"NƏ DİKTATURA VAR, NƏ DEMOKRATİYA”
İsa Qəmbər Sofiyada keçirilən konfransda çıxış etdi

Müsavat Partiyasının başqanı İsa Qəmbər Avropa ölkələrini postsovet məkanında demokratiyanın inkişafında daha fəal rol oynamağa və siyasi və iqtisadi islahatların tezləşməsinə yardım etməyə çağırıb. Dünən Sofiyada Balkan Siyasi Klubunun 10-cu konfransında çıxış edən İsa Qəmbər Avropa İttifaqının Avropa məkanına transformasiyada əhəmiyyətli uğurlar qazanmış Ukrayna və Gürcüstanla fəal əməkdaşlığını “müsbət hal” adlandırıb. Eyni zamanda, o, Qərbin Özbəkistan və Türkmənistanda diktator rejimlərinin, Azərbaycanda və digər ölkələrdə “kvazi demokratiya” qurulmasına göz yummasını “yolverilməz” adlandırıb.

“Azərbaycanda real diktatura yoxdur, amma real demokratiya da yoxdur”, - deyə o qeyd edib. İ.Qəmbərin fikrincə, Azərbaycanda hakimiyyət “demokratiyanın təqlidi” sistemindən istifadə edir, yəni yaxşı, amma işləməyən konstitusiya və qanunlar var, hakimiyyət qollarının real bölgüsü yoxdur, prezident aparatı parlament və məhkəmə orqanlarına nəzarət edir.

Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətindən danışan Müsavat başqanı İ.Qəmbər bildirib ki, bütün telekanallar və qəzetlərin böyük əksəriyyəti hakimiyyətin nəzarəti altındadır. Baxmayaraq ki, QHT-lərin qeydiyyat proseduru yüngülləşdirilib, onlardan əksəriyyəti hakimiyyətin nəzarəti altına düşür.

“Hansı daha yaxşıdır, real diktatura, ya təqlid edilmiş demokratiya”? Bu ritorik sualla müraciət edən İ.Qəmbər qeyd edib ki, demokratik qüvvələr optimist kökləniblər, belə ki, mövcud təqlid edilmiş strukturların real mövcud olan demokratiyaya çevrilməsinə ümid var. Amma bununla yanaşı, Müsavat başqanı artıq Avropa ölkələrinə keçən “təqlid virusunu” təhlükəli adlandırıb. “Qərbin bəzi ölkələrində Şərqi Avropada prosesləri müşahidə edən qurumlar yaranır. Onlar bu ölkələrin təşkil edildiyi haqqında xəyal yaradaraq, demokratiyanın təqlidi ilə razılaşırlar", - deyə İ.Qəmbər bildirib.

Belə proseslərə diaqnoz qoymaq lazımdır, “bunu isə hamıdan yaxşı diktatura və siyasi təqlid yaşamış Balkan ölkələri edə bilərlər", - deyə İsa Qəmbər qeyd edib.

"Turan", 06 oktyabr 2007-ci il