan ibarətdir ki, bu gün inkişaf etmiş dünya, ABŞ başda
olmaqla Qərb ölkələrinin təsirinin artması öz-özlüyündə müsbət hadisə kimi
dəyərləndirilməlidir. Aydın məsələdir ki, bölgədə Amerikanın və Avropa
ölkələrinin təsiri artacaqsa, bu, demokratiyanın, azad iqtisadiyyatın inkişafına
xidmət edəcək. Rusiya və İran kimi ölkələrin təsirinin artması isə bölgədə
avtoritarizmin güclənməsinə kömək edəcək.
- Bəzi şərhçilərin rəyincə, İran rejiminin dəyişilməsi Qarabağ probleminin də
həllinə müsbət təsir edə bilər. Çünki işğalçı Ermənistanın əsas müttəfiqlərindən
birinin hazırkı Tehran rejimi olduğu məlumdur. Bu rəyləri bölüşürsünüzmü?
- Bölgədə situasiyanın sadələşməsi, təbii ki, konfliktlərin həllini də
sürətləndirəcək.
- Hazırda gərginlik yaşanan ölkələrdən biri də Ukraynadır. Sizcə, doğrudanmı
bu ölkədə narıncı inqilabın nəticələri təhlükə altındadır? Oradakı dostlarınızla
əlaqələriniz varmı, prosesin inkişafı necə olacaq?
- Mən hesab etmirəm ki, narıncı inqilabın nailiyyətləri təhlükə altındadır.
Fikrimcə, müəyyən özünəməxsusluqlarla, gərginliklərlə paralel, Ukraynada
demokratik proses davam edir. Prezident Viktor Yuşşenko həm siyasi, həm də
hüquqi baxımdan tamamilə düzgün qərar qəbul edib. Bu cür qətiyyətli mövqeyi o,
davam etdirməlidir. Bu mövqe inkişaf taparsa, gərginlik aradan qalxacaq. Əks
tərəf də dərk edəcək ki, konstitusiyaya və qanunlara tabe olmaq lazımdır. Əgər
prezident konstitusiya hüququndan istifadə edib parlamenti buraxırsa və mayın
sonuna seçkilər təyin edirsə, demək, parlament seçkiləri keçirilməlidir.
Ukraynadakı bir sıra dostlarımızla bu mövzuda fikir mübadiləsi aparmışıq.
- Sizcə, Rusiyanın Ukraynadakı proseslərə müdaxilə imkanları əvvəlki
vaxtlarla müqayisədə necə dəyişib - artıb, yoxsa azalıb?
- Məncə, Rusiya 2004-cü il hadisələrindən kifayət qədər düzgün nəticə çıxarıb və
Ukraynanın daxili işlərinə kobud surətdə müdaxilənin əks-effekt verəcəyini dərk
edib. Ona görə də bu dəfə Moskvadan kobud müdaxilə gözləmirəm. Təbii ki, onların
öz maraqları var. Ancaq hesab edirəm ki, birbaşa müdaxilə olmayacaq.
- Son zamanlar Azərbaycanda müşahidə edilən siyasi prosesləri, o cümlədən
hakimiyyətdən qopmaları və tanınmış əliyevçilərin mövqeyində özünü qabarıq
göstərən dəyişikliyi məxməri inqilablardan əvvəl Ukraynanın, Gürcüstanın,
Qırğızıstanın keçdiyi mərhələnin başlanğıcı sayanlar var. Bu qiymətləndirmə ilə
razısızmı?
- Oxşar və fərqli cəhətlər var. Əslinə qalsa, Ukraynanın 2004-2005-ci illərdə
keçdiyi proses Azərbaycanda 1991-1992-ci illərdə keçilmişdi. Ukrayna
Azərbaycanın təcrübəsini uzun müddətdən sonra təkrar edib. 2005-ci il hadisələri
göstərdi ki, Azərbaycanda Ukrayna variantının təkrarı real deyil. Bizdə vəziyyət
kifayət qədər fərqli olduğundan, ölkəmizdə köklü demokratik dəyişikliklərin
başvermə ssenariləri də kifayət qədər fərqli olacaq.
- Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün
rəsmi dəvət almısınız. Yanılmırıqsa, ötən ilin əvvəlində də qurumun toplantısına
dəvətliydiniz, lakin getmədiniz. Bu dəfə necə, sessiyaya qatılacaqsınızmı?
- Dəvətlər çox olub və sonuncu dəfə 2006-cı ilin yanvar sessiyasında iştirak
etmək üçün dəvətnamə göndərilmişdi. Ancaq çox gec göndərildiyi üçün zaman
baxımından onu reallaşdıra bilmədik. İndiki dəvətə gəldikdə isə, bir neçə məqam
qeyd olunmalıdır. Birincisi, Azərbaycan demokratik qüvvələrinin Strasburqa dəvət
olunması AŞ PA-nın Azərbaycan müxalifətinə verdiyi önəmi nümayiş etdirir. Eyni
zamanda bu dəvət onu göstərir ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin
tərkibində real müxalifət təmsil olunmur. Bu isə nonsensdir. Çünki Avropa
Şurasının prinsiplərinə əsasən, AŞ PA milli parlamentlərin nümayəndə
heyətlərindən ibarət tərkibdə formalaşır və həmin nümayəndə heyətlərinin
tərkibində də hakimiyyət deputatları ilə yanaşı müxalifətçi millət vəkilləri də
təmsil olunmalıdır. Məlumdur ki, Azərbaycanda nə qədər saxtakarlıqlar etsələr
belə, parlamentdə sayına görə ikinci siyasi qüvvə Müsavat Partiyasıdır. Demək,
müsavatçı millət vəkilləri nümayəndə heyətinin tərkibində təmsil olunmalıdır.
AŞ PA-nın bizi dəvət etməsi müxalifətin Azərbaycanın nümayəndə heyətinin
tərkibində təmsil olunmamasının daha bir sübutudur. Həmçinin hakimiyyətin öz
öhdəliklərini yerinə yetirməməsinin daha bir sübutudur. Əli Həsənov kimi
hakimiyyət təmsilçiləri gurultulu bəyanatlar verirdilər ki, guya Azərbaycan
bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirib. Ən adi bir məsələdə bu
bəyanatların yalan olduğu sübuta yetir. O ki qaldı səfərin reallaşmasına, dəvəti
bu gün (dünən - red.) almışam. Dəyərləndirəcəyik və sessiyada Azərbaycan
məsələsinin müzakirəsinin formatı, bizə çıxış etmək imkanı verilib-verilməyəcəyi
və digər məsələlərə diqqət yetirəcəyik. Bu məsələlər dəqiqləşəndən sonra
qərarımızı verəcəyik. Hələ ki getmək fikrindəyəm.
- Dünən “Gündəlik Azərbaycan” qəzeti Əli İnsanovun sizə və Etibar Məmmədova
xitabən “Birləşin, sizi və seçdiyiniz namizədi dəstəkləyəcəyəm” mesajını
göndərdiyi haqda yazı dərc edib. Əli İnsanovdan belə mesaj almamısınız?
- Əli İnsanovdan belə bir mesaj gəlməyib. Əslinə qalsa, mən indiki dövrdə
prezident seçkiləri və namizəd mövzusunu aktual hesab etmirəm. Ona görə də
demokratik düşərgədəki həmkarlarımıza, mətbuatdakı fədakar jurnalistlərə tövsiyə
edərdim ki, prezident seçkiləri və vahid namizəd ideyasını körükləməsinlər.
- Sabiq nazirə 12 il həbs cəzası istənildi. Buna və sabiq nazirin
məhkəməsinin gedişinə münasibətiniz necədir?
- Əli İnsanovu və digərlərini dövlət çevrilişinə cəhd ittihamı ilə həbs
etmişdilər. Amma onları ilyarım həbsdə saxlayandan sonra iqtisadi cinayətlərə
aid maddələrlə ittihamlar irəli sürüldü və məhkəmə də bunun üzərində quruldu.
Ümumilikdə isə mən insanlara bu qədər zülm verilməsinin tərəfdarı deyiləm.
Müasir dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da girov məsələsi
qanunda öz əksini tapıb. Yəni ittiham olunan şəxs müəyyən məbləğdə pulu dövlətin
hesabına keçirməklə, məhkəmə hökmünə qədər azadlıqda ola bilər. Azərbaycan
qanunlarında bu məsələ olsa da hələ bir dəfə də tətbiq olunmayıb. Yəni iqtisadi
və yüngül cinayətlərlə ittiham olunanların girov qoyaraq məhkəmə hökmünə qədər
azadlıqda olması çox düzgün addım olardı. Təklif edərdim ki, vəkillərimiz,
hüquqşünaslarımız bu məsələyə diqqət yetirsinlər. İttiham olunan şəxslər qanunun
verdiyi bu imkandan istifadə etməyə çalışsınlar. Bir dəfə presedent yaransa,
yəqin ki, davamlı olacaq.
Əli İnsanovun məhkəməsinin gedişinə gəldikdə isə, açıq görünür ki, ittiham
olunan tərəfin heç bir vəsatəti yerinə yetirilmədi. Şahid çağırılması və digər
təklifləri qəbul edilmədi. Məhkəmə birtərəfli qaydada aparıldı. Bir çox
prosedurlar pozuldu. Bütün bunlar və ATƏT nümayəndələrinin məhkəmənin
monitorinqini aparması faktı Əli İnsanovun siyasi məhbus kimi tanınması
ehtimalını xeyli artırır.
- Əli İnsanovun hüquqlarını müdafiə edəcəksinizmi?
- Müsavat Partiyası hüququ pozulan hər bir Azərbaycan vətəndaşının hüquqlarını
hər zaman qoruyub. Bundan sonra da qoruyacaq. Siyasi mənsubiyyətindən asılı
olmayaraq, istənilən insanın hüququ qorunmalıdır. Hətta bizə düşmənçilik edən
şəxslərin hüququ pozulursa, buna imkan verilməməlidir. Biz bu məsələdə
prinsipial mövqedən çıxış edirik. Heç vaxt şəxsi maraqları önə keçirməmişik,
qisasçılıq hissindən çıxış etməmişik, etmək niyyətində də deyilik.
- Haqqında danışdığımız məhkəmə prosesində hakimiyyətin ifşasına yönəlik
çoxsaylı bəyanatlar verildi. Sizcə, hüquq normalarını, bir qayda olaraq, ayaq
altına alan hakimiyyət məhkəmənin açıq keçirilməsinə niyə razılıq verdi?
- Hakimiyyət reallıqla görüntülər arasında qalıb. Yenə də Ruminin məşhur sözünü
xatırlamalı oluruq. Ya olduğun kimi görün, ya göründüyün kimi ol. Yəni bu
hakimiyyət də əvvəl-axır ya olduğu kimi görünməyə, ya da demokratik görünmək
istəyirsə, sivil oyun qaydalarına əməl etməli olacaq. Təbii ki, burada xalqın da
mövqeyindən çox şey asılıdır. Hazırda rejim nə olduğu kimi görünə bilir, nə də
göründüyü kimi ola bilir. Ona görə də bu cür situasiyalar yaranır. Hakimiyyətin
absurd addımları da ilk növbədə özünə qarşı çevrilir və çevriləcək.
- Cəmiyyətdə son vaxtlar belə rəy yaranmaqdadır ki, ölkəni idarə edənlər
başqalarıdır. İlham Əliyev sadəcə olaraq son sözü deyir. Doğrudanmı belədir?
- Son söz demək baxımından İlham Əliyev hər şeyə nəzarət edir. Yəni onun son
sözü olmadan prokuror Əli İnsanova 12 il iş istəyə bilməz. İlham Əliyevin son
sözü olmadan Hüseyn Abdullayevi başına çuval keçirib həbs edə bilməzlər. Onun
son sözü olmadan Sirus Təbrizlini YAP-dan çıxara bilməzlər. Son sözün onun
olması qeyd-şərtsizdir. Ancaq son sözü demək imkanı proseslərə tam nəzarət kimi
qiymətləndirilə bilər, ya yox, bu, başqa bir məsələdir. Çünki baş verən
proseslər faktiki olaraq İlham Əliyevin öz maraqlarına cavab vermir. Hər son
sözü dedikcə öz rejimini baltalayırsa, hakimiyyətinin ömrünü gödəldirsə,
hakimiyyətin iflasa gedən yolunu qısaldırsa, bu son sözlər ona kömək etməyəcək.
Əksinə, ciddi problemlər yaradacaq.
- Bir müddət belə təəssürat yaranmışdı ki, İlham Əliyevin Rusiya ilə
münasibətləri soyuqlaşıb. Son bir neçə həftə ərzində isə bunun əksini göstərən
proseslərin şahidi olduq. Necə hesab edirsiniz, İlham Əliyev birmənalı olaraq
seçimini edibmi? O, Rusiyaya daha çox yaxındır, yoxsa Qərbə ?
- İlham Əliyev hər şeydən əvvəl əliyevçidir. O özünə, ailəsinə xidmət edir.
Qərbyönümlü, yaxud rusiyapərəst seçimdən söhbət gedirsə, mənim təəssüratım
belədir ki, o, ürəyi, qəlbi ilə moskvapərəstdir. Ağlıyla, düşüncəsiylə
qərbpərəstdir. Yəni başa düşür ki, onun həyatı, gələcəyi Qərblə bağlı ola bilər.
Lakin ürəyi Moskvaya bağlı olduğu üçün oradan qopa bilmir.
- Hakimiyyət narazılıq edən YAP-çıları təqib yolu ilə susdurmaq yolunu seçib.
Hüseyn Abdullayev həbs edildi, Sirus Təbrizli YAP-dan çıxarıldı və bütün
təbliğat onun əleyhinə yönəldilib. Əli Əlirzayevi qorxudaraq susdurmaq
istəyirlər. Repressiv üsullarla hakimiyyət daxildən yaranmış narazılığı, prosesi
tam dayandıra biləcəkmi?
- Belə bir yolu seçən heç bir avtoritar idarəçiliyin taleyi yaxşı olmur.
Hakimiyyət və YAP daxilində başlanan məlum prosesin qarşısını qorxutmaq və
cəzalandırmaqla ala bilməyəcəklər. Bu mümkün deyil. Artıq yalnız Əli İnsanovun,
Hüseyn Abdullayevin, Sirus Təbrizlinin bəyanatları yox, onlara cavab verən
hakimiyyət nümayəndələrinin cavabları da əslində hakimiyyətin ifşasına yönəlib.
Ona görə də hakimiyyət bilməlidir ki, narazılıq edən hər bir şəxsə verilən
cavab, rejimin özünün ifşasına səbəb olacaq. Hakimiyyət və YAP daxilində
başlanan proses qarşısıalınmaz həddə çatıb və bu böhran getdikcə dərinləşəcək.
- Son vaxtlar “Azadlıq” bloku və ona yaxın olan qəzetlər Müsavat Partiyasını,
onun funksionerlərini hədəfə alıblar. Bu hücumlar nə ilə bağlıdır?
- Çox təəssüf ki, keçmiş müttəfiqlərimiz bu qədər enerji və həvəslə Müsavat
Partiyasına, Müsavatın ayrı-ayrı funksionerlərinə qarşı hücum etməklə
məşğuldurlar. Mən müavinlərimə tövsiyəmi artıq vermişəm ki, bu cür mübahisələrə
son qoymaq lazımdır. Əgər “Azadlıq” bloku Müsavata hücum etməyi çox önəmli hesab
edirsə, bu, onların öz işidir. Bizim tərəfdən heç bir cavaba ehtiyac görmürəm.
Müsavatın mövqeyi həddindən artıq şəffafdır, Azərbaycanın, demokratik qüvvələrin
maraqlarına tam cavab verir. Kifayət qədər də fədakar mövqedir. Biz başqa
partiyalardan fərqli olaraq, Mərkəzi Seçki Komissiyasında təmsil olunmaq
təklifindən imtina etmişik. Başqa partiyalardan fərqli olaraq, biz hakimiyyətin
MSK-nı öz istədiyi şəkildə formalaşdırması cəhdlərinə çox ciddi problem
yaratmışıq. Məhz buna görə seçki komissiyalarının paritet əsasda təşkili ideyası
ən aktual məsələlərdən biri kimi qüvvədədir
- Seçkilərin ədalətli keçməsi üçün əsas şərtlərdən birinin seçki
komissiyalarının paritet əsasda təşkili olduğu məlumdur. Sizcə, bu dəfə pariteti
təmin etmək mümkün olacaqmı?
- Buna nail olmaq mümkündür. Ancaq bunun yollarından biri də demokratik
qüvvələrin hədəfə doğru birgə hərəkət etməsidir. Əsas vəzifə Azərbaycanın
demokratik qüvvələrinin, beynəlxalq birliyin vahid mövqeyini ortaya qoyub
hakimiyyəti paritet komissiyalar ideyasını gerçəkləşdirməyə məcbur eləməkdir.
Hamı mübarizəni bu istiqamətə yönəltməlidir. Paritet məsələsi həll olunmamış,
kimlərinsə öldürülməmiş ayının dərisinin bölünməsinə girişməsi yersiz
məşğuliyyətdir. Mən istəməzdim ki, həmkarlarımız yersiz işlərlə məşğul olsunlar.
- Müxalifət partiyalarının birgə etiraz aksiyalarının zamanı deyilmi?
Bəziləri bu fikirdədirlər ki, bu saat Azərbaycana təşkilatların yox, liderlərin
bir araya gəlməsi lazımdır. Yeri gəlmişkən, Müsavat aprelin 29-na təyin etdiyi
mitinqə hazırlığı necə aparır?
- Biz bir partiya olaraq mitinqlərin kütləvi keçməsi üçün nə mümkündürsə edirik.
Müsavat Partiyası hansı qüvvələrin iştirak edib-etməməsindən asılı olmayaraq,
mübarizəsini aparır və mitinqlər keçirir. Birgə aksiyalar keçirməyin zamanının
çatıb-çatmadığı sualını isə digər siyasi qüvvələrə ünvanlasanız daha məntiqli
olar.
Təcrübə onu göstərir ki, Azərbaycanda çox böyük narazı elektorat var. Narazı
elektorat demokratik qüvvələrin birliyini istəyir. Çünki demokratik qüvvələr bir
yerdə olanda bu elektoratın qərar verməsi asanlaşır. Ancaq təcrübə onu da
göstərir ki, hətta birlik istənilən həddə çatmayanda da narazı elektorat mümkün
namizədlərin birinin üzərində diqqətini cəmləyir. Və əksər səslər həmin namizədə
verilir. Ona görə də mən hətta liderlərin və partiyaların birliyindən daha çox
narazı elektoratın birliyi, bütövlüyü amilinə diqqət yetirməyi daha düzgün hesab
edirəm. O baxımdan da hesab edirəm ki, xalqımız hər zaman düzgün qərarlar
verməyi bacarır və qarşıdan gələn proseslərdə düzgün qərarlar qəbul edəcək.
Yeni Müsavat, 06-07 aprel 2007, Zahid SƏFƏROĞLU, Etibar SEYİDAĞA