Müsavat Partiyasının BƏYANATI

ABŞ dövlət katibinin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza bu günlərdə gələn il Azərbaycanda və Ermənistanda keçiriləcək prezident seçkiləri ilə bağlı sualı cavablandırarkən deyib: “Biz Azərbaycanda böyük dəyişikliklər olacağını gözləmirik. Ola bilsin ki, prezidentliyə hansısa namizədlər olacaq, ancaq burada vəziyyət aydındır, artıq demək olar, prezident kim olacaq...”.

ABŞ kimi böyük, dünyada demokratiyanın yayılmasını özünün prioriteti elan etmiş bir dövlətin rəsmi nümayəndəsinin dilindən bu cür fikirlərin səslənməsi Azərbaycan cəmiyyətində haqlı olaraq ciddi narazılıq doğurub. Hər bir ölkədə keçirilən seçkilər həmin ölkənin daxili işidir. Böyük demokratik dövlətlərin, beynəlxalq demokratik təşkilatların əsas funksiyası bu seçkilərin azad və ədalətli keçirilməsinə dəstək verməkdən ibarətdir. Lakin cənab M.Brayzanın yuxarıda sitat gətirdiyimiz fikirləri bu çərçivəyə sığmır, faktiki olaraq, ABŞ-ın Azərbaycanda hakimiyyət məsələsinə müdaxiləsi anlamına gəlir. Üstəlik, bu fikirlər onsuz da avtoritar idarəçilik üsullarından bezmiş, dərin ictimai-siyasi və sosial-iqtisadi böhran girdabına yuvarlanmış cəmiyyətdə seçkilərə, demokratik dəyərlərə və azad dünyaya inamsızlıq yaradır.

Müsavat Partiyası M.Brayzanın bu açıqlamasını heç bir siyasi etika normasına sığmayan fakt kimi dəyərləndirir və ABŞ hökumətindən bu məsuliyyətsiz bəyanata münasibət bildirilməsini tələb edir. Biz, habelə, bir daha ölkə ictimaiyyətinə müraciət edərək bildiririk ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və yalnız xalqın ictimai-siyasi proseslərdə fəal iştirakı hakimiyyət məsələsinin həllində əsas rol oynayacaq. Demokratiyanı öz siyasətinin əsas istiqamətlərindən biri hesab edən dövlətlər və beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycan xalqının yanında olmalı, azad və ədalətli seçkilər keçirilməsində ona lazım olan dəstəyi verməlidirlər.

isagambar.az, Bakı, 05.12.2007